Məşhur sənətkarın oğlu: "Zeynəb Xanlarova ağlayaraq bizə gəlmişdi" - FOTOSESSİYA

10 Noyabr 2015 21:22

Əməkdar artist, tanınmış kamança ifaçısı Ədalət Vəzirov Azərbaycanın milli musiqi aləti olan kamançanı dünyada Habil Əliyev qədər tanıdan və təbliğ edən əvəzolunmaz sənətkardır. Elə məhz buna görə də Habil Əliyev kamançasını rəhmətə getməmişdən əvvəl yalnız Ədalət Vəzirova əmanət etdiyini bildirmişdi. Özü də ölümündən uzun illər əvvəl. Amma artıq hər şey çox gec idi. Fələk öz yazısını hamıdan xəbərsiz yazmışdı. Ədalət Vəzirov Habil Əliyevdən düz 13 il əvvəl dünyasını dəyişdi. Bu gün Ədalət Vəzirovun kamançasını sənətkarın kiçik oğlu Səfərəli Vəzirov saxlayır. Bəzən kamançanı dizinin üstünə qoyub, kökdən düşməsin deyə ifa edir, bəzən isə yalnız sakitcə baxışlarını ona zilləyir. Atasından sonra bu musiqi alətində gözəl ifa etməyin mümkünsüzlüyünü anlayır. Xülasə... "Keçmişdə qalmış gələcək" rubrikasının budəfəki qonağı əməkdar artist, məşhur kamança ifaçısı, pedaqoq Ədalət Vəzirovun oğlu Səfərəli Vəzirovdur. Söhbətimizə də elə kamançanın bugünkü aqibətindən danışmaqla başlayırıq.

- Səfərəli bəy, atanızdan sizə təkcə kamança, yoxsa digər əşyaları da yadigar qalıb?

- Kamança atamdan bizə yadigar qalan ən dəyərli və qiymətli hədiyyədir. Onun bu yadigar hədiyyəsini mən qoruyub-saxlayıram. Demək olar ki, çox nadir hallarda ifa edirəm, ifa edəndə də onunla ehtiyatla davranıram. Çünki o kamança böyük əsərlər ifa edib, neçə-neçə konsertlərin şahidi olub. Musiqi aləti uzun müddət istifadəsiz qalanda onda problemlər yaranır. Sağ olsun, musiqiçi dostlarım kamançanı bu kimi təhlükəli problemlərdən qoruyurlar. Cansız bir musiqi aləti mənim üçün heç bir təsəlli ola bilməz. Mənim üçün yeganə təsəlli atamın həyatda yaşaması ola bilərdi. Yaxud da müvəqqəti harayasa gedib, yenidən yanımıza qayıtması. Əgər bu da yoxdursa, mənə dünyanı bağışlasalar da, bu mənim üçün təsəlli ola bilməz.

- Bildiyimə görə, atanız Bakının köhnə Dağlı məhəlləsində böyüyüb. O vaxtlar oğlan uşağının musiqiçi, "artist" olması birmənalı qarşılanmazdı. Sizin babanız Səfərəli Vəzirov da, əminiz, xalq artisti Kamil Vəzirov da öz dövrlərinin məşhur qarmon ifaçıları olublar...

- Bəli, o zamanlar Dağlı məhəlləsində nəinki qız, oğlan övladının da musiqiçi olması birmənalı qarşılanmazdı. Amma bu bir növ nisbi məsələ idi. Sənətkarın əgər insani keyfiyyətləri həddindən artıq yüksək olursa, onu sənətdə normal qəbul edirlər. Bəzən elə böyük sənətkar olur ki, onda insani xüsusiyyətlər olmur. Amma halbuki böyük sənəti var. Bu sənət də o "insaniyyət"liyin kölgəsində qalır, itib gedir. Atam dünyasını dəyişəndə mənim 17 yaşım var idi, mən, bəlkə də onu çox yaxşı tanımırdım. Amma dostları, sənət yoldaşları həmişə deyirdilər ki, sənin atan həm şəxsiyyət kimi, həm də sənətkar kimi peşəkar insan olub.

