"Başqa yolumuz yoxdur"

28 Noyabr 2015 17:12

Milli.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la 0:0 bərabərə qalan "Qəbələ"nin hücumçusu Sergey Zenyov qol.az-ın Yunanıstana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-a uduzmadınız. Qarşılaşma haqda nə deyə bilərsən?

- Məğlub olmaqdansa, heç-heçə pis nəticə deyil. Təbii ki, məqsədimiz qələbə qazanmaq idi. Ancaq sonda 1 xalla kifayətləndik.

- Oyunu qələbə ilə başa vurmaq üçün nə çatmadı?

- Qapıya dəqiq zərbələr endirə bilmədik. Bəzən sonuncu ötürmələrdə dəqiqlik çatmadı. Qol vurmaq üçün bir neçə şansımız olsa da, bundan yararlana bilmədik.

- "Panatinaikos"la pley-off matçında yerli azarkeşlərin çılğınlığının şahidi olmuşduq. Lakin PAOK-un fanatları elə də fəal deyildilər. Bu, sənin üçün sürpriz olmadı?

- Bu məqam məni də təəccübləndirdi. Təxminən 4 il öncə Ukrayna klubunun heyətində PAOK-a qarşı oynamışdım. Həmin vaxt stadion azarkeşlərlə dolu idi. Onlar dayanmadan, 90 dəqiqə ərzində komandalarına dəstək verirdilər. Ancaq bu dəfə belə olmadı. Yəqin ki, azarkeşlərlə klub arasında hansısa problem var.

- PAOK-la oyundan əvvəl artıq "Krasnodar" - "Borussiya" (1:0) matçının nəticəsini bilirdiz. Bu sizin oyununuza nə dərəcədə təsir göstərdi?

- Bunu hiss etdirməməyə çalışırdıq. Biz "Borussiya"nın qələbəsini arzu edirdik. Son tura qədər qrupdan çıxmaq şansımızın qalacağına inanırdıq. Təəssüf ki, istəyimiz baş tutmadı.

- Rəqibiniz necə təsir bağışladı?

- PAOK ilk hissədə yaxşı oyun nümayiş etdirdi. Lakin fasilədən sonra rəqib zəif təsir bağışladı. Bu, yorğunluqla əlaqəli ola bilər.

- Bazar ertəsi Azərbaycan Premyer Liqasında "Rəvan"la qarşılaşacaqsınız. Necə düşünürsən, bu görüşdə qələbəsizlik seriyasına son qoya biləcəksiniz?

- PAOK-a qalib gəlsəydik, bu inamımızı bir qədər də artırardı. Növbəti matçımız evdə "Rəvan"a qarşı olacaq. Bu görüşdə mütləq qələbə qazanmalıyıq. Başqa yolumuz yoxdur. Tam gücümüzlə qarşıdakı matça hazırlaşacağıq.

Milli.Az