İtalyan qızılının 1 qramı 20, rus qızılının 1 qramı isə 16 dollar müəyyənləşdirilib. Son aylarda banklar tərəfindən girovsuz kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsi vətəndaşların qızıl və zinət əşyalarını girov qoyaraq kredit götürməyə sövq edir. Lakin sözügedən sahədəki mövcud durum vətəndaşların ciddi narazılığına səbəb olur. Vətəndaşlardan girov götürülmüş qızıl və zinət əşyalarının dəyərinin düzgün qiymətləndirilməməsi, onların qiymətlərinin real bazar qiymətlərindən təxminən iki dəfə və daha artıq aşağı olması, brilyant və digər zinət əşyalarının qiymətlərinin qızılın qiyməti ilə eyni götürülməsi və sair ictimai narazılığı artırmaqdadır. Hətta bəzi lombardlar tərəfindən vətəndaşlara xəbərdarlıq edilmədən girov qoyulmuş qızıl və zinət əşyalarının satılması və pullarının mənimsənilməsi hallarının artması da lombardlar və girov qoyanlar arasında münaqişə və mübahisə hallarının artması ilə nəticələnir. Apardığımız araşdırmalara görə, hazırda banklar və lombardlar tərəfindən italyan qızılının 1 qramı 20, rus qızılının bir qramı isə 16 dollar qiymətləndirilir.
Sözügedən problemlərlə bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı-ekspert Samir Əliyev "Həftə içi"nə əvvəlcə bildirir ki, son günlərdə dünya bazarında qızılın qiymətində yenidən ucuzlaşma müşahidə edilir.
Milli.Az hafta.az-a istinadən bildirir ki, onun dediyinə görə, bu ilin əvvəlində qızılın bir unsiyasının qiyməti 1200 dollar olduğu halda, hazırda bu qiymət 1068 dollardır. Onun dediyinə görə, bu il ərzində qiymətlər kəskin şəkildə dəyişdi. Qızılın gah bahalaşması, gah da ucuzlaşması halları dünya bazarında sabitliyə ciddi zərbə vurdu: "Dünya bazarında dolların bahalaşması qızılın ucuzlaşmasını sürətləndirməkdədir. Ucuzlaşma həmçinin qızıla olan tələbatın azalması ilə bağlıdır. Azərbaycan qızıl idxal etdiyi üçün dünya bazarında baş verən proseslər ölkəmizdə də qızılın alqı-satqı qiymətlərinə öz təsirini göstərir. Bununla əlaqədar apardığım müşahidələrə əsasən deyə bilərəm ki, əvvəlki illərlə müqayisədə cari ildə qızıla olan tələbat həddən artıq azalıb. Bu da əhalinin gəlirlərinin və ailələrin gəlirlilik səviyyəsinin azalması ilə birbaşa əlaqəlidir".
Lombardların fəaliyyətinə nəzarət edən dövlət qurumu yoxdur
İqtisadçı-ekspert vurğulayır ki, lombardların fəaliyyəti ilə bağlı ictimai narazılıq və narahatlıq uzun illərdir mövcuddur və bu proses gələcəkdə də davam edəcək. Banklara Azərbaycan Mərkəzi Bankı, sığorta şirkətlərinə Maliyyə Nazirliyi nəzarət etdiyi halda, lombardların fəaliyyətinə nəzarət edəcək hər hansı dövlət qurumu yoxdur: "Digər tərəfdən, lombardların fəaliyyəti ilə bağlı konkret standartlar olmadığı üçün, onlar özlərinin istədikləri formada fəaliyyət göstərirlər. Lombardlar vətəndaşların girov qoyduqları qızıl və zinət əşyalarının qiymətləndirməsini özlərinə məxsus qaydada həyata keçirirlər. Girov qoyulan qızıl və zinət əşyalarının qiymətləndirilməsinin müstəqil qiymətləndiricilər tərəfindən aparılması əsas şərt olsa da, lombardlar bu prosesin aparılmasını özlərinə yaxın olan qiymətləndiricilərə həvalə edirlər. Bu səbəbdən də vətəndaşların girovları çox aşağı səviyyədə qiymətləndirilir. Bu zaman girov qoyanların deyil, lombardların mənafeləri güdülür. Qiymətləndiricilər qızıl və zinət əşyalarını real bazar qiymətlərindən xeyli az, bəzən də 50 faiz aşağı götürməklə lombardların marağına xidmət edən məzənnə müəyyənləşdirirlər. Məsələn, 1000 manatlıq qızıl ən yaxşı halda 500 manat dəyərində qiymətləndirilir".