- Demək ki, bu sənət sizdə nəsillikcə ötürülən bir peşədir. Bəs bu gün davamçıları hal-hazırda kimlərdir?

- Biz evdə iki qardaş, bir bacıyıq. Mən özüm də Bülbül adına orta ixtisas məktəbinin kamança sinfini bitirmişəm. 11-ci sinfə kimi orada oxuyub təhsil almışam. Amma nədənsə atam musiqiçi yox, həkim olmağımı istəyirdi. Musiqiçi övladının musiqiçi olması o zamanlar məsuliyyətli bir iş idi. Məsuliyyət o vaxt daha da artırdı ki, yaxşı musiqiçinin övladı gərək daha yaxşı musiqiçi olsun. O mənə qarşı çıxmadı, sadəcə bir kəlmə dedi ki, yaxşı olar ki, sən həkim olasan. Təəssüf ki, 11-ci sinifdə oxuyarkən o rəhmətə getdi, həkim olduğumu görmədi. Hal-hazırda diş həkimi vəzifəsində çalışıram.

- Universiteti bitirib, diplomunuzu əlinizə alarkən atanızın hansısa sözlərini yadınıza salıb, kövrəldiyiniz oldumu?

- Həkimlik elə bir peşədir ki, bu, təhsildən asılı deyil. Bu elə bir sahədir ki, ömrünün sonunadək işləyib oxumalısan. Mən deyə bilmərəm ki, bu gün çox yaxşı həkiməm, yaxud atamın arzusunu yerinə yetirmişəm. Xeyr... Ən əsası odur ki, varisləri ona layiq övlad olublar. Biz onun ruhu qarşısında tam məsuliyyət daşıyırıq.

- Ümumiyyətlə, evdə övladlarına qarşı münasibəti necə idi?

- O uşaqla uşaq idi, böyüklə böyük. Atam heç vaxt bizim səhvimizi üzümüzə acıqlı şəkildə deməzdi. Çünki çox böyük əxlaq sahibi idi. Çox mehriban insan idi, uşaq olarkən belə heç vaxt bizə əl qaldırmayıb. Onda istənilən insanı ələ almaq bacarığı var idi. Amma mehribanlığı qədər zəhmliliyi də var idi. O zəhmi görən insan artıq hər şeyi başa düşürdü.

- O vaxtı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ansamblında ifa etmək hər sənətkara qismət olmazdı. Amma Ədalət Vəzirov çox məşhur insanlarla qastrol səfərlərində olub, onlarla işləyirdi. Ümumiyyətlə, o ansamblda ifa etdiyinə görə ona düşmən kəsilən sənətkarlar var idimi?

- O, Zeynəb Xanlarovanın ansamblında ifa etdiyinə görə heç vaxt qürrələnməzdi. Çünki şöhrətə yaxınlaşdıqca sadəliyə daha çox can atırdı. Ona qiyməti sadə insanlar, böyük xalq verib. O ki qaldı qısqanc münasibətə... Olubsa da bu haqda heç vaxt bizə danışmayıb. Ümumiyyətlə, çöldə olan söz-söhbəti, hadisəni evdə danışmağı sevməzdi.

- Sənətkarlar hər dəfə müsahibələrində bu sənətdə dostluğun olmamasından gileylənirlər. Ədalət müəllim heç dost xəyanəti ilə rastlaşmışdımı?

- Mən sizin bu fikrinizlə qətiyyən razı deyiləm. Əksinə, deyərdim ki, ən çox dost sənətkarlar arasındadır. Baxır necə dost, çünki dost başqadır, tanış başqa. Dostluq məsuliyyətli bir anlamda işlənilir. Atamın çox yaxşı sənət dostları var. Bu günə kimi onların bizə qarşı davranışını görəndə hiss edirik ki, atam onlarla necə dost olub. Bu günə qədər hamısı bizim yanımızdadır. Onun ölümündən sonra bizi atıb gedən dostu olmayıb. İndi də onun haqda danışılanda dostları göz yaşı tökürlər. Atam dünyasını dəyişəndə Zeynəb Xanlarova ağlayaraq bizə gəlmişdi. Deyilənə görə, o heç yas yerinə də getmir. Zeynəb xanım mənəvi baxımdan bizə çox yaxın olmuşdu. Çünki atamın ölümü bütün sənət yoldaşları kimi ona da pis təsir etmişdi.

