İtkin düşmüş neftçilərin axtarışları gücləndirildi - YENİLƏNİB

10 Dekabr 2015 12:53

12:53

SOCAR-ın "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

Bu barədə APA-ya SOCAR-ın "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd edilib ki, axtarışların miqyası genişləndirilib: "Belə ki, Dövlət Sərhəd Xidmətinin 7 gəmisi və 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi və 2 helikopteri axtarışları davam etdirir. Təəssüf ki, axtarışlar hələlik heç bir nəticə verməyib".

Əlavə olaraq bildirilib ki, yanğını söndürmək hələ də mümkün olmayıb. "Yanğının söndürülməsi ilə 5 gəmi məşğuldur", - deyə İB rəsmisi qeyd edib.

----------

11:18

Bu gün səhər saatlarından başlayaraq "Günəşli" yatağında baş vermiş qəza zamanı itkin düşmüş neftçilərin axtarışları yenidən davam etdirlib. Belə ki, dünən axşam saatlarında əleverişsiz hava şəraiti ilə bağlı axtarışlar dayandırılmışdı. Bu gün bərpa olunan axtarışlara əlavə texniki qüvvə cəlb olunub.

Xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, itkin düşmüş neftçilərin axtarışlarına FHN-in əlavə helikoperleri, eləcə DSX gəmiləri cəlb olunub.

Qəza baş vermiş platformada isə yanğın hələ də davam edir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Milli.Az