"800 manata yolka olar, a kişi?!" - FOTO

29 Dekabr 2015 12:35

Bayram yaxınlaşdıqca Yeni il aksesuarları satan mağazalarda insan sıxlığı müşahidə olunur.

Devalvasiyadan sonra həmin mağazalara baş çəkənlərin çoxu sadəcə qiymətləri öyrənməklə kifayətlənsə də, evində ən böyük yolkanı qurmaq üçün yarışa girənlər də az deyil. Ancaq bu onlara elə də asan başa gəlmir.

"Qafqazinfo" şəhərin müxtəlif yerlərindəki mağazalarda olub və qiymətlərlə maraqlanıb. Belə ki, metro çıxışlarında qurulan Yeni il çadırlarında yolka qiymətləri ölçüsünə və konstruksiyasına görə 7-100 manat aralığında dəyişsə də, tanınmış mağazalarda bu rəqəmlər endirimli qiymətlərlə 800-900, adi halda isə 1500 manata kimi qalxır. Digər mağazalarda da qiymətlər təqribən 100-300 manat arasında dəyişir.

Sosial şəbəkələrdə də xeyli müzakirələrə səbəb olan mağazalara biz də baş çəkdik. Qiymətlər endirimli olsa da, el deyimi ilə "ceyran belində" idi. Belə ki, işıqlı yolka oyuncaqlarsız əvvəl 1125 manat, endirimli qiymətlə isə 844 manata satılır. Siz 100 manat ödəməklə onun fırlanması üçün aparat, bir ədədi 10-20 manat arası dəyişən oyuncaqlar ala bilərsiz. Ümumilikdə bir yolka ağacı üçün 1000 manatdan çox pulunuz çıxacaq.

Sakinlər də qiymətlərdən narazı idilər:

"Uşaqlar evdə israrla yolka ağacı quraq dedilər. Mən də gəlmişəm bura, normal ölçülü bir yolka axtarıram. Ancaq bəyəndiklərimin qiymətini öyrənəndə dilim uçuqlayır. Bir aylıq maaşım heç o qədər deyil, 800 manata da yolka olar, a kişi?! Heç 100 manatlığını da ala bilmirəm, bunun hələ bayram alış-verişi var. Yəqin ki, metro çıxışından bir 20-30 manatlığını alaram, heç olmasa uşaqların arzusu ürəyində qalmasın".

Bahalaşma hər zaman olduğu kimi daha çox şəhərin mərkəz hissələrində gözə çarpır. Mağazaların isə standart bir açıqlaması var: keyfiyyət eyni olmadığı kimi, qiymətlər də eyni ola bilməz. Keyfiyyət demişkən, siz mağazada eyni ölçülü müxtəlif qiymətlərdə yolka ağacı tapa bilərsiniz. Məsələn, hündürlüyü 3.20 m olan yolka ağacı keyfiyyətinə görə 250 manata da var, 1270 manata da.

Regionlarda isə qiymətlər daha münasibdir. Belə ki, hündürlüyü 0.6 m olan yolka 4 manata, 1 m 6 manata, digərləri isə 25-50 manata təklif olunur.

Milli.Az