Mütəxəssis qeyd edir ki, lombardların fəaliyyətində müşahidə edilən digər neqativ hallardan biri də girovun saxlanılması ilə bağlıdır. Onun dediyinə görə, bəzi hallarda lombardlara girov verilmiş qızıl və zinət əşyaları ya zədələnir, ya da keyfiyyətini itirir. Bu da lombardlarla vətəndaşlar arasında mübahisələrin yaranması ilə nəticələnir: "Qızıl və zinət əşyalarının ciddi şəkildə mühafizəsinə və onların keyfiyyətinin qorunmasına tam zəmanət olmadığı üçün lombardlar öz işlərinə məsuliyyətsiz yanaşırlar. Bəzən də lombardların öz ünvanlarını tez-tez dəyişməsi də girov qoyan vətəndaşların narazılığını artırır. Girov qoyulan əşyaların geri alınmasında da müəyyən problemlər yaşanır və sair. Bütün bunlar isə girov qoyanların hüquqlarının kobud şəkildə pozulması deməkdir".
Normativ standartlar hazırlanmalıdır
Lombardlar tərəfindən brilyantla digər zinət əşyalarının qızılla eyni qiymətə götürülməsi məsələsinə gəlincə, iqtisadçı-ekspert deyir ki, bunu ciddi qanun pozuntusu kimi qəbul edir. Onun sözlərinə görə, lombardların fəaliyyətləri qanunvericiliklə tənzimlənmədiyi üçün onlar girov qoyulan əşyaların hamısını eyni qiymətlə müəyyənləşdirirlər: "Lombardların fəaliyyətini tənzimləyən qanunvericilik aktları olmadığından hər kəs bu sahə ilə məşğul ola bilər. Ancaq halbuki kredit təşkilatı formasında fəaliyyət göstərdiyi üçün lombardların fəaliyyəti mütləq lisenziyalaşdırılmalıdır. Lisenziyalar verildikdən sonra lombardlıq fəaliyyətinə nəzarət birbaşa Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilməlidir. Bundan əlavə, lombardların fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlər və standartlar hazırlanmalıdır. Həmin normativlərdə hansı əmlakların girov götürülə biləcəyi, girovların saxlanma yerləri və qaydaları, girov qoyulmuş əmlakların qiymətləndirilməsinin hansı formada və kimlər tərəfindən aparıla biləcəyi və digər məsələlər öz əksini tapmalıdır. Yalnız belə olan halda lombardlar zinət əşyalarının hamısını eyni qiymətlə qiymətləndirməz və digər ədalətsiz yanaşmalara son qoyular".
