Robot qadınlar və narazı kişilər: Ailələrimiz niyə dağılır?

23 Fevral 2011 09:01
Döyülən, xəyanətə uğrayan qadınlar kişiləri niyə müdafiə edir?

Bu yaxınlarda bir teledebata qatılmışdım. Studiyaya zəng eləyən xanımlardan biri ağıllı-ağıllı söylədi ki, ailələrin dağılmasına görə 90 faiz qadınlar günahkardır. Başqa bir qadın da studiyaya telefon açaraq arvadların ərləri tərəfindən döyülməsi məsələsini belə şərh elədi: "Yaxşı at özünə qamçı vurdurmaz". Studiyada əyləşən, ölkədəki urvatlı tədqiqat institutlarından birində çalışan, psixologiya elmləri namizədi olan xanım da studiyaya zəng edən hər iki xanımla 100 faizlik həmrəylik nümayiş etdirdi. O, eyni zamanda dedi ki, qadınlar həm ev işlərini görməli, həm ərinə, uşağına, qaynana-qayınatasına baxmalı, həm də imkan varsa, əlavə işlər də görüb pul qazanmalıdır. Qadının borcudur ki, ailənin bütün yükünü çəksin. Həmin alim xanım arvadlarını burada qoyub, gedib rus qızı alan kişilərimizə də belə haqq qazandırdı ki, qadınlarımız özlərinə baxmırlar, gigiyenalarına, zahiri görkəmlərinə, bəzək-düzəklərinə fikir vermirlər, ona görə də kişilərimiz çarəsiz qalıb rus qızlarının yanına qaçırlar. Bu vədədə bəndəniz əsəbiləşdi və aldı görək nə dedi: "Həm deyirsiniz ki, qadın ev işlərini görməli, paltar yumalı, yemək bişirməli, ev təmizləməli, inək sağmalı, pendir tutmalı, toyuq-cücə bəsləməli, həm uşaqlara, həm də qaynana-qayınataya baxmalı, imkan varsa çöldəki işə də qaçmalıdır. Həm də deyirsiniz ki, gigiyenalarına, təmizliyə, bəzək-düzəyə fikir vermirlər. Sizin nəzərdə tutduğunuz hansı maşındır, hansı robotdur ki, dediklərinizin hər ikisini eləməyə vaxtı, qüvvəsi, həvəsi, ehtirası çatır? Beləsini yaponlar nə vaxt icad elədilər də, bəndənizin xəbəri olmadı?".

Bəndəniz bu elm dühasının önündə bir az da tərbiyədənkənar hərəkət edərək, "arvadı bütün işləri görməyə vadar edən, sonra da ondan nərmənaziklik, gigiyena-filan tələb edən kişi dünyanın ən həyasız, ən abırsız kişisidir. O, ümumiyyətlə, niyə özünə kişi deyir ki?" dedi. Verilişdən sonra aparıcı gələn zənglər üzərinə bəndənizə bildirdi ki, mənimlə həmrəy olanlar, həmrəy olmayanlardan çox imiş. Hətta mənimlə həmrəylik nümayiş etdirənlər arasında kişilər də varmış. Amma elə qadınlar da varmış ki, mənim onların ərləri haqqında dediklərimə cani-dildən qəzəbləniblərmiş. Hələ gəlib bəndənizin saçını yolmaq eşqinə düşən qadınlar da varmış...

Burada ikili standartlarla yanaşma da var, qürur məsələsi də. Mən studiyada əyləşən və ora zəng eləyən xanımların yerində olsaydım, məsələyə başqa prizmadan yanaşardım. Bu barədə sonra...

Rusiya necə türkləşir, azərbaycanlılar necə ruslaşır?

Azərbaycanda minlərlə ailə var ki, onun başçısı arvad-uşağını burda qoyub özü gedib Rusiyaya. Bir müddətdən sonra ailə-uşaq yaddan çıxıb. Çünki o, bənd olub nataşalara. Nənəm həmişə deyərdi ki, keçmişdə analar oğullarına bəlanın müharibədən gələcəyindən qorxardı, indi də nataşalardan. Nənəm haqlı idi. Çünki onun 6 oğlundan ikisi, 11 oğlan nəvəsindən də 5-i məhz natalaşaların tilsiminə düşmüşdü. Kosmopolitlər deyəcəklər ki, bunun nəyi pisdir axı? Qohumlarımdan biri fəxrlə danışır ki, bu gün Rusiyada doğulan hər iki uşaqdan az qala biri qaralara məxsusdur. O qaraların siyahısında Orta Asiyalı qardaşlarımızla yanaşı bizimkilər də var. Guya belə getsə, bir azdan, Rusiya türk dövlətinə çevriləcək... Mən təkcə öz nəslimizdən hesablamışam. Oğlanlarımızın rus qızlarla izdivacdan 15 uşaqları dünyaya gəlib. Desəm ki, o on beşindən bircəciyinin bizim millətə dəxli var, yəqin ki, yanılmış olaram. Elə anlaşılmasın ki, əmilərim, əmim oğlanları biqeyrətlik eləyib, adlarımızı, milli adət-ənənələrimizi unudublar. Əsla, rus gəlinlərin hamısı onların soyadlarını və kəlmeyi-şəhadəti mollanın dili ilə təkrar etməklə də olsa, İslamı qəbul eləyiblər. Uşaqlara da Azər, Azad, Rəşid, Mehman, Füzuli kimi adlar qoyublar. Kiçik toy mərasimlərini də kəndimizdə təmtəraqla, adət-törə ilə yerinə yetiriblər. Hələ nənəmizin tövsiyəsinə uyğun olaraq hər oğlan uşağının kiçik toyunda gəlinlərə bir üzük də bağışlayıblar ki, böyük toyunda taxsınlar öz gəlinlərinin barmağına. Bu uşaqlar da böyüyüb hərəsi bir Nataşa alıblar. Sonra öz adlarını və soyadlarını dəyişərək ruslaşdırıblar. Heç uşaqları belə dədələrinin əsl adlarının nə olduğunu bilmirlər. Məsələn, mənim Sverdlov, Tyurin, Oleynikov, Zaqrebin familiyalı ikinci nəsildən qardaşlarım var. Azad çoxdan Aleksandr Sverdlovdur, Rəşid də ki Valentin Zaqrebindir, Füzuli çoxdandır Fyodor Tyurindir. Rəhmətlik əmim Məhəmmədin də adını öz pasportlarında dəyişdirib Mixail eləyiblər.

Qəddafi və nataşalar

İndi qohumumun Rusiyanın yarısını bizimkilərin tutması ilə bağlı sevincinin heç bir mənası yoxdur. Oğlanlarımızın ruslarla izdivacından bizim millətin sıraları genişlənmir. Əksinə, bizimkilər sonradan bizim xalqımıza öz skinhedləri ilə birlikdə qənim kəsilən rus millətinin sıralarını genişləndirirlər. İnandırım sizi ki, bu uşaqlar ruslardan beşbetər bizə düşmən kəsilirlər. Bu günlərdə quyruğu türklər demişkən, iyicə qapıya sıxışmış Liviya prezidenti Müəmmər Qəddafinin bir fikrini heç cürə başımdan qova bilmirəm. Qulağı cingildəmiş, Barak Obama ilə bağlı bəlkə də həyatının ən ağıllı sözünü söyləmişdi. Onun ABŞ prezidenti olmasına sevinən keniyalılara demişdi ki, elə bilməyin, o sizə bir gün ağlayacaq. Onda afrikalıların aşağılıq kompleksi var. O, ABŞ-ın başına keçəndən sonra afrikalıların qara günləri başlayacaq. Necə deyərlər, adam Roma papasından artıq katolik olacaq. O gün Qəddafinin sözlərini bir qədər əyərək öz aramızda dostlarla zarafatlaşırdıq. Deyirdik ki, adam uzaqgörəndir. Obamanın sayəsində gör neçə Afrika ölkəsi diktatorların aşırılması üçün qeyrət göstərməyə başlayıb. İşlər də ki, hələlik pis getmir... İndi Qəddafinin sözü olmasın, bizim qanımızda da şərqlilərə məxsus aşağılıq kompleksi var. Biz başqalarının qarşısında mum kimi əyilirik, heç vaxt öz qürurumuzu qorumuruq. Əgər belə olsaydı, onda oğlanlarımız illərlə namusla, ismətlə ərlərinin yolunu gözləyən, onların uşaqlarını böyüdən, tərbiyə eləyən, evlərinin, mülklərinin keşiyini çəkən fatma-tükəzbanları tapdalayıb nataşalara bənd olmazdılar. Həm də ki qocalanda, artıq, nataşalar üçün heç bir məna kəsb eləmədikləri vaxtlarında da bir həsir, bir məmmədnəsir görkəmdə, suyu süzülə-süzülə ailələrinin yanına qayıdıb yalvarmaz, günahlarının bağışlanmasını istəməzdilər...
 
