Ruslar Əhməd Ələsgərovu unutmadılar

30 Dekabr 2015 16:41

Rusiya mətbuatı 2015-ci ildə vəfat edən məşhur futbol adamları ilə bağlı yazı dərc edib.
 
Publika.az xəbər verir ki, yazıda Azərbaycan nümayəndəsi də yad edilib.
 
Bu ilin may ayında dünyasını dəyişən Azərbaycan futbol tarixinin ən güclü məşqçilərindən olmuş Əhməd Ələsgərov vəfat edən məşhurlar arasında göstərilib. Rusiyalı həmkarlarımız onun xoş xatirələrlə yaddaşlarda qaldığını, yaşadığı müddətdə pozitiv göründüyünü qeyd ediblər.
 
Ukrayna, Moldova, Tacikistan və Azərbaycanda çalışdığını vurğulayan ruslar Əhməd Ələsgərovun "Neftçi" və "Çernomorets"ə tarixinin ilk medalını qazandırdığını da əlavə ediblər. 1966-cı ildə "Neftçi", 1974-cü ildə isə "Çernomorets" SSRİ çempionatının bürünc medalını məhz onun rəhbərliyi altında qazanıb. Əhməd Ələsgərov 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), "Pamir" (Tacikistan: 1972), "Çernomorets" (Ukrayna: 1973-1977), "Araz" (1979), "Nistru" (Moldova: 1988-1989) və "Şerif" (Moldova: 1997-1998) komandalarını çalışdırıb. O, Azərbaycan, Ukrayna və Tacikistanın əməkdar məşqçisi adına layiq görülüb. 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya gələn Əhməd Ələsgərov bu il mayın 19-da Odessa şəhərində vəfat edib.
 
Junior Malanda (Belçika: 28.08.1994 - 10.01.2015), Vladimir Kesarev (Rusiya: 26.02.1930 - 19.01.2015), Udo Lattek (Almaniya: 16.01.1935 - 01.02.2015), Mixail Koman (Ukrayna: 01.04.1928 - 21.02.2015), Qreqori Mertens (Belçika: 02.02.1991 - 30.04.2015), Zito (Braziliya: 08.08.1932 - 14.06.2015), Yozef Masopust (Çexiya: 09.02.1931 - 29.06.2015), Dittmar Kramer (Almaniya: 04.04.1925 - 17.09.2015), Sergey Filippenkov (Rusiya: 02.08.1971 - 15.10.2015) və Vadim Tişenko (Ukrayna, 24.03.1963 - 14.12.2015) da 2015-ci ildə vəfat edən məşhur futbol adamları arasında göstərilib.
 
Almaniyalı Dittmar Kramer bu siyahının ən yaşlısı, belçikalı Junior Malanda isə ən gənci olub. Belə ki, Kramer 90, Malanda isə 21 yaşında dünyasını dəyişib.

Milli.Az