Lombardlar tərəfindən vətəndaşlara xəbərdarlıq edilmədən onların girov qoyduqları əşyaların satılması ilə bağlı halların artdığını da diqqətimizə çatdıran Samir Əliyev bunu da qanunvericilik aktlarının olmaması ilə əlaqələndirir. Onun dediyinə görə, lombardlardan fərqli olaraq banklar verilmiş kreditlər və onların faizləri vaxtlı-vaxtında ödənilmədiyi halda, vətəndaşlara bir neçə dəfə xəbərdarlıq edir: "Sonuncu xəbərdarlıqda bildirilir ki, faiz, yaxud kredit ödənilməzsə, girov qoyulmuş əşyalar satışa çıxarılacaq. Bununla bağlı yerli məhkəmə instansiyasına müraciət edilir. Məhkəmə bankın xeyrinə qərar qəbul edərsə, o zaman əmlak satışa çıxarılır. Əks halda, girov qoyulmuş əmlakın satılması qanunvericiliklə qadağandır. Amma lombardlar üçün belə qanunvericilik aktı mövcud deyil. Digər tərəfdən, lombardlarla vətəndaşlar arasında bağlanan müqavilələrlə bağlı problemlər də çoxdur. Çünki lombardlar müqavilələri özlərinə sərf edən formada hazırlayırlar. Vətəndaşlar isə həmin sənədləri oxumadan, şərtlərlə tanış olmadan imzalayırlar. Bu da sonrakı mərhələdə müəyyən anlaşılmazlıqların yaranmasına, qanun pozuntularının baş verməsinə gətirib çıxarır".
Lombard müştərinin əmlakını sata bilməz
Hüquqşünas Namizəd Səfərov isə bildirir ki, qızıl və zinət əşyalarının banklarda və lombardlarda girov qoyulması halları artıb. Bu prosesdən isə daha çox aztəminatlı ailələr zərər çəkirlər: "Çünki banklar və lombardlar girov götürdükləri qızıl və zinət əşyalarının girovluğu qarşısında vətəndaşlara cüzi məbləğdə pul verirlər. Kredit götürənlərin aylıq gəlirləri, məvacibləri, pensiya və əmək haqları az olduğu üçün kreditləri ödəməkdə çox çətinliklər yaşanır. Xüsusilə də bəzi banklar, eləcə də lombardlar tərəfindən həyata keçirilən qanunsuz girov-kredit əməliyyatı, yəni qızıl-zinət əşyalarının qiymətlərinin real bazar qiymətlərindən aşağı və özlərinə münasibət təyin edilməsi, kreditlərin yüksək faizlə vətəndaşlara verilməsi çox acınacaqlı durumdur. Hətta bəzi hallarda lombardlara girov qoyulmuş qızıl və zinət əşyaları itir, yaxud zədələnir. Bütün bunlar da onlarla müştərilər arasında ciddi problemlərin yaşanması ilə nəticələnir".
Hüquqşünas vurğulayır ki, kredit götürənə hər hansı formada xəbərdarlıq edilmədən lombardların girov qoyulmuş qızıl və zinət əşyalarını satmaları tamamilə qanunsuz bir prosesdir. Onun dediyinə görə, kredit götürən pulu geri qaytara bilmirsə, lombardlar qarşı tərəfə mütləq xəbərdarlıq etməli və bağlanmış ikitərəfli müqaviləni poza bilər: "Lakin bununla belə məhkəmə orqanının qərarı olmadan lombardın hər hansı müştərinin əmlakını satmağa ixtiyarı və səlahiyyəti yoxdur. Əgər hər hansı zərərçəkmiş şəxs özünün haqlı, lombardın haqsız olduğunu düşünürsə, ödəmələrdə gecikmələrə yol vermirsə və pulları tamamilə ödəyirsə, lombardların ona qarşı qeyri-qanuni hərəkətlər etdiklərinə əmindirsə, mütləq məhkəmə instansiyalarına müraciət etməlidirlər. Zərərçəkmişlər təkcə qızıllarını geri istəməklə kifayətlənməməli, hətta ona vurulmuş maddi və mənəvi zərərin əvəzini də tələb edə bilərlər. Hətta lombardın fəaliyyətində cinayət tərkibli əməllərin olduğunu sübuta yetirə bilərsə, zərərçəkmiş onun haqqında cinayət işinin başlanmasını da hüquq-mühafizə orqanlarından və məhkəmədən tələb edə bilər".
Milli.Az