Modern.az saytının müsahibi Bakıda yaşayan izmirli gitara ifaçısı və musiqiçisi Hakan Karcıdır.
Hakan Bakıya İzmirdən gəlib. Hazırda Bakıda restoranların birində çalışan müsahibimiz artıq 1 ildir, Bakıda yaşayır. Həmsöhbətimiz deyir ki, o, Azərbaycanı o qədər sevir ki, özünü qərib ölkədə hiss etmir: "Azərbaycanlılar o qədər qonaqpərvər və istiqanlıdırlar ki, heç bir əcnəbi burada özünü qərib diyardakı kimi hiss etməz. Bəzi ölkələrdə əhali insana o qədər soyuq davranır ki, tezliklə öz işini bitirib qaçmaq istəyirsən. Amma Azərbaycan belə deyil. İnsanlar xüsusilə xaricilərə qarşı çox səmimi münasibət göstərirlər ki, bu da hər kəs tərəfindən təqdir edilir. Mən buraya gələndə uzunmüddətli qalacağımı düşünməmişdim. Lakin Azərbaycanı gördükdən və insanların səmimi münasibətindən o məmnun qaldım ki, gəldikdən 1 həftə sonra Azərbaycanda uzun müddət qalmağı qərara aldım
Hakan deyir ki, buraya gəlməzdən öncə Türkiyədə yaşayan, təhsil alan, işləyən həmyerlilərimizdən ölkəmiz haqqında az da olsa məlumatı var idi. O, Azərbaycana İzmirdə işlədiyi vaxtlarda azərbaycanlı iş adamı dostunun təklifi ilə gəlib: "Düzdür, Türkiyədə olanda ölkəniz haqqında məlumatım var idi. Xüsusilə İçərişəhər, Qız qalası ilə maraqlanır, şəkillərinə baxırdım. Amma burada işləməyi düşünməmişdim. Dostumuz Azərbaycan haqqında o qədər gözəl danışdı ki, tezliklə bu ölkədə işləməyi qarşıma məqsəd qoydum və gəldim.
Azərbaycan həqiqətən çox gözəl və əsrarəngiz ölkədir. Düzünü desəm, mən buranı bu dərəcədə müasir olduğunu, inkişaf etdiyini, Avropanın qabaqcıl şəhərləri ilə müqayisə olunacaq dərəcədə inkişaf etdiyini bilmirdim. Azərbaycan mənim xəyalımda, düzünü desəm, belə böyük və qabaqcıl deyildi. İçərişəhəri gördükdən sonra bütün Azərbaycanı İçərişəhərə bənzədirdim. Aeroportdan çıxdıqdan sonra bir doğmalıq, yaxınlıq məni özünə çəkdi".
- Hakan bəy, əvvəlcə musiqi ilə ilk tanışlığınızdan danışaq.
- Musiqiyə uşaq yaşlarından həvəs göstərmişəm. Əksər usaqlar kimi mən də evdə özüm, ailəm, dostlarım üçün mahnılar çalıb, oxuyurdum. Notlarla ilk tanışlığım atamın evimizə aldığı piano ilə başladı. Musiqinin sehrinə isə lisey illərində düşdüm. Əmimlə birlikdə toylarda ifa etməyə başladıqdan sonra məzunu olduğum elektromexanik ötürücülər ixtisasından musiqiyə tam keçid elədim.
Daha sonra kafe, restoranlarda davamlı olaraq çalışmağa başladım. Beləliklə bir də gördüm ki, musiqi mənim hayatımın bir parçası olub.
- Azərbaycanlı dinləyicilər ilə münasibət qura bilməkdə çətinliyiniz oldumu?
- İlk olaraq onu deyim ki, bizim qardaş ölkə olmağımızı hava limanına ilk addımı atdığımda hiss elədim. Bayrağımız, dilimiz, adət-ənənələrimiz, bir çox xüsusiyyətlərimiz bir-birinə çox bənzəyir. Rahat şəkildə münasibət qura bilmək, səmimi dostlar və azərbaycanlı dinləyicilərin musiqiyə olan sevgisi, hörməti məni burada uzun müddət qalmağa sövq edir.
- Sizcə, Azərbaycan və Türkiyə auditoriyası arasında hansı fərqlər var?
- Azərbaycanlı dinləyicilərin musiqi zövqü çox yüksəkdir. Onlar yaxşı səs və gözəl musiqi istəyir. Əgər sən onlara yaxşı bir musiqi ifa etməsən, səni dinləməzlər. İzmirdə yaxşı musiqidən əlavə, dinləyicilər yenilik axtarırlar, fərqli musiqi, fərqli sənət görmək istəyirlər.
- Sizi dinləməyə gələnlər əsasən kimlərdir?
- Orta yaşlı insanlar daha çox gəlir, 80-90-cı illərin mahnılarını ifa etdiyim üçün o yaş qrupuna aid insanlar dinləyicilərim arasında çoxluq təşkil edir. Bəzən gəncləri də görmək olur.
- Musiqinin dili yoxdur deyirlər, sizcə, bir musiqini çatdırmaq üçün onun sözləri önəmlidirmi?
- Musiqi duyğularla ifa edilən bir sənət sahəsidir. Musiqinin hansı ruh halı ilə ifadə edilməsi çox önəmlidir. Bəzən ən həzin musiqi parçasında xoşbəxt ola, bəzən də ən şən mahnıda duyğulana bilərsən. Musiqi xatirələrə və duyğulara bağlı bir sənət sahəsidir. Musiqinin dili, dini, irqi yoxdur.
- Azərbaycan mahnılar ifa edirsiniz?
- "Sarı gəlin" mahnısı üzərində işləyirəm. Çox bəyəndiyim və sevərək oxuduğum mahnılarınızdan biri də "Ayrılıq"dır. Dinləməyə gələn qonaqlarımız həm təəccüblə, həm də sevərək dinləyirlər.
- Gitaranın küçə musiqisinin bir parçası olması sizi bir musiqiçi, gitara ifaçısı kimi narahat etmir ki?
- Düşünürəm ki, musiqinin məkanı yoxdur. Janrından və üslubundan asılı olaraq musiqi harada ifa edilsə az da olsa musiqi duyumu olan insanlar tərəfindən səsləndiyində seviləcək. İstanbulda mənə də belə təklif gəlmişdi.
- Azərbaycanı gəzmək fürsətiniz oldumu?
- Bakıdan kənara çıxa bilməmişəm hələ. Bir ildir Bakıdayam. Artıq Bakı İzmir qədər doğma gəlir mənə. Bakının Sahil bulvarı, İçərişəhəri, Tarqovusu isə İzmiri xatırladır. Şəhər də, insanlar da işıqlıdırlar.
Milli.Az