Cavanşir Quliyev: "Bundan Aygün Kazımovanın xəbəri var" - FOTO

30 Dekabr 2015 22:59

Bəstəkar Cavanşir Quliyev "Sübhün səfiri" filminə bəstələdiyi kompozisiyaya görə mükafat alıb. Bu kompozisiyası ilə o, "Ən yaxşı orijinal musiqi"nin müəllifi olub.  

Milli.Az bildirir ki, dünya kinosunun 120 illik yubileyi münasibətilə "Qızıl pəri" Audiovizual sahə - kino və TV üzrə peşə mükafatının təqdimat mərasiminə qatılmaq üçün Bakıya gələn bəstəkar publika.az-ın "Kokteyl" layihəsinin də qonağı olub.
 
- Cavanşir bəy, əvvəla, mükafat almağınız münasibəti ilə təbrik edirik.
- Təşəkkür edirəm.
 
- Nə vaxta kimi Bakıdasınız?
- Yanvar ayının sonuna kimi.
 
- Deməli yeni ili Bakıda qarşılayacaqsınız?
- Bəli.
 
- Sizin ən gözəl mahnılarınızı Aygün Kazımova ifa edib. Onunla iş birliyiniz hər zaman uğurlu alınıb. Müğənni üçün yeni mahnı yazmağı və onunla yenidən əməkdaşlıq etməyi planlaşdırırsınızmı?
- Planlaşdırıram, sadəcə, mahnıların ərsəyə gəlməsi prosesi bir qədər uzundur. Mahnıların oxunması da fiziki baxımdan çətindir. Bunun üçün Bakıda qalmalıyam. Burada yaşamadığım üçün əməkdaşlığımız hələlik alınmır. Amma yeni əsərlər var, bundan Aygünün özünün də xəbəri var. Yay aylarında vaxtım daha çox olur. Ola bilsin ki, yeni layihələri yay aylarında həyata keçirək.
 
- Bakıda olduğunuz müddətdə onunla görüşəcəksiniz?
- Əlbəttə.
 
- Bakıda yaşamamağınız Aygünlə əməkdaşlığınıza təsir edib, bəs dostluğunuza necə? Dostluq münasibətlərinizi qoruyub saxlaya bilmisiniz?
- Bizim münasibətlərimizi heç nə poza bilməz. Hər şey qaydasındadır.
 
- Belə bir fikir var ki, "Tənhalıq qadın üçün lənət kimidir". Sizin bu mövzuda yazılmış "Tənha qadın" adlı mahnınız da var. Maraqlıdır ki, tənhalıq kişilər üçün nə deməkdir?
- Bir kişi kimi bu mahnıda qadın tənhalığını anladığım qədər təsvir etmişəm. Əksini də qadınlar deyə bilər. Bu sualın cavabını verə bilməyəcəm.
 
- Yəni, tənhalıq sizin üçün heç nə ifadə etmir?
- Sözsüz ki, tənhalıq pis və kədərli duyğudur. Tənhalıq insanı darıxdırır.
 
- Musiqi ayrılıq ağrısını susdura bilir? Onun belə bir gücü var?
- Əgər qadınla kişi arasındakı sevgidən söhbət gedirsə, ayrılıq ağrısını musiqi ilə susdurmaq olmaz. Ayrılıq səbəblərini araşdırıb ortadan qaldırmaq lazımdır. Bu da musiqi ilə əlaqədar deyil.
 
- Müasir Azərbaycan musiqisini necə qiymətləndirirsiniz?
- Müasir Azərbaycan musiqisi haqqında danışmaq üçün onu incələmək, təhlil etmək lazımdır. Mən isə musiqiçilərin çoxunu tanımıram, dəqiq informasiyam yoxdur, ona görə də bir söz desəm, qeyri-obyektiv olardı. Bütövlükdə belə deyə bilərəm ki, son illərdə məni cəlb edən, valeh edən heç nə eşitməmişəm.
 
- Hansı musiqilər sizin zövqünüzə uyğundur? Əsasən, hansı mahnıları dinləyirsiniz?
- Musiqiçi olduğum üçün hər cür mahnı və musiqiləri dinləyirəm. Siyahı çox uzundur. Bu siyahıya tək Azərbaycan musiqisi yox, dünya musiqisi də daxildir.
 
- Bəzi dövrlərdə rok musiqisi təhlükəli hesab edilib, onu dinləmək qadağan olunub. Sizcə, musiqi hansı hallarda təhlükəli ola bilər?
- Yaşlı nəsil rok musiqisini sevmir. Lakin bu, rok musiqinin qadağan olunması anlamına gəlmir. Xüsusi ilə Sovet İttifaqı dövründə rok rəsmi şəkildə qadağan olunmasa da,  hakimiyyət tərəfindən sevilmirdi. Bu da rok musiqisinin birbaşa Amerika həyat tərzini təmsil etməsi ilə bağlıdır. Məlum olduğu kimi bu, SSRİ-də qəbul olunan bir hal deyildi.
 
- Bəstələrinizin əksər faizi kədərli notlarda yazılıb. Bunun səbəbi nədir?
- Bəli, mahnılarımın 80 faizi kədərli musiqilərdir. Bu mahnılar Qarabağ hadisələrindən sonrakı müddətdə yazılıb. Təbii ki, cəmiyyətin problemləri bir insan kimi mənə də təsir edirdi. Bu da özünü yazdığım mahnılarda büruzə verirdi. Müharibədən əvvəlki dövrdə yazılmış mahnılarda isə sizin dediyiniz qəm-qüssə yoxdur.
 
- Karyeranızda böyük uğur qazanmısınız. Şəxsi həyatda da sizi xoşbəxt insan adlandırmaq olar?
- Bədbəxt insan deyiləmsə, deməli, məni xoşbəxt insan adlandırmaq olar. Hər bir insan həyatını istədiyi kimi qurur. Mən də həyatımı istədiyim kimi yaşamışam, xoşbəxt anlarım çox olub.
 
- Nəyin həsrətini və peşmançılığını çəkirsiniz?
- (Susur) Uzaqdan olanda vətənimin həsrətini çəkirəm. Amma heç nəyə görə peşman deyiləm.

Milli.Az