"Ən tez zamanda yenidən işə başlamaq istəyirəm. İşsiz qalmaq xoşuma gəlmir".
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ" klubunun sabiq baş məşqçisi Yuri Syomin deyib.
"Anji"dən ayrıldıqdan sonra işsiz qalan rusiyalı məşqçi karyerasını yenidən bərpa etmək niyyətindədir. Ölkəsinin mətbuatına açıqlamasında Syomin qış fasiləsində hansısa klubun "sükanı arxası"na keçməyi planlaşdırdığını bildirib.
O qeyd edib ki, yeni iş yerinə gələn ay aydınlıq gələcək: "Təklif varmı? Bunu zaman göstərəcək. Hansı klubda çalışacağıma Yeni il bayramından sonra aydınlıq gələcək. Hazırda gözləmə mövqeyi tutmuşam, işləmək istəyirəm".
68 yaşlı çalışdırıcının açıqlamasından Rusiyada işləmək istədiyi hiss olunur: "Rusiyada işləyəcəyəmmi? Buna ümid edək. Amma təklifdən çox şey asılıdır".
Qeyd edək ki, məşqçilik fəaliyyəti ərzində "Anji" ilə yanaşı, "Pamir" (Düşənbə), "Lokomotiv" (Moskva), "Dinamo" (Moskva), "Dinamo" (Kiyev) və "Mordoviya" (Saransk) klublarını da çalışdırmış Syomin 2013-2014 mövsümündə "Qəbələ"yə rəhbərlik edib. O, "qırmızı-qaralar"a Topaz Premyer Liqasının bürünc medallarını qazandırıb.
Milli.Az