- Sənətdə kimlərlə yaxın dostluq edirdi?

- Xalq artistləri Zamiq Əliyev, Zeynəb Xanlarova, Simarə İmanova, Ağaxan Abdullayev, Mələkxanım Əyyubova və digər sənətkarlarla yaxın dost idilər. Elə bir sənətkar görmədik ki, atamın ölümündən sonra bizim ailədən ayrılsın. Mən universitetə girəndə elə bildim ki, atam heç dünyasını dəyişməyib. Bizim toyumuzda o qədər sənətçi iştirak etdi ki, heç atamın həyatda yoxluğunu hiss etmədik.

- Kimlər gəlmişdi toyunuza?

- Demək olar ki, atamla yaxın olan bütün sənətkarlar toyumuzda iştirak etdilər.

- Uşaq olarkən sizi özü ilə konsert proqramlarına aparırdı?

- Bəli, özüm istəyəndə aparırdı. Getmək istəməyəndə heç vaxt məni məcbur etməzdi.

- Həyat yoldaşına qarşı olan münasibətini necə fərqləndirərdiniz?

- O vaxt sənətkarların ailə həyatından bəhs edən məşhur verilişlər var idi. Nə qədər xahiş etsələr də, atam o verilişlərin heç birinə çəkilmirdi. O heç vaxt evin içini televiziyaya daşımazdı. Ailəni ictimailəşdirməyi sevməzdi. Ona görə də ailə həyatı haqda ətraflı danışmaq istəməzdim. İstəmirəm, ruhu incisin. Çünki o özü də sağlığında bu cür söhbətləri sevməzdi.

- Son günlərini necə xatırlayırsız?

- 1999-cu ildə Türkiyənin "Qaradəniz filarmoniya orkestrı" adlı bir layihəsi var idi. Bu festivalda 3 dənizin sənətkarlarından ibarət məşhur sənətçilər iştirak edirdilər. Azərbaycandan bu layihədə ilk iştirak edən məhz Ədalət Vəzirov olub. 2002-ci ildə yenidən Türkiyədə bu tipli konsertlər təşkil olunmuşdu. Orkestrin 10 illiyi idi, bütün solistlər kimi atam da oraya dəvət olunmuşdu. 2002-ci ilin oktyabrında Türkiyəyə yola düşdü. Ciddi bir xəstəliyi yox idi. Oteldə olarkən qəfil ürək tutmasından dünyasını dəyişmişdi.

- Halı pisləşərkən yanında kimlər olub?

- Sənətkarlar rahat istirahət etsinlər deyə onları tək nömrəli otaqda yerləşdirirdilər. Bu bir növ onlara göstərilən hörmət idi. Bu da Allahın bir qisməti idi. Halı pisləşərkən onun yanında kimsə olmayıb.

- Hansı arzusuna çatmamış dünyasını dəyişdi?

- Mənə elə gəlir ki, bütün valideynlər öz övladlarının xoş gününü görmək istəyirlər. Ondan sonra nəvələrinin və s. Və bu beləcə davam edir. Arzular bitib-tükənmir. İnsan yaşadıqca arzuları daha da böyüyür. Biz fikirləşirik ki, əgər sağ olsaydı, nəvələrini və bizim uğurlarımızı görüb sevinərdi. Təəssüf ki, Allah onu bizdən tez aldı. İndi onun iki oğul və 3 qız nəvəsi böyüyür. Nə qardaşımda, nə də məndə oğlan övladı olmadığına görə onun adını biz hələ də kiməsə verməmişik. Necə ki, mən babamın adını daşıyıram, inşallah, bizim də övladımız onun adını yaşadar. Atamı itirən gündən böyümüşəm və dünyaya böyük arzularla, böyük ümüdlərlə baxıram. Onu bu gün unutmayan dostlarına, sənət yoldaşlarına və ən əsası, sənətə, sənətkara qiymət verən tamaşaçılarına minnətdarlığımı bildirirəm.

Əli Rəhimoğlu

Milli.Az