Dəhşətli təyyarə qəzası: 224 nəfərdən sağ qalan olmayıb - VİDEO - FOTO

31 Oktyabr 2015 23:48

23:48

Misirdə Rusiyaya məxsus "Airbus 321" təyyarəsinin qəzaya uğraması nəticəsində  ölən sərnişinlərdən dördü Ukrayna vətəndaşıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın XİN rəhbəri Pavel Klimkin bildirib. 

"İnsanların ölümü ağırdır. Həmvətənlərin ölümü ikiqat ağırdır. Təyyarədə 4 Ukrayna vətəndaşı olub. Bunlar V.Saçuk, L.Movçanov, İ.Usatova və K.Usatovdur", deyə o bildirib.

Bundan əvvəl ölənlər arasında 3 Ukrayna vətəndaşı olduğu bildirilmişdi.

21:47

"Şarm əl Şeyxdən Sankt-Peterburqa uçan sərnişin təyyarəsinin guya terrorçuların buraxdıqları zenit raketi ilə vurulması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil. Misirli həmkarlarımız, aviasiya xidmətinin rəhbərliyi ilə sıx təmaslardayıq. Təyyarənin raketlə vurulmasını təsdiqləyəcək heç bir məlumat yoxdur".

Bunu Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

Təyyarə qalıqlarına ilkin baxış laynerin qəzaya uğramasının texniki nasazlıq olduğunu göstərir. Çünki yerə düşmə trayektoriyası şaquli olub.

21:43

Misirdən Peterburqa uçan və qəzaya uğrayan təyyarənin pilotlarının yerlə əlaqəni itirmələri bu faciənin yeganə səbəbinin partlayış olduğunu söyləməyə əsas verir.

Dövlətarası aviasiya komitəsinin (DAK) fəxri prezidenti Maqomed Tolboyev Rosbalt ilə söhbətdə belə deyib.

"Bütün parametrlərə əsasən demək olar ki, təyyarənin göyərtəsində partlayış baş verib, anidən cərəyan kəsilib və bundan sonra laynerlə əlaqə itib. Əks halda pilotlar əlaqədə qalar və yerə məlumat ötürərdilər", - deyə, o, bildirib. 

21:25

Milli.Az LifeNews-a istinadən bildirir ki, qəzada həlak olan sərnişinlər arasında məşhur rusiyalı supermodel Yelena Domaşnyaya da var.

O, sərnişinlərin siyahısında 39-cu adam idi.

25 yaşlı Yelena Sankt-Peterburq Universitetinin jurnalistika fakultəsinin məzunu idi.

21:04

Misirdən St. Peterburqa gedərkən Sinada düşən təyyarənin sərnişini son anda xilas olub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, düşən təyyarəyə biletini dəyişdirərək  minməkdən imtina edən Yana Veretenova Ren TV-yə açıqlama verib.

Sərnişin St. Peterburq yerinə Moskvaya getmə qərarı aldığını bildirib:

"Bu anda Şarm El Şeyx hava limanındayam. St. Peterburqa gedən təyyarənin düşməsi səbəbiylə 9: 30-da qalxması lazım olan təyyarəmizi təxirə saldılar. Dörd saatdan çoxdur gözləyirik, bizə su verdilər. St. Peterburqa getməm lazım idi, lakin son anda fikir dəyişdirdim. Hava limanında vəziyyət çox gərgindi, hər kəs xəbərləri oxuyur, öz aralarında danışırlar. Uçmağa çox qorxuruq".

16:41

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Misirdə baş verən təyyarə qəzası zamanı sağ qalan olmayıb. Bu barədə yerli hakimiyyət orqanının nümayəndələri məlumat veriblər.

O da vurğulanır ki, sərnişinlərdən 214-ü Rusiya, qalan 3-ü isə Ukrayna vətəndaşı olub.   

----------

14:46

Milli.Az AFP-yə istinadən xəbər verir ki, "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğradığı yerdə 100-ə yaxın cəsəd tapılıb, onlardan 5- uşaqlara məxsusdu. Qalan sərnişinlərin meyitləri isə təyyarənin içindədir. Bildirilir ki, təyyarə iki yerə bölünüb.

---------

14:33

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedyevə "Koqalımavia" şirkətinə məxsus sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması ilə əlaqədar dövlət komissiyasının yaradılmasını tapşırıb.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti fövqəladə hallar naziri Vladimir Puçkova tapşırıq verib ki, Misirə xilasedicilər göndərilsin.  

Bundan başqa, o, FHN və Səhiyyə Nazirliyinin rəhbərliyinə faciə qurbanlarının yaxınlarına yardım göstərilməsi işinin təşkil edilməsini tapşırıb.

V.Putin qəza nəticəsində ölənlərin yaxınlarına başsağlığı da verib.

----------

14:00

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, təyyarədəki 224 nəfərin hamısının həlak olması barədə xəbərlər yanlışdır. Belə ki, qəza yerində, təyyarənin qalıqları altından insan səsləri gəlir.

----------

13:33

Milli.Az Ahram Online-a istinadən bildirir ki, Rusiyanın "MetroJet" ("KoqalımAvia") aviaşirkətinə məxsus "Airbus A 321" sərnişin təyyarəsi Misirin Sinay yarımadasının şimalındakı Əl Ariş şəhərindən 100 km cənubda, dağlıq ərazinə yerə düşərək parçalanıb.

