QHT-lərin üzləşdiyi bir sıra ciddi problemlərin həllinə başlanılıb - FOTO

28 Dekabr 2015 19:24

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədri, millət vəkili Azay Quliyev iclasın gündəliyinə rəhbərlik etdiyi qurumun 2015-ci ildəki fəaliyyəti və Şuranın "Hüquq və monitorinq" Komissiyasının hesabatının müzakirəsini təklif edib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın bütün strukturlarının 2015-ci il ərzində məhsuldar çalışdığını və üzərilərinə düşən işi uğurla yerinə yetirdiyini deyib. F.Qurbanov Şuranın media orqanlarının cari ildə də QHT-lərə məlumat dəstəyi verdiyini qeyd edib. Eyni zamanda Şuranın QHT-lərə konsultativ dəstəyinin davam etdirildiyini vurğulayan icraçı direktor yalnız son bir ayda müxtəlif mövzular üzrə 7 təlimin təşkil olunduğunu bildirib.

24 aprel və 23 sentyabr 2015-ci il tarixlərində Şuranın Apellyasiya Komissiyası 13 QHT-nin müraciətinə baxaraq müvafiq qərar qəbul edib. Şuranın elektron və çap karküzarlıq işində də cari ildə bir sıra yeniliklər tətbiq olunub. F.Qurbanov 2016-cı il yanvarın 15-də Şuranın 2015-ci ildəki fəaliyyəti ilə bağlı ictimaiyyətə geniş hesabatın təqdim olunacağını bildirib.

Şura üzvü Əliməmməd Nuriyev rəhbərlik etdiyi "Hüquq və monitorinq" Komissiyasının QHT-lərin fəaliyyətində ortaya çıxan məsələlərin həllinə yardımçı olmaq, QHT qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı təşkilatlara zəruri hüquqi yardım göstərmək məqsədilə Ədliyyə Nazirliyi, Mərkəzi Bank, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Fransanın ölkəmizdəki səfirlikləri, Fridrix Nauman Fondu, Açıq Cəmiyyət İnstitutu və bir çox başqa dövlət qurumları və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiklərini qeyd edib: "Komissiyanın fəaliyyəti müddətində 9 QHT-nin nümayəndələrinin sərhəd-buraxılış məntəqələrində əlavə yoxlamaları aradan qaldırılıb, 10 QHT-yə xarici donorlardan alınan qrant müqavilələrinin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi təmin edilib, 1 QHT-yə qarşı qaldırılmış cinayət işi dayandırılıb, 7 QHT-nin bank hesabından həbs götürülüb. Eyni zamanda bir çox QHT-lərlə bağlı vergi yoxlamaları əsasən dayandırılıb. Bundan başqa, 1 beynəlxalq təşkilatın fəaliyyətinin tam təmin olunmasına yardım edilib. 6 beynəlxalq qurumla Şura arasında anlaşma memorandumunun imzalanması üçün hazırlıq işləri başa çatdırılıb. Komissiya növbəti ildə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək".

İclasda gündəlikdəki məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli.Az