“Tənbəl yunanlar” deyimi doğrudurmu?

12 Mart 2015 21:36

Bəzi mediada əlini pula uzadan tamahkar Yunanıstanın görüntüləri peyda olub.

Yunanıstan maliyyə iflasından qurtarmaq və avrozonaya borcların ödənməsi müddətini uzatmaq məqsədilə həyata keçirilməli olan iqtisadi islahatlar üzərində vurnuxandan sonra "vaxtı uzatmaqda" ittiham olunub.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, avrozona qrupunun rəhbəri Jeroen Dijsselbloem və Almaniyanın maliyyə naziri Wolfgang Schaeuble-in kəskin bəyanatlarından belə bir təsəvvür yaranır ki, ölkənin sol təmayüllü liderləri imkanlarından lazımınca istifadə etmirlər.

Almaniyanın "Bild" bulvar qəzeti Yunanıstanla maliyyə razılaşmasının əleyhinə kampaniyaya başlayaraq bütün iç səhifəsi boyunca "NEİN!" - "yox" başlığını dərc edib və oxucularını bu "plakatla" selfi çəkməyə çağırıb. "Milyardları acgöz yunanlara xərcləməyin" - deyə tələb edir qəzet.

Afinada mənzillənmiş sahibkar George Kollias təəssüflə deyir ki, "Avropa İttifaqı ölkələrinin, Yunanıstanın yeni hökumətinin kredit borcları üzrə ödənişlər barədə yeni danışıqlara başlamaq təşəbbüsünə, habelə onun islahatlarına reaksiyası gözlənilən" olub
.

"Bütün yunanları tənbəl və acgöz adlandırmaq asan olduğu qədər də yanlışdır" - deyir iş adamı.
 

Onun fikrincə, Yunanıstan maliyyə nazirinin təkliflərini bir yana qoyub, onun şəxsi karikaturasının yaradılması məhz belə münasibətdən xəbər verir.

Eyni danışıq tərzindən 2010-cu ildə İsveçin maliyyə naziri Anders Borg istifadə etmişdi: "Aşkardır ki, isveçlilər 40 yaşında təqaüdə çıxmağa öyrəncəli olan yunanların borclarını ödəməməlidirlər".


Bazar ertəsi isə Avroqrupun sədri Jeroen Dijsselbloem yunanları "vaxtı uzatmamağa" və 240 milyard avroluq kreditin ödəniş müddətinin artırılması üçün ciddi danışqılara başlamağa çağırıb.

Əlbəttə, bu, daha yumşaq ifadədir, lakin Dijsselbloem yenə də "tənbəl" və "acgöz" yunanlar stereotipinə eyham vurur, onları "ayaqlarını sürüməkdə" günahlandırmaqla borc danışıqları ətrafında yaranmış danışıq tərzindən faydalanır.
 

"Çox erkən pensiya"
 

"Bu söz ağızlarına düşüb - Open Europe iqtisadi araşdırmalar mərkəzinin rəhbəri Raoul Ruparel deyir, - yəni yunanlar təqaüdə çox tez çıxırlar və həddən ziyadə səxavətli pensiya alırlar".
 

Avropa Komissiyasının rəqəmlərinə əsasən, orta hesabla götürəndə yunanlar İttifaq miqyasında doğrudan da təqaüdə tez çıxırlar, hərçənd ki, fərq o qədər də böyük deyil.
 

Rəqəmlər göstərir ki, 2012-ci ildə Yunanıstanda adamlar pensiyaya orta hesabla 57, 8 yaşında çıxıblar.

Bu reytinqdə Yunanıstan, təqaüd göstəricisi 58 yaş olan İtaliyanın ardınca gəlir. Almanlarda isə ilk pensiya ödənişi orta hesabla 61,1 yaşa düşüb.
 

Avropa İttifaqının rəqəmlərinə görə, Yunanıstan həmçinin Ümumi Daxili Məhsulun (ÜDM) pensiyalara xərclənən faizinə görə 2012-ci il üçün Avropada birinci olub.

Bəzi məlumatlara görə hökumət "qeyri-peşəkar" müfəttişlərdən və vergidən yayınanları güdmək üçün hətta "turist casus"lardan istifadə edə bilər.

Lakin ötən ay "The Wall Street Journal" qəzeti bu rəqəmləri ölkədə yaşı 65-dən çox olanların sayına bölüb və tamamilə fərqli nəticələrə gəlib.

Bu nəticələrə görə, Yunanıstanda adambaşına xərclər Avropa İttifaqının orta rəqəmindən aşağıdır, Almaniya, İrlandiya və İtaliyada olduğundan azdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəqəmləri isə yunan fəhlələrin heç də tənbəl olmadıqlarını və yunanların bütün Avropada ən uzun iş gününə malik olduqlarını göstərir.
 

Ekspertlər deyirlər ki, bu, Yunanıstanda əmək formalarının başqa yerlərdən fərqli təbiəti ilə bağlıdır. Burada söhbət uzun iş gününə malik kənd təsərrüfatında və mağazalarda işləyənlərin sayca çox olmasından, səmərəlilikdəki fərqlərdən gedir.

