Kişilər üçün "şparqalka": qadınların nə istədiyini bilirsinizmi?
7 Mart 2011 09:00
Dünya bina olandan kişilərin bir zəif nöqtəsi var - qadınlar.
Qadın kimi üçün sevgili, kimi üçün övladının anası, kimi üçün ana, kimi üçün isə övladdır. Həyatda elə bir kişi tapılmaz ki, onun həyatında qadın olmasın və o, qadından şikayət etməsin. Belə bir deyim var: "Kişinin qəlbinə gedən yol onun mədəsindən keçir".
Görəsən, kişilərə maraqlıdırmı, bəs qadının qəlbinə gedən yolu necə
tapmaq olar?
Kişilər üçün həmişə bir sual aktual olub - axı bu qadınlar nə istəyir?
Milli.Az xəbər portalı bu suala cavab tapmaq üçün qadınlar arasında bir sorğu aparıb. Bu dəfə hara, nə üçün cavab verdiklərini bilməyən xanımlar, necə deyərlər, ürəklərini boşaldıblar. Kişilərdən nə istədiklərini, nə gözlədiklərini hərə müxtəlif cür izah edir, amma maraqlıdır ki, xanımların düşüncələrində bir çox ortaq nöqtələr tapıldı. Xanımların fikir və rəylərindən yaranan ümumi qənaətlərimizi bölüşməyə çalışaq.
Qadınlar nə istəyir?
Sual mürəkkəb görünürsə də, cavabı sadədir. Qadının ürəyini əldə etməyin əsas yolu ona diqqət, qayğı göstərmək və ona kişi üçün nə qədər dəyərli olduğunu hiss etdirməkdir. Qadına "Mən səni sevirəm", "Sən mənim üçün çox dəyərlisən" sözlərini deməkdən çəkinməyin. Sizə bayağı görünə bilər, o zaman uyğun bildiyiniz şəkildə sevginizi etiraf edib, onun beyninə həkk etdirin. Sözsüz ki, qədərində. Münasibətlərdə heç nəyin "şitini" çıxarmaq olmaz.
Sizdən inciyəndə və ya kefi olmayanda xanımınıza dünyada ən gözəl qadın olduğunu deyin. Çünki qadınlar üçün, gözəl olduqlarını düşünmək, bunu kişinin dilindən eşitmək qədər sevincli ikinci hiss yoxdur.
Adətən, kişilər sevdikləri xanımla təklikdə olmağı və ona sevgilərini üzbəüz izhar etməyi üstün tuturlar. Ancaq bu, belə deyil. Çünki xanımlar kişidən sevgi və qayğı ilə yanaşı, həm də cəsarət tələb edirlər. Kişilər üçün bağlı məkanda ideal sayılan görüş xanımlar üçün darıxdırıcı və mənasız görünə bilər. Hətta belə görüşlər qadında şübhələr yarada bilər. Bu tip görüşlər davam etdikcə qadın kişidən soyuyur və uzaqlaşır. Amma görüşü ictimai bir yerdə etsəniz, qadının yaddaşında daha çox xatirələr yaratmış olarsınız. Həm də bu, o deməkdir ki, siz onun varlığını danmırsız, heç kimdən gizlətmir və gizlənmirsiniz, çəkinib-qorxacağınız, ehtiyat edəcəyiniz heç nə yoxdur.
Təbiidir ki, ac qarnına sevgi olmur, amma yenə də romantika sevgililər arasında vazkeçilməz istəkdir. Qadınların əksəriyyəti (xüsusilə gənc qızlar) sevdiyi insanla görüşəndə əl-ələ tutub gəzməyi çox xoşlayırlar. Sevdiyiniz qadının sol əlindən tutun və əlini bir az sığallayın. Bu, ona sevginizi hiss etdirəcək və nəvazişləndiyi üçün özünü xoşbəxt hiss edəcək.
Qadınlar onların üzünü güldürən kişiləri çox sevirlər. Odur ki, əgər bir qadınla bir yerdəsinizsə, onun qəlbini oxşamağa çalışın. Heç gözləmədiyi halda onunla zarafat edin və güldürməyi bacardığınız zaman ona gülüşünün çox gözəl olduğunu, ona yaraşdığını deyin. Əmin ola bilərsiniz, bu, onun çox xoşuna gələcək. Amma zarafat edərkən yersiz hərəkətlərdən və intim mövzulu, yaxud dəxlisiz zarafatlardan uzaq olmaq lazımdır. Çünki bu tip zarafatlar əksinə, kişini qadının gözündən salar.
Kişilərdən fərqli olaraq qadınlar sürprizləri çox sevirlər. Sevimli xanımın qəlbini ələ almaq üçün ona ara-sıra sürprizlər etmək lazımdır. Bunun üçün elə də böyük maddi vəsait tələb olunmur. Əgər qadın işləyirsə və ya təhsil alırsa, bir gün ona demədən bir qızıl güllə onu qarşılamaq kifayət edər. Sürpriz qadının xoşuna gələr, həm də ona dəyər verilməsinin əlaməti olar.
Qadınların zəif nöqtələrindən biri də kürəklərindədir. Belə bir deyim var, qadınlar körpə uşaq kimidir. Necə ki, körpə uşaq özünü narahat hiss edəndə onun kürəyini sığallayıb sakitləşdirirlər, qadınlarda da bu variant sakitləşdirmək üçün çox işə yarayır. Əgər qadın əsəbiləşibsə və ya narahatdırsa, onu sakitləşdirmək istəyirsinizsə, bunun üçün ən ideal yol onun kürəyinə sığal-tumaq çəkməkdir. Hər hansısa masaj hərəkətləri və. s ehtiyac yoxdur. Sadəcə onu qucaqlamaq və sığallamaq kifayətdir.
