"İşə yaramayan tibb çantaları"... REPORTAJ - VİDEO

30 Dekabr 2015 19:32

TTV (Region TV) xəbər verir ki, nəqliyyat vasitələrində yerləşdirilməsi zəruri olan dərman qutuları ilə bağlı İnzibati Xətalar Məcəlləsində də xüsusi maddə var. Amma gəlin etiraf edək ki, bəzilərimiz qanunun bu tələbinə riayət etmirik. Bəs niyə kimisə xilas etmək imkanımız ola-ola bu vasitələrdən istifadə etmirik? Əminik ki, süjetimizə baxandan sonra bir daha fikirləşəcək və "apteçka" kimi tanıdığımız bu qutuları avtomobildən əskik etməyəcəyik.

Ölkəmizin avtomobil yollarında az qala hər gün yol qəzaları baş verir. Nə qədər acı olsa da qəzalar zamanı insan itkisi də olur. Qəzaların araşdırılması zamanı üzə çıxan nəticələrdən biri də odur ki, avtomobillərin çoxunda hadisə baş verən anda ilkin yardım göstərmək üçün lazım olan tibbi yardım çantaları, demək olar ki, tapılmır. Sürücülər bir çox hallarda buna önəm vermirlər. Halbuki, təcili tibbi yardım maşını qəza yerinə çatana  kimi müəyyən bir vaxt keçir. Həmin vaxt ərzində ilkin yardım göstərməklə qəzada yaralanan şəxsin həyatını xilas etmək olar. Təəssüfedici haldır ki, bəzi sürücülərimiz heç tibb çantasının nə olduğunu belə bilmirlər. Bəzi sürücülərimiz isə tibb çantalarının avtomobildə olmadığı bir yana, hətta bizə kinayə ilə də cavab verdilər. Bəziləri isə tibb çantalarının olduğunu desələr də, avtomobillərini ələk-vələk etsələr də, axtardıqlarını tapa bilmədilər. Sürücülərdən eləsi var idi ki, tibb çantalarını evlərində saxladıqlarını dedilər. Yol hərəkəti ilə bağlı qanunvericiliyə əsasən, nəqliyyat vasitələrində tibb çantasının olması məcburidir. Ancaq avtobuslar da daxil olmaqla nə taksilərdə, nə də bir çox minik avtomobillərində bu tələbə riayət olunur. Sərnişinlər isə avtomobillərdə tibb çantasının olmasını arzulayırlar. Tibb çantasının olmamasına görə sürücülər yol polisi əməkdaşları tərəfindən cərimələnirlər. Bu məqsədlə reydlər keçirilir, inzibati protokollar tərtib olunur. Bəlkə də elə cərimə miqdarının azlığı səbəbindən sürücülər tibb çantalarına əhəmiyyət vermirlər. Ancaq sürücülər unutmamalıdırlar ki, heç kim yol qəzalarından sığortalanmayıb. Qiyməti 5 manat olan bir çanta ilə bir insan həyatı xilas edə bilərsiniz. Odur ki, tibb çantanızı avtomobilinizdən əksik etməyin.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: