"Şüa" İdman-Sağlamlıq Kompleksində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında stolüstü tennis üzrə Azərbaycan Kuboku uğrunda yarışlara yekun vurulub.
RTV (Region TV) xəbər verir ki, yarışda Bakı şəhərinin Tennis İdman Məktəbi, "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzi, "Neftçi" İdman Klubu, " Təhsil" İdman Mərkəzi, "Qarabağ- NN" stolüstü tennis idman klubu və eləcə də Qaradağ, Sumqayıt, Balakən, Salyan, Şəki, Şirvan, Şabran, Gədəbəy və Gəncə şəhərlərinin komandaları iştirak edib. Şabran Uşaq Gənclər İdman Məktəbini bu turnirdə oğlanlardan Nihad Məmmədov, Elxan Camalov, Sənan Aslanov, qızlardan isə Aliyə Haşımova, Zöhrə Abdullayeva, Tərgül Qasımova təmsil edib. Qızlardan ibarət komanda bütün rəqiblərindən üstün olaraq Azərbaycan kubokunun sahibi olublar. Oğlanlardan ibrarət komanda isə yalnız finalda Bakı Tennis Məktəbinə məğlub olaraq ölkə kubokunun ikincisi olmağı bacarıblar.
Turnirin qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları , Stolüstü Tennis Federasiyasının kubok və mükafatları təqdim olunub. Eyni zamanda Şabran komandasının yetirmələri Xorvatiyada keçiriləcək Avropa Kubokuna vəsiqə qazanıblar.
Milli.Az