​İranın Müdafiə Nazirliyindən vacib bəyanat

1 Yanvar 2016 18:27

İranın Müdafiə Nazirliyi müdafiə doktrinası əsasında ölkənin raket proqramını genişləndirməyə hazırdır.

Milli.Az "report"-a istinadən xəbər verir ki, bunu İslam Respublikasının müdafiə naziri, briqada generalı Hüseyn Dehqan prezident Həsən Ruhaninin ölkənin raket gücünün təkmilləşdirilməsi üzrə işlərin davam etdirilməsi və sürətləndirilməsi əmrinə cavab olaraq bildirib.

"Biz ölkə rəhbərliyinin göstərişinə uyğun olaraq İslam Respublikasının raket potensialını artıracağıq. Bunun üçün müdafiə sənayesinin bütün imkanları, həmçinin ölkənin texniki və kadr potensialı cəlb olunacaq", - deyə nazir İRİNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkənin raket potensialının genişləndirilməsi İranın müdafiə prinsiplərinə əsaslanan hərbi doktrinası çərçivəsində baş verəcək. Bununla yanaşı, Dehqan bildirib ki, İranın müdafiə gücü regionda təhlükəsizliyin təminatıdır.
Ötən gün İran prezidenti Həsən Ruhani ölkənin raket proqramının genişləndirilməsi barədə əmr verib. O bu göstərişi ABŞ-ın İrana qarşı növbəti sanksiyalar tətbiq etmək niyyətinə cavab olaraq verib.

Çərşənbə günü ABŞ İranın "İmad" ballistik raketini sınaqdan çıxarmasını bəhanə gətirərək bəyan edib ki, ölkənin Maliyyə Nazirliyi Tehranın raket proqramının inkişafında güman edilən rolunu nəzərə alaraq İran, Honkonq və BƏƏ-də 10-a yaxın şirkət və şəxsi "qara siyahı"ya salıb.

Milli.Az