Maç-maç, quc-quc darıxmışam...
4 Mart 2010 09:53
Sevginin, məhəbbətin atributlarından biri də öpüşməkdir. Dodaqlar vasitəsilə icra olunan "öpüş aktı" heç də həmişə insanda eyni hisslər yaratmır. Məsələn, yaxın qohumlarla, dostlarla görüşəndə də öpüşürük. Amma bu zaman qeyri-adi hisslər keçirmirik və heç kəs də bu öpüşlərə irad tutmur.
Öpüşmək qeyri-adi, daha çox ilahi hisslərlə bağlı olan ünsiyyət vasitəsi kimi dəyərləndirilir.
Sevdiyimiz, yaxud da dostluq etdiyimiz əks cinsin nümayəndəsilə öpüşəndə bu, kənardakılarda, o cümlədən polislərdə qıcıq yaradır. Niyə? Niyəsi çox mübahisəlidir.
Dünya alimlərinin araşdırmaları göstərir ki, öpüşmək insanı cavanlaşdırmaqla bərabər, əsəbləri də sakitləşdirir. Tez-tez öpüşən insanların sifətləri daha gülərüz olur. Öpüşmək, həm də sifətin masajı deməkdir. Xarici ölkələrdə bu cür ünsiyyət qadağan olunmadığı kimi, ictimai yerdə sevişənlərə qarşı heç bir mənfi münasibət yoxdur. Azərbaycanda isə bu məsələdə vəziyyət fərqlidir. Gənclərin açıq məkanlarda sevişməsi ətrafdakı insanlarda ikrah hissi oyadır. Bir qisim insan gördüyü bu mənzərəni "nəmə lazım" deyərək görməməzliyə vurur, bir çoxları isə buna qısqanclıqla yanaşır, yaxud Nərgiz xala kimi üz-gözünü turşudaraq "abrınız tökülsün" deyir.
Adama deyərlər, xoşun gəlmir baxma.
Bakıda sevgililər parkı yaradılsın
Bakı şəhərində sevgililərin daha çox olduğu parklarda hər gün öpüşən gənclərə rast gəlmək olar. Dənizkənarı Milli Park, Dağüstü parkın pilləkənləri, Sabir bağı, Elmlər Akademiyasının parkı, Gənclikdəki meşəlik istirahət günləri, axşamlar bir-birinə sarılan gənclərlə dolu olur. Kimisi ayaq üstə, kimisi isə oturmuş vəziyyətdə öpüşür. Burada nə var ki? Dodaq onların, üz onların. Nə qədər istəyirlər öpüşsünlər. Həm də kimin nəyinə lazımdır ki, bu sevişənlər bir-biri ilə evlənəcəklər yoxsa, yox. Başqasının həyatına, təbii hisslərinə müdaxilə edə bilmərik. Parklarda istirahət edən gənclər əsasən, iki şeydən şikayətlənirlər. Kənardan keçən insanların sanki başqa işləri-gücləri yoxmuş kimi diqqətlə onlara baxmasından və polisin müdaxiləsindən.
Fərid adlı gənc bildirir ki, Bakıda sevgililər parkı yaradılmalıdır və ora azyaşlılar, qocalar, polislər buraxılmamalıdır: "Azyaşlıların və qocaların yanında qızın əllərindən tutmağa belə adam utanır. Qalmışdı ki, öpüşməyə. Şəxsən, bir gənc kimi mənim öpüşənlərə pis münasibətim yoxdur. Bəlkə, görüşməyə başqa yerləri yoxdur. Öpüşmək məgər cinayətdir? Savaşmaqdan, müharibə etməkdən ki sevişmək daha yaxşıdır".
Bir-birinə sarılan gənclərin kefinə soğan doğrayan isə polislərdir. Sevişmə səhnəsinin otrasında asayiş keşikçiləri gəncləri "işdən" ayırır və bir balaca antrakt elan etməyə çağırır.
Polislər qız və oğlanla ayrı-ayrılıqda söhbət aparırlar. Suallar isə adətən belə olur. Qız (oğlan) sənin nəyindir? Valideynlərinin bundan xəbəri var? Əvvəlcə, gənclər özlərindən razı halda danışırlar. Deyirlər ki, onların öz işləridir, burada hansısa qanun pozuntusu yoxdur.
