Region TV dünya səviyyəsində unikal bir işbirliyi qurmaqla ilkə imza atdı! - FOTO

8 Noyabr 2015 18:33

2014-cü il mayın 10-dan Azərbaycan üzrə yayım hüququ əldə edən "Region TV" məhz noyabrın 1-də, parlament seçkiləri günündə öz gücünü, nəyə qadir olduğunu göstərdi.

Kəpəz TV (Region TV) xəbər verir ki, non stop rejimində, 18 saat ərzində, demək olar ki, fasiləsiz surətdə xəbər verməklə TV Milli Məclisə seçkilər prossesini ən geniş formatda işıqlandıran televiziya oldu. Həm də bu xəbərlər yalnız paytaxtı və böyük şəhərləri yox, bütün ölkə ərazisini əhatə etdi. Buna 6 müstəqil regional telekanal - Gəncədə yerləşən Kəpəz TV, Xaçmazda RTV, Lənkəranda CTV, Yevlaxda EL TV, Şəkidə Kanal S, Tovuzda fəaliyyət göstərən TTV və Region TV-nin Bakı ofisinin qüvvələrini səfərbər etməklə nail oldu. Ümumiyyətlə, Region TV şəbəkəsi nəinki Azərbaycan, dünya səviyyəsində unikal bir işbirliyi qurmaqla ilkə imza atdı. Zənnimizcə, Azərbaycanda radio və televiziya gününün qeyd olunduğu 6 noyabr ərəfəsində bu xüsusilə vacib idi.

Dünyada müxtəlif teleşəbəkələr mövcuddur. Amma onların iş metodları və ölkə ərazisində yayım prinsipləri tam fərqlidir. Bir çox inkişaf etmiş ölkələrdə yüzlərlə telekanal fəaliyyət göstərsə də, onların yalnız bir-neçəsi bütün ölkə ərazisində yayımlanır. Məsələn, Amerika Birləşmiş Ştatlarının Nyu-york şəhərində yerləşən NBC, CBS, FOX kanalları kimi məşhur televiziyaları öz verilişlərini ölkə ərazisinə əyalətlərdəki yerli telekanallar vasitəsilə yayımlayır. Yəni müəyyən vaxt həcmində onların efir vaxtını alaraq öz məhsulunu həmin bölgə televiziyasının yayım dairəsindəki əhaliyə təqdim edir. Bu zaman, təbii ki, həmin tərəfdaşların maddi maraqları da nəzərə alınır. Bu iş bölgüsündən hamı udur: əhali keyfiyyətli verilişlərə baxmaq imkanı əldə edir, paytaxt televiziyası öz tamaşaçı auditoriyasını genişləndirir, yerlərdəki kiçik televiziyalar isə efirlərində baxımlı layihələri yayımlamaqla yanaşı, həm də maddi gəlir əldə edirlər. Azərbaycanda bütün ölkə ərazisinə yayımlanan kanalların sayı 12-dir. Bunun çox və ya az olduğunu müəyyənləşdirmək üçün yalnız bir faktı misal çəkmək kifayətdir. 250 milyon əhalisi olan Amerika Birləşmiş Ştatlarında belə kanalların sayı 5-dir. Amerikanın əsas teleşəbəkələri NBC, CBS, ABC, FOX və CW kanallarıdır. Amma hətta bu 5 kanal da əyalətlərdə yerli televiziyaların efiri vasitəsilə yayımlanır. Bu isə həmin kiçik televiziyaların maddi durumuna və inkişafına müsbət təsir göstərir. Azərbaycanı miqyasına görə, ABŞ-la müqayisə etmək olmaz. Bizim region kanallarının maddi imkanları da məhduddur. Bu, ilk növbədə, təbii ki, əyalətlərdə reklam bazarının zəif olması ilə bağlıdır. Bununla belə ölkəmizin bölgələrinin televiziyaları inkişaf etmək, təkmilləşmək üçün yollar axtarır. Elə bu kanalların Region TV şəbəkəsində birləşməsində də əsas məqsəd kadr potensialından birgə yararlanmaq, gücləri, imkanları birləşdirərək rəqabət qabiliyyətliliyi artırmaq, inkişaf etməkdir. Bütün çətinliklərə rəğmən... İndi bu şəbəkədə artıq adlarını çəkdiyimiz televiziyalardan başqa ölkənin ilk musiqi kanalı - Gəncədən yayımlanan Alternativ TV, Xaçmazda yerləşən, yeni yaranmasına baxmayaraq, artıq kifayət qədər tamaşaçı auditoriyası toplaya bilmiş ilk uşaq kanalı Günəş TV də var. Paytaxtdan kənarda fəaliyyətə başlayan ilk radio - Kəpəz FM isə Gəncədən yayımlansa da, ölkə ərazisinin demək olar ki, yarısı onun əhatə dairəsinə daxildir və həmin rayonlarda ən çox dinlənilən radiodur.

