Azərbaycanlı gənc "ağıllı" avtomobil modeli yaradıb - VİDEO - FOTO

28 Noyabr 2015 12:54

Azərbaycanlı gənc AZERANT adlı yeni avtomobil modelinin dizaynını hazırlayıb.

Ramil Nəcəfov 1992-ci ildə Şəki şəhərində anadan olub. Hazırda Türkiyənin Isparta şəhərində Süleyman Dəmirəl Universitetində dizayn ixtisası üzrə II kursda qiyabi təhsil alır.

Onun sözlərinə görə, hazırladığı yeni avtomobil modelinin layihəsi ölkəmizin avtomobil sənayesində tarix yaza bilər: "Azərbaycanda bu sahə yox səviyyəsindədir. İstəyirəm ki, bu, məhz Azərbaycan layihəsi, Azərbaycan brendi olsun. Bizimkilər yalnız xaricdən avtomobil alırlar. Əslində, biz də avtomobil istehsalını qura, öz avtomobillərimizi sata bilərik. Biz digər ölkələrdən niyə geri qalmalıyıq? AZERANT sözünün mənası da "Azərbaycanın texniki nailiyyəti" deməkdir. Bu, yalnız Azərbaycana məxsus layihədir və ölkəmizin bu sahədə böyük nailiyyəti ola bilər. Layihədə təkcə avtomobilin dizaynı deyil, onun mühərriki, erqonomikası ilə bağlı texniki parametrlər də yer alır. Mənim layihəmə görə, Azərbaycan brendi ola biləcək bu avtomobilin gücü 500 at gücünə, sürəti isə saatda 300 km-ə çatır. Bu, dünyanın ən məşhur avtomobil modelləri ilə rəqabətə girə biləcək bir avtomobil ola bilər".

İxtiraçının sözlərinə görə, bu sahəyə hələ uşaqlıqdan maraq göstərib. Layihənin də üzərində hərbi xidmətdən qayıdandan sonra 3 ilə yaxındır ki, işləyir. Onun sözlərinə görə, bu, tam fərqli bir avtomobil modelidir: "O, ağıllı texnologiyaya əsaslanır. "3d MAX" proqramında yığılan bu model sırf Azərbaycan üçün nəzərdə tutulur və heç bir avtomobil şirkətinin modelini təkrarlamır. Dünyada bu markada model və dizayn yoxdur. Hazırda avtomobilin salonu üzərində işləyirəm. Bu avtomobilin salonu nanotexnologiyalar üzərində olacaq. Yəni bu avtomobildə köhnələrdəki kimi heç bir düymə yoxdur. Hər şey sensorlarla idarə olunacaq. Kamerası ilə ətrafı 360 dərəcədə izləmək mümkün olacaq. Salona açarsız daxil mümkün olacaq. Hətta onun əyləc sistemi də fərqlidir. Əyləc sistemi daha rahat, dözümlüdür, yayda qızma baş vermir, yüksək sürət zamanı dinamikanı artırır. Onun digər modellərdən digər fərqi də loqosundadır. Loqonu Azərbaycan bayrağından ilhamlanaraq hazırlamışam. İxtiranı Müəllif Hüquqları Agentliyində patentləşdirib müvafiq sənədləri də almışam. Burada hər hansı saxtakarlıqdan, kimdənsə oğurluq etməkdən də söhbət gedə bilməz".

R.Nəcəfovun sözlərinə görə, artıq onun eskizlərini Almaniyanın BMW konserninin nümayəndələri bəyəniblər. Lakin konserndə işə qəbul olunmaq üçün CV göndərsə də, qarşısına Avropa təhsili almaq tələbi qoyulduğundan bu arzusunu reallaşdıra bilməyib. Gənc dizayner öz eskizlərini "Audi", "Mercedes" kimi avtomobil şirkətlərinə də göndərib və həmin şirkətlər də eskizlərə biganə qalmayıblar. Lakin müvafiq təhsilin və iş təcrübəsinin olmaması yenə də onun qarşısını alıb.

Buna baxmayaraq, Ramil ruhdan düşməyib. İndi 23 yaşlı gənc ixtirasını 2016-cı ildə Bakıda keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar keçiriləcək sərgidə təqdim etmək niyyətindədir. Bununla əlaqədar hazırda danışıqlar gedir. Artıq Gənclər və İdman Nazirliyinə müraciət etmişəm, onlar layihəyə baxıblar. Onlar da deyiblər ki, Azərbaycan Avtomobil Federasiyası ilə müzakirələrdən sonra yekun rəy veriləcək: ""Formula-1" yarışı zamanı paytaxtımıza dünyanın bir çox ölkələrinin məşhur avtomobil şirkətləri nümayəndələrinin və pilotlarının gələcəyini deyən Ramil bildirir ki, AZERANT avtomobil modeli yarış çərçivəsində nümayiş olunarsa, böyük maraq cəlb edə bilər".

Pünhan
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.​

Azərbaycanlı gənc