Bakının mərkəzi qazılır - FOTO

5 Noyabr 2015 09:50

Bakında gələn ilin iyulunda keçirilməsi planlaşdırılan Formula-1 yarışları üçün mərkəzi yollarda təmir gedir.

Milli.Az azadliq.org-a istinadən xəbər verir ki, yarışların marşrutu olacaq bütün yollarda hərəkət dayanıb. Ekskavatorlar, buldozerlər Xaqani küçəsindən Rəşid Behbudov küçəsinə qədər asfalt yolu qazır. Bu yoldan istifadə edən sürücülər yollarını dəyişməli olublar.

Qazılan küçələrdə kafelər, mağazalar, yaşayış evləri olduğundan sakinlər taxtalardan kiçik keçidlər düzəldib üstündən keçirlər. Bunlar olmayan hissələrdə isə xəndəklərin üstündən tullanıb keçirlər.

Bir müddət əvvəl gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə demişdi ki, Bakıda keçiriləcək yarış 20 döngədən ibarət olacaq. Marşrutun uzunluğu 6 kilometrdir. Yarışları 25 mindən artıq tamaşaçının izləməsi üçün şərait yaradılacaq.

Nazir deyib ki, asfalt örtüyü ilə bərabər, şəhərdəki bütün kanalizasiya qapaqları da bərkidilməlidir.

Milli.Az