Azərbaycanın hərbi texnikası Abu-Dabi sərgisində
20 Fevral 2011 14:18
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Azərbaycanın da qatıldığı IDEX-2011 Beynəlxalq Müdafiə Sərgisinin açılışı olub. Bu barədə Trend-ə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən məlumat veriblər.
"Artıq sərginin açılışı baş tutub. Dünyanın 60-dan yuxarı müdafiə nazirləri və baş qərargah rəisləri sərgidə iştirak edəcək. Bu hərbi sənaye məmulatlarının böyük bir sərgisidir", səfirlikdən bildiriblər.
Müdafiə Sənayesi Nazirliyindən öncə Trend-ə verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində fevralın 20-dən 24-dək davam edəcək IDEX-2011 Beynəlxalq Müdafiə Sərgisinə dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətləri qatılacaq.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək. Buraya yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxildir.
Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalov sərgidə iştirak edəcəklər.
Sərgi zamanı nazir Yavər Camalovun Birləşmiş Ərəb Əmirliklərinin bir sıra dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.
Bu sərgi Yaxın Şərqdə və Şimali Afrika bölgəsində ən iri və əhəmiyyətli hesab edilir.
Milli.Az