Vergi məcəlləsinə edilən dəyişikliklər arasında idman-mərc oyunları ilə bağlı da yeniliklər var. Yanvarın birindən bu oyunlarda uduş əldə edənlər vergi ödəyəcəklər. Onların vergini ödəmək mexanizmi açıqlanıb.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, 2013-cü il yanvarın 1-dən, yəni 3 ilə yaxındır vergi verməyən mərc oyunlarının qaliblərinin uduşundan da vergi tutulacaq. İndiyədək isə vergilər yalnız operator və satıcıları əhatə edirdi. Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov bu barədə "XəzərXəbər"-ə danışıb:
"Vergi dərəcələri müvafiq olaraq, operatorlara münasibətdə 6 faiz, satıcılara münasibətdə komisyon haqqı 4 faizi dəyişməz olaraq qalmışdır. Burada vergi dərəcəsinin artırılması həyata keçirilməmişdir. Vergiyə cəlb edilmə halı yalnız vergidən azad edilmiş fiziki şəxslərə şamil edilib və onların da dərəcəsi 10 faiz olmaqla müəyyən edilmişdir".
Yəni oyundan 100 manat udan şəxs 10 manat vergi verəcək. Ancaq bu zaman ondan nə vergi bəyannaməsi, nə də əlavə sənəd tələb olunacaq. Uduş əldə edən şəxsin vergisini oyunu keçirən tərəf rəsmiləşdirəcək. Bunu Vergilər Nazirliyinin idarə rəisi Nicat İmanov deyib:
"Uduşu əldə edən zaman ona ödənişi həyata keçirən şəxs mənbədə 10 faiz dərəcə ilə vergini tutduqdan sonra qalan məbləği fiziki şəxsə ödəyəcək. Həmin o 10 faiz dərəcə ilə tutulmuş vergi məbləğini ödənişi həyata keçirən satıcı bəyannaməni vergi orqanına təqdim edərkən bəyan edəcəkdir. Gəlir əldə edən fiziki şəxsin isə vergi orqanında uçota alınması və bəyannamə təqdim etmək öhdəliyi yaranmayacaq".
Qanuna dəyişiklik 2016-cı il yanvarın 1-dən qüvvənə minir.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.