Gəncləri hərbi hissələrə göndərəcəklər

4 Noyabr 2015 08:01

Azərbaycanda hərbi-vətənpərvərlik düşərgələri təşkil ediləcək, məktəblilər, yeniyetmələr, gənclər hərbi hissələrdə təlim keçəcəklər.

Bunu Milli.Az-a açıqlamasında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.

Nazir müavini bildirib ki, vətənpərvərlik tərbiyəsi sahəsində həm Gənclər və İdman Nazirliyi, həm də digər dövlət və ictimai qurumlar tərəfindən kifayət qədər tədbirlər həyata keçirilir: "Biz vətənpərvərlik deyəndə, ilk növbədə, hərbi vətənpərvərliyi nəzərdə tuturuq. Çünki müharibəyə cəlb olunmuş, ərazi bütövlüyü pozulmuş ölkəyik. Ona görə də bu günə qədər mövcud olan ənənəvi hərbi-idman yarışlarının əsasnaməsi hər il dəyişir. Yəni hər il ötənilkindən fərqli olaraq müəyyən düzəlişlərlə onların daha da müasirləşməsinə diqqət yetiririk. Bunlar, ilk növbədə, "Şahin" və "Cəsurlar" hərbi-idman oyunlarıdır. Burada söhbət keyfiyyəti qorumaqla yanaşı, kəmiyyətin artırılmasından gedir. Bu yarışların kütləviliyinə mütləq ehtiyac var. Çalışırıq ki, Müdafiə və Təhsil nazirlikləri ilə birgə bu oyunlarda iştirak edən məktəblərin əhatəsini və məktəblilərin sayını daha artıraq və bu işi mütəşəkkil edək.

İ.Babayevin fikrincə, vətəpərvərlik təkcə hərbi deyil, həm də Azərbaycan dilinin, onun tarixinin və mədəni irsinin təbliğidir və bu gün buna böyük ehtiyac var: "Çünki biz qlobal dünyanın bir parçasıyıq. Bəzən deyirlər ki, qloballaşmaya qarşı çıxmaq lazımdır. Əslində bu gülüncdür. Çünki qloballaşmanın lehinə və ya əleyhinə olmağımızdan asılı olmayaraq o, hər yeri əhatə edir və biz də onun içindəyik. Bu, insanların xarici görünüşündən tutmuş həyat və düşüncə tərzinədək hər şeyə öz təsirini göstərir. Aydındır ki, gənclər nisbətən daha müasir olduğuna görə, onları boz bir auditoriyaya toplamaq, hansısa alimin tribunaya çıxıb vətənpərvərlik və ya tarix haqqında mühazirə oxuması ilə vətənpərvər etmək qəliz məsələdir. Zalda oturanların bir qismi, bəlkə də, özünə hansısa tarixi faktları, rəqəmləri qeyd edə bilər, amma digər tərəfdən, mühazirəçi köhnə dəblidirsə, bir müddətdən sonra gənclərin əli ilə sosial şəbəkələrin "qəhrəmanı"na çevriləcək. Gənclərə heç kim qadağa qoya bilməz ki, sən bu tədbiri mütləq bəyənməlisən. Deməli, həyata keçirilən layihələr interaktiv olmalı, öz hədəflərimizə müasir gəncin marağını gözləməklə, onların nəbzini tutmaqla çatmalıyıq".

Nazir müavini qeyd edib ki, son 2 ildə "Tarixin canlı səhifələri" adlı yeni layihəyə başlanılıb, Bakı da daxil olmaqla bölgələrdə müxtəlif tarixi şəxsiyyətlərə və ya hadisələrə həsr edilmiş festivallar təşkil edilir. Burada tariximiz təkcə aktyorlar deyil, tələbələrin, gənclərin iştirakı ilə canlanır. Bu tədbirlər yerli camaat tərəfindən böyük minnətdarlıqla qarşılanır: "Bilirsiz ki, müasir dövrdə gənclər kitab az oxuyur, televiziyaya da az baxır, çünki onlar üçün əsas mənbə sosial şəbəkələr və internetdir. Biz gənclərə internet jurnalistikası ilə bağlı təlimlər keçəndə çalışırıq onlar bu sahədə aparıcı qüvvəyə çevrilsinlər, digər gəncləri də müzakirə və təkliflərə cəlb etsinlər".

