Prezident İlham Əliyev ehtiyat fondundan 1,1 milyon manat ayırdı

8 Yanvar 2016 18:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonunun Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 1,1 milyon (bir milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin".

Milli.Az