Ümumiyyətlə, deyə bilərik ki, hər bir uğurun, nailiyyətin arxasında birlikdən doğan zəhmət, əziyyət dayanır. Bunu televiziya işçiləri daha yaxşı başa düşür. Çünki efirdə tamaşaçının izlədiyi hər görüntünün, hər xəbərin hazırlanması üçün onlarla işçi qüvvəsi çalışır. Xəbərin yazılmasından efirə yayımlanmasına qədər hər işin öz ustası var desək, yanılmarıq. Təbii ki, birlikdən yaranan işin məsuliyyəti daha çox olur. Birliyin ən gözəl nümunəsini isə noyabrın 1-də Region TV nümayiş etdirdi. 6 region televiziyasının və Bakı ofisinin əməkdaşları həmin gün "güc birlikdədir" deyimini, sözün əsl mənasında, bir daha sübut etdilər. Seçki prosesinin gedişatını bütün təfərrüatları ilə tamaşaçılara çatdırmaq üçün səhər saat 07:00-dən etibarən hər kəs səfərbər oldu. Yalnız kadr potensialı yox, bütün texniki imkanlardan maksimum şəkildə yararlanaraq seçki məntəqələrindən operativ görüntü və xəbərlər tamaşaçılara çatdırıldı. Xəbərlər 18 saatlıq fasiləsiz yayımla tamaşaçıya təqdim olundu. Hətta böyük televiziyaların da heç də hamısı belə göstərici ilə öyünə bilməz.

22 ildir fəaliyyət göstərən Azərbaycanın ilk müstəqil regional televiziya kanalı Kəpəz TV bu gün Region TV-nin əsas yayımçısı və təchizatçısıdır. 24 saatlıq iş yükünə bələd olan əməkdaşlarımız həmin gün də əllərindən gələni etdilər. Tamaşaçıların efirdən yalnız aparıcının təqdimatında izlədiyi dolğun xəbərləri hazırlamaq və zamanında çatdırmaq üçün hər kəs yorulmadan çalışdı. Siz elə bilirsiniz ki, xəbərlər elə aparıcının sakit şəkildə təqdimatı kimi ərsəyə gəlir?

Məcazi mənada desək, həmin gün hər kəs "arı kimi" çalışdı. Bəzən yorğunluq, bəzən əsəb, ən önəmlisi isə məsuliyyət hissi ilə üzərinə düşən işin öhdəsindən hər kəs layiqincə gəldi.

6 region kanalının xəbər studiyası ilə telekörpü, müxbirlərin seçki məntəqələrindən aldığı ən son məlumatlarla birgə canlı bağlantıları, telefon əlaqələri məhz Kəpəz TV-nin studiyasından yayımlandı.

Fərid Mehdiyev - "Kəpəz" TV-nin Xəbərlər Departamentinin rəhbəri: "Xəbərlər Departamenti olaraq, biz artıq seçki gününə hazırlığı 1 həftə əvvəldən yekunlaşdırmışdıq. Belə ki, MSK və digər region kanalları ilə canlı bağlantılar yoxlanılaraq hazır vəziyyətə gətirilmişdi. Noyabrın 1-i bir daha onu göstərdi ki, üzərimizə düşən məsuliyyəti layiqincə qavradıq və yerinə yetirdik, 16 saatdan artıq fasiləsiz olaraq, "nonstop" rejimdə xəbərlər verdik və ölkənin bütün regionlarını əhatə etməklə seçkinin gedişatı barədə operativ və dəqiq məlumatlar çatdırdıq".

Budur...saatlar 8-i göstərir. Deməli, region əməkdaşlarının bir komanda olaraq, eyni hədəfə doğru irəliləməyinin zamanı gəlib çatdı. İlk olaraq, Region Xəbərdən simasını tanıdığınız Zülfiyyə Telmanqızı saat 8-ə olan xəbərləri təqdim etdi.

Zülfiyyə Telmanqızı - "Kəpəz" TV-nin aparıcısı: "Hər efirə çıxanda ilk efirim kimi həyəcan və məsuliyyət olur məndə. Sadəcə olaraq seçki günü həmin həyəcanım iki qat idi. Çünki ilk efir buraxılışının məsuliyyəti mənim üzərimdə idi. Komanda olaraq, çalışdıq ki, layiqincə bu işlərin öhdəsindən gələk. Ümid edirik ki, elə gəldik də. Əslində, "Region Xəbər"in yaradılması ilə Region TV bir ilkə imza atmışdı. Öz gücümüzü, öz etimadımızı seçki günü fasiləsiz xəbər buraxılışlarının təqdimatı ilə operativ şəkildə tamaşaçılara çatdırılması ilə bir daha bəyan etdik".

