Prokurorluğa dindirilməyə aparılan hərbçilərimiz qəzaya düşdü: 1 ölü, 7 yaralı - YENİLƏNİB
24 Fevral 2011 13:05
Qəzaya uğramış "VAZ 2107"-nin içərisindəkilər hərbçilər olub. Tovuz rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Oruc Əmiraslanov Milli.Az xəbər portalına bildirdi ki, qəza zamanı ölən 19 yaşlı Ramin Cəbrayılov da əsgərdir.
Yalalılar isə leytenant, 24 yaşlı Elvin Atakişiyev, müddətdən artıq hərbi qulluqçu, 24 yaşlı Nemət Hacıyev, əsgərlər 19 yaşlı Nuru Zeynalov, 19 yaşlı Əliheydər Şükürov və Qazax Hərbi Prokurorluğunun müstəntiqi 27 yaşlı Abbas Bayramovdur.
Qəza zamanı "Mercedes" markalı mikroavtobusda olan iki nəfər Tovuz sakini xəsarət alıb.
Müstəntiq əsgərləri prokurorluğa hansısa cinayət işi ilə bağlı dindirməyə aparırmış.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
----------
12:23
Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, hadisə Aşağı Öysüzlü kəndi ərazisində qeydə alınıb.
Rayon sakini 24 yaşlı Elvin Atakişiyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil əks tərəfdən gələn "Mercedes"lə toqquşub. Sonra avtomobil qarşıdakı "VAZ 2106" markalı avtomobilə çırpılaraq yoldan çıxıb. Hadisə nəticəsində "VAZ 2107"-nin sərnişini Ramin Cəbrayılov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Qəza zamanı xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib. Hadisəyə səbəb kimi "VAZ-2107"nin həddindən artıq yüksək sürətlə hərəkət etməsi göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az