Polis isə onların ictimai yerdə əxlaqsızlıqla məşğul olmalarını əsas gətirərək bölməyə getmələrini xahiş edir. Hansı oğlan razı olar ki, onun yanındakı qızı polis bölməsinə aparsınlar? Qızın valideynlərinə zəng olunduqda isə aləm qarışır bir-birinə. Belə olduqda polis yeni münaqişənin başlanğıcını qoymuş olur. Bütün bunları önləmək üçün ağıllı oğlanlar dilini şirin edib, polislə "razılığa" gəlirlər. Demoqoqların isə çıxış yolu olmur. Sonuncular mübahisə yaratmaqla kənardakıların da diqqətini özlərinə çəkirlər.
Hüquqşünaslar öpüşənlər barədə nə düşünür?
Bakı Şəhər Baş Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi, polkovnik Əli Vəliyevin sözlərinə görə, ictimai qaydalar qanunda nəzərdə tutulmayıb: "Gənclərin ictimai yerdə öpüşməsi qanun pozuntusu deyil, mənəvi məsələdir. Polisin öpüşən gəncləri cərimələməsi düzgün deyil. Gənclərin sevişməsinin səviyyəsinə də diqqət yetirmək lazımdır. Baxır sevişmək hansı səviyyədədir. Sadəcə, gəzirlər, yoxsa başqa işlərlə məşğul olurlar. Bütün hallarda qanun öpüşməni qadağan etməyib. Amma hər şeyin də bir həddi-hüdudu olmalıdır. Qanun imkan verir deyə, biz hər şeyi etməliyik? Bəs mentalitet?..."
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə ictimai yerdə öpüşməyi əxlaqdan kənar hərəkət kimi qiymətləndirir: "Bu, daha çox mənəvi məsələdir. Polis hər yerdə, o cümlədən parklarda ictimai asayişi qorumaqla məşğuldur. Əgər parklarda ictimai asayişin pozulması və kriminal hallar varsa, polis qanuna müvafiq olaraq tədbirlər görür. Sevişən gənclərə gəldikdə isə, polisin onların işinə müdaxiləsi o halda mümkündür ki, burada ictimaiyyətə açıq hörmətsizlik əlamətləri olsun. Hamı tərəfindən qəbul edilmiş ümumi əxlaq prinsipləri var. Heç kəsin ixtiyarı yoxdur ki, bu prinsipləri pozsun. Polis əməkdaşları hər kəsin gözü qarşısında bir-birinə sarılıb uzun müddət öpüşən gənclərə müdaxilə edib, onları ədəb-ərkanlı olmağa dəvət edə bilər. Əslində, bunu tək polis yox, hər bir gənc etməlidir. Bəzi hallarda gəncləri bölməyə gətirib xəbərdarlıq etmək də olar. Milli Parkda xidmət aparan polislər daha diqqətli olmalı, belə məsələlərə həssas yanaşmalıdırlar".
O.Mansurzadə onu da əlavə etdi ki, parklarda istirahət edən ailəli şəxslər, yaşlı qadın və kişilər gənclərin əxlaqdan kənar hərəkətlərindən narazılıq edirlər. Ona görə də, polislər məsələyə qarışmalı olur.
Hüquqşünaslar hesab edir ki, Azərbaycanda əxlaq polisi olmadığından belə məsələlər qanunla tənzimlənmir. Çünki telekanallardakı filmlərdə, seriallarda intim səhnələr kifayət qədərdir. Əgər mentalitetə ziddirsə, o zaman telekanallarda da öpüş səhnələrinin yayımlanması qadağan olunmalıdır.
Göründüyü kimi, məsələ olduqca mübahisəli və mürəkkəbdir.
"Hüquqi Dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov bildirdi ki, 10-15 il bundan qabaq ictimai yerdə öpüşməyə fərqli münasibət olsa da, hazırda yanaşmalar fərqlidir: "Bu daha çox sevgi məsələsidir. Kimsə bunu ictimaiyyətə qarşı hörmətsizlik kimi də qiymətləndirə bilər. Məsələnin hüquqi tənzimlənməsi qaydası yoxdur. Əgər yaşlı bir insan belə gənclərdən polisə şikayət etsə, o zaman ictimai qaydanın pozulması və ya İnzibati Xətalar Məcəlləsinin 296 (xırda xuliqanlıq) maddəsilə şəxs 50-100 manat arasında cərimə oluna, yaxud da 15 gün müddətinə həbsə alına bilər. Bu məsələnin ictimai müzakirəyə çıxarılmasına və qanunla tənzimlənməsinə ehtiyac var".
Görünür, cavanlar "Sevdiyin yarın əlindən tutasan cam alasan, Öpəsən ləblərini, o naz edə, sən kam alasan" şeiri yada salıb içini çəkə-çəkə hələ çox gözləməli olacaqlar.
Ruslan
Milli.Az