Şahin Əliyev və Günay Yelmarqızı isə saat 10-dan etibarən efirin bütün yükünü çiyinlərinə götürdülər.

Şahin Əliyev - "Kəpəz" TV-nin Xəbərlər Departamentinin baş redaktoru: "Mən və həmkarım Günay Yelmarqızı hərəmiz təxminən 8 saat canlı efirdə olduq. Bu təbii ki, çox yorucudur. Amma ən qəribəsi budur ki, günün sonunda, gecə saat 2-də heç kim yorğunluqdan şikayət etmirdi, hamı sanki eyforiya içərisində idi".

Günay Yelmarqızı - TTV-nin aparıcısı: "Mən TTV-nin əməkdaşıyam. Amma həmin gün Kəpəz TV-nin efirində tamaşaçıların görüşünə gəldim. Bu isə o deməkdir ki, bütün Region TV ailəsi həmin gün bir yumruq kimi birləşmişdi. Bölgələrdən xəbərlər o qədər operativ gəlirdi ki, studiyadan qalxmaq imkanımız belə olmurdu. Hətta bizə studiyaya çay gətirmişdilər. Məni elə studiyada Gəncə plovuna da qonaq etdilər. Yeri gəlmişkən deyim ki, çox dadlıydı, təşəkkür edirəm".

TTV-nin digər əməkdaşları isə düşmənlə sərhəd olan kəndlərdən ən son məlumatları çatdırmaq üçün səfərbər idilər.

Oruc Mansırov - TTV-nin aparıcısı: "Biz namizədlərin sayını, yaşını və peşəsini diaqramlarla izah etdik efirdə. Düzdür, bir aparıcı kimi müəyyən çətinliklər oldu. Ümumiyyətlə, TTV-də hər kəsin işi həmin gün çətin idi. Amma biz bu çətinliyin öhdəsindən gəldik".

Başı işə qarışan bu insanlar isə ölkənin şimal-qərbindən olan xəbərləri hər gün tamaşaçılara çatdıran Kanal S-in əməkdaşlarıdır.

Gülgəz Mustafayeva - Kanal S-in Xəbərlər Xidmətinin rəhbəri: "Kanal S də bütün region komandası kimi seçki gününü çox böyük həmrəylik nümayiş etdirərək səylə çalışdı. Düşünürəm ki, bu bizim uğurumuzdur. Xüsusilə də, onu qeyd etmək istəyirəm ki, Kanal S bölgənin 90 faizi seçki məntəqəsində olaraq çəkilişlər apardı və biz bunu tamaşaçılara çatdırdıq. Hətta ən ucqar kəndlərdə belə olduq".

Anar Nağıyev - Kanal S-in aparıcısı: "Bəzən elə bir məqam olurdu ki, hansısa süjet biz efirdə olarkən çatırdı. Operativliyi qorumaq üçün süjeti elə həmin anda təqdim edirdik. Belə olanda da biz özümüzdən müəyyən təqdimatları etməyə çalışırdıq".

Lənkərandan yayıma qoşulan Cənub Televiziyası da bütün heyəti ilə birlikdə havanın soyuq olmasına, bəzi rayonlarda qar yağmasına baxmayaraq, operativ çalışdı.

İsmayıl Cəfərli - CTV-nin Xəbərlər Xidmətinin rəhbəri: ""Region Xəbər"in efirinə dəfələrlə, hər saatdan bir qoşulmaqla cənub bölgəsində baş tutan seçkilərlə bağlı məlumat verə bildik. Təkcə studiyada efirə çıxmaqla deyil, kadr arxasında da bir çox əməkdaşlarımız prosesi yaxından izləməklə ən son məlumatları çatdırmaqda bizə kömək etdilər".

Eyyub Məmmədov - CTV-nin aparıcısı: "Mən bəzi tamaşaçılardan da eşidirəm ki, "Region TV" doğrudan da, sözün əsl mənasında tam gücü ilə seçkiləri işıqlandırmağı bacardı. Bildiyim qədəriylə ölkə tamaşaçılarının böyük bir qismi seçki prosesini digər kanalların deyil, məhz Region TV-nin efirindən izlədilər".

