"Azərbaycan" İntellektual Oyunlar Klubu ilə yekun vurdu - FOTO

28 Dekabr 2015 16:49

2015-ci il "Azərbaycan" İntellektual Oyunlar Klubu üçün olduqca məhsuldar bir il olmuşdur. Belə ki, müxtəlif mövzulu intellektual turnirlər, həm Azərbaycan, həm rus dillərində keçirilən premyer liqa və sinxron çempionatlar, regionlarda keçirilən turnirlər, Klubun tərəfdaşı olduğu layihələr eyni zamanda yeni əməkdaşlıq və ən əsası, klubda yeni bir istiqamətin - məktəbli çempionatının açılması ilə yaddaşlarda qaldı.

Gəlin məhsuldar ilə daha yaxından nəzər salaq:

İlk öncə regional tədbirlər start götürdü. "Zəka" İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? formatında Şəmkir şəhər birinciliyi baş tutdu. May ayında yenidən Şəmkir şəhərində qərb bölgəsini əhatə edən 8 rayonun iştirakı ilə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun dəstəyilə "Ekoloji İntellektual Qərb Birinciliyi" Layihəsi keçirildi. Yay aylarında Gəncə şəhərində "Odlar Yurdu" Gənclər İctimai Birliyi ilə 28 May Respublika Günü ərəfəsində 30 komandanın iştirakı ilə bilik yarışı təşkil olundu. Bu yarışdan sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalandı. Sentyabr ayında isə Bilik Günü münasibətilə Gəncə Dövlət Universitetinin tələbələri arasında növbəti yarış keçirildi.
2015-ci ilin oktyabr ayından etibarən isə Bakı şəhərində yerləşən məktəblər arasında intellekt yarışı start götürdü. İlk mərhələ olaraq 5 rayonu əhatə edən məktəblər qatılsa da yarışın növbəti ildən genişlənməsi nəzərdə tutulur.

Bu ilin aprel-iyun ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun tərəfdaşlığı ilə "Parlaq Zəka" oyunu üzrə 1-ci məktəbli çempionatı keçirildi. "Parlaq Zəka" intellekt şousunun idman versiyası üzrə məktəblər komanda şəklində yarışdılar. Çempionat Bakının Xətai, Nəsimi, Yasamal, Binəqədi, Pirallahı rayonlarını təmsil edən məktəbləri əhatə etdi.

2014-2015-ci il oyun mövsümünə Klub hər iki dildə keçirilən sinxron və premyer liqa qaliblərinin mükafatlandırma mərasimləri və super final oyunu ilə yekun vurdu.
Nə? Harada? Nə Zaman? üzrə keçirilən ilk iki çempionatın qalibi "HİT" komandası olsa da mövsümdə liderliyi "Revolver" komandası əldə etdi. İkinci yerə "Hərum", 3-cü yerə isə "HİT" komandası sahibləndi.

Rus dilində keçirilən premyer liqanın qalibləri - 1-ci yer "Nevada", 2-ci yer "Лига Справедливости", 3-cü yer "Who run the world" komandaları oldu.
Klubun intellektuallarının təşəbbüsü ilə də bir neçə yaddaqalan turnir keçirildi. Belə ki,
ilin əvvəlində 36 sualdan ibarət Nə? Harada? Nə zaman? formatında Gryfindor komandasının təşkilatçılığı ilə Dostluq Kuboku keçirildi. Bu oyun zamanı klubun komandaları arasında bölgü adət etdikləri kimi yox, münsiflər və sual müəllifləri tərəfindən püşkatma yolu ilə müəyyən olundu. Daha sonra 2 kino mövzulu turnir, Neftçilər Gününə həsr olunmuş turnir və daha bir neçə müxtəlif mövzulu turnirlərdə intellektuallar öz biliklərini sınadılar.

Aprel ayında Klubun təşkilati dəstəyilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçilən "Herodot Kuboku" intellektual yarışının qalibləri mükafatlandırılıblar.

Bu il "Azərbaycan" İntellektual Oyunlar Klubu ilə paralel olaraq "Parlaq Zəka" intellekt şousu üçün də yaddaqalan olub. Belə ki, ikinci mövsümə yekun vuran veriliş yeni çəkiliş mövsümünə start verib. Bəxtiyar Vahabzadə, Şərq döyüş növləri, 19-cu əsr Azərbaycan ədəbiyyatı, Leonardo da Vinçi, İxtiraçılar, Azərbaycan etnosları, Azərbaycan bəstəkarları kimi mövzularla tamaşaçıların görüşünə gələn veriliş hal-hazırda 3-cü mövsümün növbəti çəkilişlərinə hazırlaşır.

Bu ilin avqust ayında finalı baş tutan ikinci çəkiliş mövsümünün qalibləri bəlli oldu. Belə ki, üçüncü yerin və 20 000 manat təhsil haqqının sahibi Bakı Dövlət Universitetinin tələbəsi Anar İsmayılov, ikinci yerin və 30 000 manat təhsil haqqının sahibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Fəridə İbrahimli, birinci yerin və 40 000 manat təhsil haqqının sahibi Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Elgün Abdurrahmanov oldu.

Qeyd edək ki, veriliş üçün bu il əlamətdar hadisə baş vermişdir. İlk qalib sentyabr ayında təhsil almaq üçün yola düşmüşdür. Belə ki, birinci mövsümün 2-ci yerin qalibi olaraq 30 000 AZN təhsil haqqını qazanmış Mirəziz Əzizli artıq İngiltərədə təhsil alır.

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az-dır.