Bu da deyilməlidir ki, Avropa İttifaqının rəqəmlərinə görə, yunanlar Almaniyada, Fransa və İsveçdə olduğundan daha qısa məzuniyyətlərə çıxırlar.

Damğa
 

Məlumatlardan müxtəlif arqumetlər üçün istifadə edilə bilər və unutmaq olmaz ki, ölkələr bu məlumatları müxtəlif yollarla toplayır. Lakin Yunanıstanın borclarının onun ÜDM-indən 175 faiz çox olması göstərir ki, yunanlar ayaqlarını yorğanlarına görə uzatmayıblar.

Yunanıstan hələ də dünyanın istədiyi qədər istehsal etmir və bunun üçün kifayət qədər pul qazanmır, əsas diqqətini ifrat şəkildə turizmə, daşınmalara, meyvə və xammalın ixracatına yönəldir.
 

Bütün bunlar yunan liderləri pul ehtiyatının necə yaradılacağı, sistem dəyişikliyinin necə ediləcəyi və 320 milyard avroya çatan borcun necə ödəniləcəyi barədə çətin suallar qarşısında qoyur.

Hökumətin, həmçinin vergidən yayınmanın və korrupsiyanın qarşısının alınması planları da var. Belə xəbərlər də alınır ki, hökumət "qeyri-peşəkar" müfəttişlərdən və vergidən yayınanları güdmək üçün hətta "turist casus"lardan istifadə edə bilər.
 

Cənab Ruparel deyir ki, vergidən yayınma halları Yunanıstanda geniş yayılıb və bundan təkcə "böyük mülkiyyət sahibləri" deyil, həm də orta gəlirlərə malik olanlar istifadə edirlər.

"Bunu mürəkkəb sxemlərlə deyil, sadəcə olaraq qəbz verməyən dükanlar vasitəsilə edirlər və hökumət adamların qazanclarına nəzarət etmir - deyir Ruparel, - Bu problemin böyüklüyü "acgöz" yunanlar damğasının vurulmasını asanlaşdırır".
 

"Kifatət qədər iş görülmür"
 

Bu arada bir çox müşahidəçilər şübhə edirlər ki, Syriza hökuməti problemin qarşısını ala biləcək infrastrukturu yaratmağa və bunun haqqını ödəməyə qabil olacaq.

Kansler Merkelin Xristian Demokrat İttifaqı (CDU) partiyasının vise-prezidenti Michael Fuchs ötən ay BBC-ə deyib ki, Yunanıstanda normal torpaq reyestrinin olmaması korrupsiyaya qol-qanad verib və ölkənin özəlləşdirmədən qazanmasının qarşısının alınması problemini yaradıb.
 

Stokholmda mənzillənmiş "Arena İde" araşdırma mərkəzinin baş iqtisadçısı Sandro Scocco deyib ki, onun firkincə, Syriza onu yanvar ayında keçirilmiş seçkinin qalibi edən siyasi dəyərlərə bağlılığını davam etdirəcək, yəni bütün təzyiqlərə baxmayaraq qənaət tədbirlərindən geri çəkiləcək.

İqtidsadçı düşünür ki, seçicilərinin onlardan Yunanıstanla daha tələbkar davranmağı tələb etdiklərini iddia edən siyasətçilər "son dərəcə ədalətsiz" olan "tənbəl yunanlar" ifadəsindən özlərini müdafiə etmək üçün faydalanırlar.
 

Sandro Scocco "Sosial Avropa" adlı bloqunda yazır ki, "qurbanlıq qoyunların tapılması üçün bəsit və yanlış izahlardan istifadə edilməsi nə gələcək, nə də Avropa İttifaqı üçün faydalı olacaq".

"Əgər bu, davam edərsə, nəinki Yunanıstanı, heç avronu da xilas etmək mümkün olmayacaq" - yazır iqtisadçı.

Tənbəl adını heç də həmişə yunanlara şamil etməyiblər.
 

19-cu əsrin ortalarında britaniyalılar, qədərindən artıq zəhmətkeş və çalışqan almanları "ölüvay" və "astagəl" adamlar adlandırıdılar - yazır Kembric Universitetinin iqtisadçısı Ha-joon Chang.
 

O deyir ki, Frankensteinnin müəllifi Mary Shelley öz faytonçusu ilə ağızlaşdıqdan sonra "almanların heç vaxt tələsmədiklərini" yazmışdı.

Elə bu vaxt Afinada isə George Kollias ölkəsinin maliyyə işləri barədə çıxarılacaq qərarı narahatlıqla gözləyir. "Mənim narahatlığım bundandır ki, Avropa İttifaqının qərarı əməkdaşlıq və konstruktivlik şəraitində deyil, cəzalandırma məqsədilə və siyasi motivlərlə qəbul olunacaq" - deyir Kollias.

Milli.Az