Kişilər kimi qadınlar da öpüşməyi çox sevirlər. Amma qadınların kişilərdən bir fərqi var. Kişilər öpüşərkən ehtiras, qadınlar isə sevgi hisslərini yaşamağı çox sevirlər.
Qadınlar kişilər tərəfdən gözlənilməz hərəkətlər edilməsini xoşlayırlar, amma təbii ki, onların xoşuna gələcək hərəkətləri. Heç kəsin olmadığı bir ictimai məkanda qadın gözləmədiyi halda öpülürsə, o, buna etiraz etsə də, çox xoşuna gələcək. Bu hərəkət onun həm sevgisini, həm də ehtirasını daha da artıracaq. Heç bir qadın ictimaiyyət arasında, hər hansı məclisdə ərinin ona diqqət göstərməsinə, qulluq etməsinə, onu nə qədər çox sevdiyini nümayiş etdirməsinə... "yox" deməz.
Qadınlar maşında gəzdirilməyi çox sevirlər. Amma heç vaxt kişi maşına nə qədər dəyər verdiyini qadına deməməlidir. Çünki, bu, qadında narahatlıq və qısqanclıq yaradır.
Fəsildən aslı olmayaraq, gəzinti yeri dəniz kənarı olsa yaxşıdır. Qadınlar maşınla dəniz kənarında gəzməyi sevirlər. Qadına maşın sürməyi öyrətmək onların çox xoşuna gələr.
Kişilər həmişə öyünürlər ki, ən dadlı yeməkləri onlar bişirirlər, ən mahir aşbazlar məhz kişilər olur. Qadınlar isə bununla razılaşmırlar. Ancaq qadına görə həyat yoldaşının məhz onun üçün hazırladığı yeməkdən daha gözəl hədiyyə yoxdur. Qadına səhər yeməyi hazırlayıb yatağına aparmaq, onun heç vaxt yadından çıxmayacaq bir sürpriz olardı.
Qısqanclıq sevgi rəmzidir. Kişi həmişə sevdiyi qadını qısqanır və bu, qadınları nə qədər narahat etsə də, bir o qədər də xoşlarına gəlir. Qadını qısqananda qüruru üstün tutub bunu gizlətmək olmaz. Çünki sevgidə qürur olmaz və xoşbəxt sevgi yaşamaq üçün qüruru unutmaq lazımdır. Qadın qısqanıldığını hiss edəndə bu onun çox xoşuna gəlir və kişi tərəfindən ona olan sevginin saf olduğuna daha çox inanır. Amma qısqanclığı dərəcəsində yaşamaq və hiss etdirmək lazımdır. Çünki yersiz qısqanclıq sevgini məhv edir, bezdirir, insanı sevdiyinin gözündən salır. Əgər sevdiyiniz qadını konkret olaraq hansısa kişiyə qısqanırsınızsa, bunu heç vaxt ona hiss etdirməyin. Amma sevdiyiniz qadını sevindirmək üçün onu hər gün baxdığı güzgüdən, başını qoyub yatdığı yastığına, gündəlik istifadə etdiyi mobil telefonuna qısqandığınızı deyin...
Bəli, belə cümlələr qurmaq, fikrini lirik-sentimental notlarla ifadə etmək sizə çox primitiv və mənasız görünə bilər. Bəziləriniz buna gülə də bilərsiniz. Amma nəzərə alın ki, qadın ürəyi yuxa kimidir, qulaqları ilə sevir və romantizmə çox meyllidir. Qadının ürəyindəki buzları əridə bilmək üçün bu sözlər qızmar günəş şuası effektini verə bilər. Beləliklə, siz qadının gözündə romantik sevgili obrazı yaradacaqsınız. Qadınlar axı romantik kişiləri çox sevirlər...
Kişilər və qadınlar nə qədər fərqli olsalar da, onları birləşdirən bir məhfum var - seks. Çünki həm kişilər, həm də qadınlar sekslə məşgul olmağı çox sevirlər. Qadın üçün əsas olan bir şey var, nə olursa olsun, ancaq sevdiyi kişinin qollarında həzz yaşamaq və sevdiyi kişini başqa qadınlara yaxın buraxmamaq.
Əgər qadın ya səhətinə, ya da yorğun olduğuna, yaxud hər hansı səbəbə görə ehtiras yaşamaq istəmirsə, onu məcbur etmək olmaz. Çünki belə halda kişi gözdən düşə bilər. Bunun əvəzində onun nazını çəkmək, tumarlamaq daha effektli olardı. Bu halda qadının əhvalı düzələr və özü sevişmək təklif edə bilər. Bir də unutmaq olmaz ki, qadınlar musiqi sədaları altında sevişməyə üstünlük verirlər. Sevişmədən sonra isə birgə düş ən uğurlu seçimdir.
Fransada "Qadınlarsız həyat necə olardı?" adlı dünyaca məşhur kitab işıq üzü görmüşdu və həmin kitabın bütün səhifələri ağ idi. Çünki bu dünyada qadınlarsız həyat yoxdur. Odur ki, əziz kişilərimiz qadınların qədrini bilməli və onlarla sevdikləri, razı qaldıqları kimi davranmalıdırlar.
Və sonda... sabah onları təbrik etməyi unutmayın!...
Nura
Milli.Az