Ölkənin Aran və Aran- Qarabağ bölgəsindən olan ən son məlumatları isə bu insanların sayəsində öyrənmiş olduq. El Televiziyasının yorulmadan çalışan əməkdaşlarının...

Qabil Məmmədov - EL TV-nin Xəbərlər Xidmətinin rəhbəri: "Bazar günü olmasına baxmayaraq, həmin gün bütün əməkdaşlar, istər yaradıcı, istər texniki heyət hamı iş başında oldu. Əlbəttə ki, iş də əvvəlcədən planlaşdırılmışdı. Həm bölgə müxbirləri, həm də digər əməkdaşlar Mərkəzi Aran və Aran- Qarabağ üzrə bütün dairə seçki komissiyalarında oldular, məntəqələrdə seçkinin gedişatını izlədilər. Biz də məlumatları operativ olaraq, tamaşaçılara çatdırdıq".

Elmir Həsənov - EL TV-nin aparıcısı: "Bir aparıcı olaraq bizim öhdəmizə televiziyamıza ötürülən məlumatları toplamaq, emal etmək, hazırlamaq və son nəticədə tamaşaçılara təqdim etmək qalırdı. Biz də bunun öhdəsindən bacardığımız qədər gəlməyə çalışdıq".

Mirvari Nurlu - EL TV-nin aparıcısı: "Maraqlı an ondan ibarət idi ki, efirə 2 dəqiqə qalmış mənə bildirildi ki, qonağımız var. Ancaq mənim qonağın kim olduğu, ona hansı suallar veriləcəyi barədə heç bir məlumatım yox idi. Məlumatları oxuya-oxuya fikirləşirdim ki, hansı sualları qonağa versəm, daha dolğun cavab ala bilərəm. Bu mənim üçün ən yadda qalan hadisələrdən biri oldu".

Şahin Qurbanlı - EL TV-nin aparıcısı: "Qızğın iş günündə nahar etməyə də vaxt tapmırdıq. Elə olub ki, xəbərdən düşüb yeni məlumatları alırdıq və yenidən studiyaya qayıdırdıq. Ümumiyyətlə, çox gərgin iş qrafikində çalışmışıq".

RTV-dən olan həmkarlarımız bildirir ki, bu təcrübə bundan sonra daha böyük layihələrdə birgə işləməyə stimul verdi.

Günay Qaraxanlı - RTV-nin Xəbərlər Xidmətinin redaktoru: "Şimal regionunu tam əhatə etmək üçün digər departamentlərin əməkdaşlarının da köməyindən istifadə etdik. Gün ərzində efirdə süjetlərin müxtəlifliyi ilə yanaşı, spikerlərin seçiminə də önəm verdik. Günün müxtəlif saatlarında spikerlər bir-birini əvəz edərək efirdə gözoxşayan görüntü yaratdılar. Ümumilikdə gücümüzü birləşdirdik və uğurlu nəticə əldə etdik".

Aysel Rzaxanlı - RTV-nin aparıcısı: "Bütün günü efirdə olmaq çox çətin gəlirdi əvvəlcə. Gərgin bir iş günü kimi görünürdü. Səhər saat 7-də biz işə gəldik, bir də saata baxdım ki, artıq 12-dir, biz artıq evə gedirik".

Elnur Abdurəhmanlı- RTV-nin aparıcısı: "Günün birinci yarısında Xınalıqda idim, telefon bağlantısı qurdum, oradakı xəbərləri də tamaşaçılarımıza çatdırdım. Günün ikinci yarısında isə efirə çıxdım və studiyada qonaqla müzakirələr apardım".

Region TV-nin Bakı ofisinin əməkdaşları isə seçkiyə hazırlıq dövründən prosesi yaxından izləməklə MSK-nın bütün tədbirlərini demək olar ki, işıqlandırdı. Seçki günü isə əsas prioritet Seçkilər İnformasiya Mərkəzindən bütün məlumatları ötürmək idi ki, bunu da layiqincə bacardılar.

Elnur Şibliyev- Region TV-nin Media Mərkəzi və Xəbər Departamentinin rəhbəri: "Seçki günü əsas prioritetimiz Seçkilər İnformasiya Mərkəzindən birbaşa məlumatları ötürmək, eyni zamanda yerli və beynəlxalq bütün təşkilatların seçki ilə bağlı məlumatlarını açıqlamaq niyyətində idik və deyə bilərəm ki, biz bunu edə bildik. Demək olar ki, paytaxtda seçki ilə bağlı heç bir vacib məqamı qaçırmadıq, həm də bunu uğurlu formada təqdim etdik".

Gün ərzində bölgə kanallarının yayım statistikasına gəlincə isə...

