Göyçay narından hazırlanan narşərab dadı və keyfiyyəti ilə seçilir. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, bu işlə məşğul olan Fəridə Əhmədova deyir ki, narşərab əsasən şirəsi bol olan, qalınqabıq narlardan hazırlanır: "Narşərab əsasən gülövşə və mələs nar sortundan yaxşı olur. Ona görə ki, ağacda tam yetişir".
Narşərab almaq üçün dərilən narlar dənələnərək təmizlənir. Dənələr yuyulduqdan sonra ocağın üstündə olan qaba tökülür və taxta qaşıqla qarışdırılır. Tumlar ayrılandan sonra aşsüzəndən keçirilir. Nar lətini narşərab halına gətirmək üçün yenidən yüksək odda bişməyə qoyurlar. Yanmaması üçün tam qatılaşana kimi qarışdırılır.
Narşərabın turşməzə alınması üçün duz əlavə edilir və ocaqdan götürülərək soyudulur. Zövqə görə şəkər tozu tökənlər də var. Fəridə Əhmədova deyir ki, 10 kiloqram nardan təxminən 2-3 kiloqram şərab alınır. Narşərabı 2-3 il saxlamaq mümkündür. Narşərabdan balıq, kabab, plov kimi yeməklərdə ədviyyat kimi istifadə olunur.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.