Təyyarədəki 224 nəfərin hamısının həlak olduğu bildirilir.

Misirin Mülki Aviasiya Nazirliyindən Al Arabia-ya verilən məlumata görə, olay yerində 45 təcili yardım maşını var.

Qəza yeri Əl Kantala və Əl Laksima şəhərlərinin arasındadır.

Təyyarə Şarm əl Şeyx şəhərindən Sankt-Peterburqa uçurdu.

"Koqalımavia"nın qəzaya uğramış "A 321" təyyarəsi ilk uçuşunu 18,5 il əvvəl edib.

Milli.Az Airfleets.net-ə istinadən bildirir ki, təyyarə əvvəllər "663" nömrəsi ilə Livanın MEA, Türkiyənin "Onur Air" və Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkətlərinə məxsus olub.

"Koqalımavia" bu təyyarəni 2012-ci ildə satın alıb və "EI-ETJ" kodu ilə qeydiyyatdan keçirib.

Al Jazeera bildirir ki, Sinay yarımadasındakı bütün xəstəxanalar fövqəladə iş rejiminə keçirilib.

O da məlum olub ki, qəzaya uğramış təyyarənin heyəti son bir həftə ərzində mühərriklərin nasazlığı ilə bağlı dəfələrlə texniki xidmətə müraciətlər ediblər.

----------

12:49

Milli.Az Rueters-ə istinadən bildirir ki Sinay yarımadasına düşən "Airbus A 321" təyyarəsi darmadağın olub. Sərnişinlərin tam əksəriyyəti həlak olublar.

----------

12:37

Milli.Az "Rosaviasiya"nın rəsmi saytına istinadən bildirir ki, "Metrojet" aviaşirkətinin ("KolAvia") "Airbus A 321" təyyarəsinin qəzaya uğradığı bildirilir.

Təyyarədəki 217 sərnişindən 17-si uşaqlar idi.

Reuters bildirir ki, 7K9268 reysi ilə uçan təyyarə ilə əlaqə kəsilməzdən əvvəl o, dəqiqədə təqribən 6 min fut sürətlə yerə düşüb.

----------

12:14

Milli.Az Əl Misri əl Yəum-a istinadən bildirir ki, Misirin hakimiyyət dairələri Rusiyanın "MetroJet" ("KolAvia" şirkətinin ticari brendi) aviaşirkətinə məxsus "Airbus A 321" sərnişin təyyarəsinin Sinay yarımadasının mərkəzi hissəsində qəzaya uğradığını bildirib.

Misirin baş naziri Şərif İsmayıl axtarış-xilasetmə işlərinə başlandığını bildirib.

Misir Səhiyyə Nazirliyinin Şimali Sinay idarəsinin sədr müavini Tareq Xater Ahram Online-a bildirib ki, hazırda 15 təcili yardım maşını Sinay yarımadasındakı Əl Həsən şəhərinin yaxınlığına göndəriliblər.

----------

12:03

Milli.Az Ald Arabia-ya istinadən bildirir ki, Misirin Şarm əl Şeyx şəhərindən havaya qalxan və az sonra radarlardan itən avialaynerdəki sərnişinlərin əksəriyyəti Rusiya vətəndaşlarıdır.

Şarm əl Şeyxdən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan "Airbus A 321" təyyarəsində 224 nəfər olub ki, onların 217 nəfəri sərnişinlərdir.

Təyyarə "MetroJet" brendi ilə işləyən "KoqalımAvia" aviaşirkətinə məxsusdur.

"9268 reysi ilə uçan A-321 təyyarəsi səhər saat 06.51-də Şarm əl Şeyx hava limanından səmaya qalxıb. 07.14-də, Kiprin Larnaka şəhərinin səmasında təyyarə ilə əlaqə kəsilib və təyyarə radiolokatorların ekranlarından yoxa çıxıb. Təyyarə indiyədək əlaqəyə çıxmayıb, radarlarda görünməyib", - Rusiyanın "Rosaviasiya" dövlət xidmətinin nümayəndəsi Sergey İzvolski İnterfaks-a bildirib.

Sky News Arabia-nın məlumatına görə, təyyarə Sinay yarımadasının şimalındakı Əl Ariş yaxınlığında qəzaya uğrayıb.

Misir ordusunun birləşmələri xilasetmə əməliyyatına başlayıb.

Al Jazeera bildirir ki, itmiş təyyarə az öncə dispetçerlərlə əlaqə yaradıb. Təyyarənin kapitanının Türkiyənin aviadispetçerləri ilə danışdığı bildirilir. Təyyarənin hazırda Türkiyə səmasında olduğu vurğulanır.

-----------

11:51

Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan Airbus-321 sərnişin təyyarəsi Kipr yaxınlığında qəzaya uğrayıb.

Trend-in RİA Novosti-yə istinadən məlumatında deyilir ki, Moskva vaxtı ilə saat 6:21-də havaya qalxan təyyarənin daha öncə radarlardan itməsi barədə xəbər daxil olub.

Son məlumatlara görə, təyyarə Kipr yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil olmaqla 224 nəfər olub.

Milli.Az

-----------

12:37

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Пассажирский самолет разбился в Египте