Rusiya Azərbaycana “Pələng” zirehli maşınlarının istehsalını təklif edib
24 Fevral 2011 15:06
ANS PRESS-in ARMS-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Abu-Dabidə keçirilən 10-cu "IDEX-2011" beynəlxalq silah və hərbi texnika sərgisində Azərbaycan müdafiə sənayesi nazirinin müavini Azad Məmmədov məlumat verib.
"Biz müasir hərbi texnikanın birgə istehsalı sahəsində "Rosoboroneksport" şirkətindən bir sıra maraqlı təkliflər almışıq. Bu, xüsusilə Azərbaycan ərazisində "Pələng" zirehli maşınları istehsalının təşkili layihəsidir. Biz artıq təklifi almışıq və nəzərdən keçiririk", - deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, Rusiyanın "Pələng" zirehli maşınlarını istehsal edən hərbi-sənaye şirkətinin nümayəndələri dəfələrlə təkliflərlə Azərbaycanda olublar. A. Məmmədov qeyd edib ki, respublikadakı müdafiə sənayesi kompleksinin zavodları "Pələng"lərin buraxılışını təmin edə bilər.
"Bizim artıq Cənubi Afrika Respublikasının "Paramaunt" şirkəti ilə birgə "Marauder" minaəleyhinə maşınların lisenziyalı istehsalı sahəsində təcrübəmiz var. "Pələng" başqa sinifdən olan maşındır, lakin çox maraqlıdır", - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, CAR ilə saziş çərçivəsində Azərbaycandakı müəssisə ölkənin müxtəlif güc strukturları üçün "Marauder" maşınlarının tədarükü üzrə sifarişləri yerinə yetirir. "Bizim sifarişlərimiz var, artıq seriyalı istehsala başlamışıq", - Məmmədov qeyd edib.
Rusiyaya gəldikdə, ötən il tərəflər "AK-74M Kalaşnikov" modernləşdirilmiş avtomatların lisenziyalı istehsalının təşkili üzrə müqavilə imzalayıblar. Bu, artıq yerinə yetrilir və cari ildə ilk avtomatların buraxılışı gözlənilir.
A.Məmmədov qeyd edib ki, keçmiş Sovet respublikaları, xüsusilə də Rusiya ilə hərbi-texniki əməkdaşlığın bir əhəmiyyətli üstünlüyü var - dil problemi yoxdur. Onun sözlərinə görə, Azərbaycan sənayesi üçün Qərb nümayəndələri ilə ünsiyyət sahəsində böyük problem mövcuddur.
"Əlbəttə, marketinq, danışıqların aparılması sahəsində problem yoxdur, lakin dil bilavasitə istehsal sahəsində böyük çəkinliklər yaradır", - deyə o bildirib.
A.Məmmədov deyib ki, Azərbaycan müdafiə sahəsində, həmçinin Belarus Respublikası və Türkiyə ilə sıx əməkdaşlıq edir. Xüsusilə, Belarusun "BELOMO" şirkətinin köməkliyi ilə Azərbaycanda P8-V3 nişangahlı optik qumbaraatanların lisenziyalı istehsalı reallaşdırılır.
Milli.Az