Nazirliyin Azərbaycan teleməkanında gənclərin intellektual inkişafı və vətənpərvərlik tərbiyəsi ilə bağlı dəstəklədiyi bir neçə layihəsinin olduğunu deyən İ.Babayev bundan əlavə müxtəlif düşərgələrin də təşkil edildiyini açıqlayıb: "Amma bu düşərgələr fərqli olmalıdır. Düşərgələrdə uşaqlar yığılır, yeyir, içir, yatırlar. Təbii ki, bu lazımdır və gənclər asudə vaxtlarında istirahət etməlidirlər. Amma düşünürəm ki, bizim iqtisadi qənaətlə daha çox taleyüklü məqamları əhatə etməli olduğumuz dövrdə düşərgələrdəki istirahəti daha məhsuldar və mənalı etməliyik. Məsələn, indi biz şimaldakı gənclərin istirahətini cənub bölgələrində, Bakıda olanlar üçün Ağsuda, Ağsudakılar üçün Gəncədə, Gəncədəkilər üçün Lənkəranda düşərgələr təşkil edirik. Bu, həm də diyarşünaslığın da inkişafı deməkdir. Bu gün elə gənclərimiz var ki, Avropanın şəhərlərini daha yaxşı tanıyır, amma öz qonşu rayonundan xəbəri yoxdur. Nəinki qonşu rayondan, heç öz rayonundakı tarixi abidədən belə xəbəri yoxdur. Ona görə də belə bir diyarşünaslıq mexanizmini qurmuşuq və bu işi səmərəli şəkildə davam etdirmək niyyətindəyik".

Nazir müavini Azərbaycan üçün yeni olacaq daha bir layihədən danışıb: "Bu, düşərgələrin özəlliyi birbaşa hərbi hissələrin yaxınlığında qurulmasıdır. Bu, artıq hərbi-vətənpərvərlik düşərgələri olacaq. Burada hətta gənc bir gününü hərbi hissədə keçirə bilər. Hərbçilərlə birgə səhərlər fiziki hazırlıq keçəcək, birgə səhər yeməyi yeyəcək, silahlarla yaxından tanış olacaq, onları söküb-yığacaq, sıra yerişi edəcək və s. Bu, sabahkı əsgərin bu gün hərbi xidmətlə tanış olması, onu yaxından görməsi deməkdir. Bəziləri yazır ki, hərbi hissələrdə müxtəlif problemlər və s. var. Gəncləri qorxutmamaq üçün məktəb yaşından uşaqlar görməlidir ki, bu, belə deyil. Onlar bilməlidir ki, hərbi hissələrin yüksək səviyyədə təchizatı var, texnikası var. Yəni yeni nəsildə həm də romantik hisslər oyatmaq lazımdır. Sovetlər dönəmində belə bir şey var idi ki, onlara müxtəlif xüsusi filmlər göstərilirdi, sərhəd qoşunlarına aparılırdı. Bu gün təəssüf ki, gənclərimizi, yeniyetmələrimizi məxsusi təşviq edə bilən elə bir film xatırlaya bilmirəm. Gələcəkdə belə tamaşa və filmlərə ehtiyac var. Amma film çəkilsə belə, bu gün gənc televizora baxmır. Baxsa da, çox məhdud vaxtda, o da hansısa əyləncəni izləmək üçün. Ona görə də biz gəncin gəlib ona baxmasını gözləməməliyik. Biz özümüz gəncin yanına gəlib ona fikrimizi, ideyalarımızı, lazım olan məlumatları çatdırmalıyıq".

İlkin İzzət
Milli.Az