Röyal niyə atasının hədiyyəsini qırdı?

Bu gün Azərbaycanda bir atasız uşaqlar nəsli yetişməkdədir. Rusiyadakı ataları 3-5 aydan bir uşaqlarına yolladıqları 3-5 min rubl pulla, 1-2 qat geyimlə atalıq funksiyalarının bitdiyini göstərirlər. Amma başa düşmürlər ki, onların uşaqları ata qayğısından kənarda, yetim kimi böyüyürlər. Onlar həmişə eynilə yetim uşaqlar kimi birtərəfli yetişirlər və hər zaman özləri də dərk eləmədən yarımçıq komplekslərdən qurtula bilmirlər. O gün də bacım qohumlarımızdan birinin oğlunun əhvalatını danışır. Sən demə, Röyal uşaqlıq illərində daim atasının günlərin birində ona velosiped alacağını kənddəki bütün uşaqlara söyləyirmiş. Düz 17 il Röyal qonşuluqdakı uşaqların velosipedinə baxıb köksünü ötürərək atasının göndərəcəyi ərməğanı gözləyirmiş. Nəhayət, atası Röyala o, 17 yaşına çatanda, artıq əsgərliyə az müddət qalar-qalmaz söz verdiyi velosipedi göndərir. Həm də Röyalın 11-ci sinfi bitirməsi münasibətilə. Röyal nənəsinin onun üçün düzənlədiyi buraxılış gecəsinə atasının gələcəyini həsrətlə gözləyirmiş. Atası isə sadəcə velosiped göndərməklə kifayətlənibmiş. O velosipedi ki, artıq Röyalı maraqlandırmırdı. Röyal həyatının bəlkə də ilk kişi hərəkətini eləyib. Həmin velosipedi nümayişkaranə surətdə onu gətirən adamın gözləri qabağındaca çəkicin altına salıb əzib. Parçalara ayırıb və tullayıb. "Mən atamı gözləyirdim, velosipedi deyil" deyə. Görünən odur ki, atası Röyalın uşaqlığında olmadığı kimi gəncliyində də olmayacaq. Çünki gələn xəbərlərdə, Röyalın atasının artıq üçündü dəfə 18 yaşlı rus qızı ilə evləndiyi, qızın da hamilə olduğu bildirilir.
Rövşən 20 ildən artıqdır ki, onun yolunu gözləyən Tahirənin, oğlu Röyal və qızı Baharın həyatında olmayıb. Amma o artıq üçüncü rus qızının və onların da hərəsinin bir uşağının həyatında var. O, kəndimizə qocalanda dönəcək, o vaxt ki, əmək qabiliyyətini, pul qazanmaq və xərcləmək imkanlarını itirəcək. O, Tahirənin min-bir əzabla tikdirdiyi evə "ağsaqqal" olaraq qayıdacaq. Bilirəm ki, Tahirə ömrünün istənilən çağında ərinin gəlişinə hazırdı...

Saxta qadınlar necə olur?

