Postmodern həyat tərzi

31 Oktyabr 2015 20:40

Mənasını açıqlamağa çox da gərək qalmayan bu qavram hamıya bəllidir ki, 60-cı illərdən geniş işlənməyə başlayıb. Əvvəlcə, incəsənətdə özünü təkamül səviyyəsinə çatdırmış, sonra şaxələnərək qonşu sahələrə də nüfuz etmişdir. 

Bu kiçik yazı ilə heç də bu böyük cərəyanın mahiyyətini açmaq fikrində deyiləm, bunun üçün mənə xeyli vaxt və ciddi araşdırma lazımdır.

Apardığım bəzi müşahidələri postmodernizmə bənzətdiyim üçün bu yazını yazıram.

Müşahidə demişkən, bəllidir ki, müşahidə qabiliyyəti yazıçılarda və psixoloqlarda daha güclü olur. Yazıçıların da çoxuna psixoloq olmaq nəsib olub. Özümü psixoloq yazıçı adlandırmaqdan bir az qorxuram deyə keçirəm apardığım müşahidələrə...

Yazıçı postmodern roman yazmaq üçün postmodern həyat tərzini yaşamalıdırmı? Yoxsa, sadəcə, müşahidə ona imkan verir? Məncə, psixoloji təsir gücü zəif yazıçı bu həyat tərzinə alışsa, yaxşı olar... Məsələn, adicə bir kitab oğrusunun hərəkətinə haqq qazandırmaqla postmodern olmaq olar. Və yaxud içki şüşəsilə qucaqlaşıb, ateist düşüncələrin qucağında inkarlıq mövqeyindən çıxış edib, Buddanı müqəddəsləşdirmək də postmodernizm ola bilər.

Gənc, sağlam tənqidi təhqir hesab edən bir azərbaycanlı yazıçının özünü ağıllı hesab etməsi, kitab təqdimatlarında uzaq güşələrə çəkilib "kompleks" yaşamasına uğraması, iki-üc sözü bir-birinə bitişdirərək sərbəst (daha çox azad, boş, lazımsız mənasında) "şeir"lər yazması da postmodernizmdir, bəli məhz postmodernizm. Çünki həyat tərzi də buna uyğundur. Kənddə sərbəst geyimə üstünlük verib, bakılılaşandan sonra saçını yuxarı daramaq, qırmızı ayaqqabı geyinənlərə güldüyü vaxtları unudub, aykaların yanında 50 manatlıq qırmızı ayaqqabbısını göstərmək posmodern həyat tərzi sayıla bilər. Dəfələrlə olub, bir dostun imza gününə gedirsən, hamı da tanıdıqların imzalar olur. Amma gəl ki özlərini qoyurlar görməməzliyə ki, birinci sən yaxınlaşıb salam verəsən. Belə məqamlarda evdə oturub kitab oxumaq ən yaxşı variantdır, ya da məcburən getsən belə 10-15 dəqiqədən çox qalmayasan. Bu da olsun postmodern imza günləri. Bu da bir həyatdır, bir həyat tərzidir. Postmodern yazaq, amma özümüz postmodern yox, dostmodern olaq, həm dost olaq, həm də müasir olaq...
"Zaman Azərbaycan"