Kəpəz TV 3 saat 11 dəqiqə, Kanal S qısa zaman fərqi ilə - 2 saat 45 dəq, El TV 1 saat 53 dəq, Region TV-nin Bakı ofisi hazırladığı materiallarla 1 saat 50 dəq, RTV 1 saat 41 dəq, CTV 1 saat 33 deq, TTV isə 1 saat 22 dəq müddətində efirdə yayımını davam etdirib.

MSK ilə canlı bağlantının ümumi vaxtı isə 1 saat 58 dəq təşkil edir.

KANALLAR

VAXT

1

Kəpəz TV

3 saat 11 dəq

2

Kanal S

2 saat 45 dəq

3

MSK

1 saat 58 dəq

4

El TV

1 saat 53 dəq

5

Bakı

1 saat 50 dəq

6

RTV

1 saat 41 dəq

7

CTV

1 saat 33 dəq

8

TTV

1 saat 22 dəq

Başqa sözlə, 100 faizlik zaman kəsiminin 19.63 faizi qərb bölgəsinin, yəni Kəpəz TV-nin, 16.96 faizi Kanal S-in, 11.61 faizi Aran-Qarabağ bölgəsindən ən son xəbərləri çatdıran El TV-nin, 11.31 faizi Region TV-nin Bakı ofisinin payına düşüb. Yerdə qalan hissə, yəni, 10.38 faizi RTV-nin, 9.56 faizi Cənub Televiziyasının, 8.43 faizi isə TTV-nin payına düşüb. MSK ilə canlı bağlantılar isə bu zamanın 12.13 faizidir.

KANALLAR

VAXT

1

Kəpəz TV

19.63%

2

Kanal S

16.96 %

3

MSK

12.13%

4

El TV

11.61 %

5

Bakı

11.31 %

6

RTV

10.38%

7

CTV

9.56%

8

TTV

8.43%

Bütün bu vaxt ərzində hər kanal regionun istənilən məkanından səsvermə ilə bağlı ən son xəbərləri, nəticələri əks etdirən süjetlər hazırladı, studiyaya çağırılan qonaqla günün əhəmiyyəti və gedişatı müzakirə olundu.

Hazırlanan materialların sayına qısaca nəzər salaq.

Kanal S-in payına 56 material düşür. Kəpəz TV-də bu say 44, El TV-də isə 42-dir. Region TV-nin Bakı ofisi gün ərzində 32 material ərsəyə gətirdi, RTV və TTV 27, Cənub Televiziyası isə 19 material hazırladı.

Kanallar

Materialların sayı

1

Kanal S

55

2

Kəpəz TV

44

3

El TV

42

4

RTV

27

5

TTV

25

6

Region TV-nin Bakı ofisi

24

7

CTV

19

Müxbirlərin seçki məntəqələrindən aparıcılarla yaratdığı telefon əlaqələri, həmçinin canlı bağlantılar hər bir əməkdaşın nə qədər operativ və dəqiq işlədiyini bir daha sübut etdi.

Kanallar

Telefon və canlı bağlantıların sayı

1

CTV

19

2

El TV

18

3

Kəpəz TV

15

4

Kanal S

13

5

TTV

8

6

Region TV-nin Bakı ofisi

8

7

RTV

1

Müxbirlərin seçki məntəqələrindən aparıcılarla yaratdığı telefon əlaqələri, həmçinin canlı bağlantılar hər bir əməkdaşın nə qədər operativ işlədiyini bir daha sübut etdi.

Həmin gün telekanallarla yanaşı, 93.3 tezliyində dinlədiyiniz Kəpəz FM də gücləndirilmiş iş rejimində çalışdı. Səhər saat 8-dən etibarən hər saatın tamamında ölkənin istənilən bölgəsindən gələn ən son məlumatlar dinləyicilərin diqqətinə çatdırıldı. Kəpəz FM-in əməkdaşları təkcə xəbərləri verməklə kifayətlənmədi. Kəpəz TV-nin rayonlara ezam olunmuş müxbirləri ilə canlı bağlantılar da yaradıldı.

Hər birimiz istənilən işə uğur qazanmaq məqsədilə başlayırıq. Region TV həmin gün uğurla başladığı işi elə də yekunlaşdırdı. Bu qədər gərgin iş günündən sonra təbii ki, hər kəs yorulmuşdu. Ancaq tam mübaliğəsiz deyə bilərik ki, bu yorğunluğu heç kimin üzündə duymaq olmurdu. Çünki sonda hər kəs çəkdiyi əziyyətin hədər getmədiyini bilir və uğurla yekun vurulan iş gününün sevincini yaşayırdı.

Milli.Az