Qayıdaq ikili standartlara və qürur məsələsinə. Nəhayət, 21-ci əsrin Azərbaycan kişisi bilməlidir ki, qadın onun ömür-gün yoldaşıdır, onun həyat dostudur, onun qədər ortağıdır. Onların çoxlu ortaq nəsnələri var. Onların vahid uşaqları, evləri, qohumları, dostları, dəyərləri var. Onların heç biri digərindən üstün deyildir. Onlar bir-birilərinə insan kimi yanaşmağa və hörmət eləməyə borcludurlar. Onlar bir-birinə kömək etməyə də borcludurlar. Ailə kollektiv əməyin nəticəsidir. Funksiyalar birə-bir bölünməlidir. Dəxli yoxdur, kişi hansı işi bacarır, qadın hansını. Kim nəyi daha yaxşı bacarırsa, qoy onu da eləsin. Amma bu, könüllülük prinsipinə söykənməlidir, zor prinsipinə yox. Kişi evdəki bütün işləri qadından tələb edib, sonra da ondan nəzakət, gözəllik, zəriflik ummaqda tamamilə ədalətsizdir. Bir reklamda deyildiyi kimi, axı o qadındır, maşın deyil. O, evdəki ağır iş rejimindən sonra (bura qadının həm də çöldəki vəzifələrini, kənarda işi varsa, onu da əlavə eləsək) ona qışqıran, təhqir edən, yeməyi bəyənmədiyini qeyzlə bildirən, uşağın səsini kəsməyi tələb edən, paltarının qırış qalmasından hikkələnən ərinə istəsə belə sevgi ilə gülümsəyə bilməz. Belə qəddar münasibətin qarşılığında ərinə nəvaziş göstərən, onun gözünə gözəl və zərif görünmək istəyən qadın dünyanın ən saxta qadınıdır. Kimsə də qalxıb beləsinə fədakar deməyə tələsməsin...

Yaxşı at və qamçı məsəlinin tərs üzü

Bir də ki qürur məsələsi. Həyatının ən yaxşı çağlarını rus qızları ilə əylənməkdə keçirən, rus qızlarının ondan daha yaxşı, gözəl olduğunu arvadının üzünə bağıra-bağıra deyən, lazım gəlsə, illərlə ona bir telefon zəngini belə çox görən, arvadının, uşaqlarının nə ilə dolandıqlarını, necə yaşadıqlarını vecinə belə almayan kişilərin yolunu gözləyən qadınlarda heçmi mənlik yoxdur?! Azərbaycanda bu qəbildən olan qadınların bəlkə də 90 faizi "başqa cür başa düşərlər" deyib bir dəfə də olsun başlarını qaldırıb başqa kişilərin üzünə baxmırlar. Onlar ismətlə, namusla oturub rus qızlarının ərlərini nə vaxt bir təpiklə qəpiksiz-quruşsuz evə yola salacaqları günü gözləyirlər. Böyük əksəriyyəti də ərlərini 20-30, hətta 40 ildən sonra məmnuniyyətlə evlərinə buraxırlar. Hansı ki, bu ərlərin o qadınların həyətindəki itin evciyində yaşamağa belə haqları çatmır. Bacım, adamda azacıq qürur, mənlik də yaxşı şeydir. Buna bağışlamağı bacarmaq deyil, əskilmək, əyilmək, alçalmaq, qoyunluq eləmək demək lazımdır.

Kişilərə də ki, sözüm budur: şəxsiyyətsiz, mənliyi olmayan qadınlarla evlənməyin! Sizin təhqirlərinizə, söyüşlərinizə, haqsız hücumlarınıza dözən qadınlara minnətdar olmayın. Kölə qadın sizin üçün azad düşüncəli, şəxsiyyətli, qürurlu övlad doğub-böyüdə, tərbiyə eləyə bilməz. Qamçını qəbul edən qadın necə səmimi həyat yoldaşı ola bilər? Doğrudanmı, qamçının qarşılığı məhəbbət və səmimiyyətdir? Əgər belədirsə, onda sizin ailənizdəki münasibətlər quldarlıq münasibətləridir. Hansı əsrdə yaşadığınızı əsla unutmayın! Bir quldarın psixologiyası heç də qulun psixologiyasından üstün deyildir. Əgər siz qamçını tərcih edən və qamçıya sitayiş eləyən (döyülməsə ağla gəlməyən) qadına həyat yoldaşı deyirsinizsə, deməli, siz qüsurlu insansınız. Studiyaya zəng edən xanım doğru deyirdi ki, yaxşı at özünə qamçı vurdurmaz. Amma sarsaq atın yiyəsi də gərək ki yaxşı adam olmasın. O niyə sarsaq atı saxlayır ki, sonra da qolunun gücünü onu qamçılamağa sərf eləyir...

Ü.Abdullayeva
Milli.Az