Daşkənddə “Arşın mal alan” operettasının rus dilində təqdimatı olacaq

28 Fevral 2011 14:11
Martın əvvəllərində Daşkənd Dövlət Musiqili Komediya Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının rus dilində təqdimatı keçiriləcək. Özbəkistanda çox populyar olan bu əsəri tamaşaya teatrın baş rejissoru Sergey Kaprielov hazırlayır. İndiyədək Daşkənddə bu ölməz əsər ayrı-ayrı vaxtlarda Mukimi adına Musiqili Dram Teatrında dəfələrlə tamaşaya qoyulub. Tamaşa bu teatrın səhnəsində isə birinci dəfədir oynanılır.

Tamaşada teatrın tanınmış aktyorları - Özbəkistanın xalq artisti Zinaida Salavyova, əməkdar artist Surat Artıkov, həmçinin tələbələr iştirak edəcəklər.

Sergey Kaprielov bildirib ki, hazırda tamaşa üçün Azərbaycan milli geyimləri hazırlanır: "Əminəm ki, bu əsərin bütün tamaşaları kimi, rus variantı da anşlaqla keçəcək".

Milli.Az