Malikdən etiraf: "Yoldaşım da bilir ki, tez vuruluram" - FOTO

27 Oktyabr 2015 11:09

Maraqlı adamdır. Amma danışığında, davranışında bir tərəddüd sezirəm... Səbəbini bir qədər sonra deyəcəkdi: açığı, elə bildim siz də o biri jurnalistlər kimi şablon suallar verəcəksiz. Biz onunla xeyli söhbət etdik. Oxuculara isə bu söhbətin ən maraqlı məqamlarını çatdırırıq.
 

- Siz niyə bu qədər dəyişmisiz?

- Arıqlamışam və saçlarım da ağarıb.

- Dedim, bəlkə, pəhrizdəsiz...

- (gülür) Mən heç vaxt pəhriz saxlamadım. Əksinə, ət xörəklərini sevirəm. Bircə kələm dolması yemirəm. Bir də şəkərburanın dadını unutmuşam. 25 ildir ki, dilimə də vurmuram. Nəsə, onun dadı mənə çatmadı.

- Malik nə işlə məşğuldur?

- Malik bekar dayanır ki? Bu yaxınlarda klip çəkdirdim. Təqdimatını keçirdim. Və heyf ki, sizi orada görmədim. Çox adamı çağıra bilmədim. Yer məhdud idi. Hazırda yeni albom üzərində işləyirəm. Artıq 12 mahnım hazırdır.

- Siz yenə rep oxuyursuz?

- Yox, tərzimi dəyişmişəm. Proqressiv-sol musiqisi ilə məşğul oluram. Hazırda iş gedir, dayanmır. Bir az ona görə ləngiyirəm ki, mənim başqa biznesim var, başım ona qarışıqdır.

- Malik üçün xoşbəxtliyin düsturu necədir?

- Xoşbəxtlik adamın özündən asılıdır. Optimist olmaq, baş verənlərə gülə-gülə yanaşmaq lazımdır. Mən nə baş veribsə, "şükür" etmişəm. Bu həyatda bir onu başa düşdüm ki, sənin yaxşı günündə kim yanındadırsa, yaman gündə də sənin dostun odur.

- Malik nədən qorxur?

- Siçovuldan dəhşətli dərəcədə qorxuram... Şoka düşə bilərəm. Əgər kimsə mənim ölümümü istəsə, üstümə bir siçovul atsın... vəssalam. O havada uçan zaman artıq mənim ürəyim partlayar. Yadıma düşmüşkən deyim ki, mən məhz siçovul fobiyama görə hətta az qala "Ford Boyard" oyununu da yarımçıq kəsəcəkdim. Demək, orada bütün iştirakçılardan hansı heyvana qarşı qorxuları olduğunu soruşub yazırdılar. Mən də yazdım ki, siçovula qarşı dəhşət qorxum var. Bir də gördüm, növbəti oyunda mənə siçovullarla bağlı oyun tapşırdılar. İmtina etdim, gəlib əşyalarımı yığdım, dedim ki, layihəni tərk edirəm. Arxamca qaçıb güclə saxladılar. Ümumiyyətlə, mən qorxaq adam deyiləm. Amma nə edim ki, bircə bu heyvan mənim axırıma çıxa bilər. Həyatda başıma çox işlər gəlib. Hətta mistik hadisələrlə də üzləşmişəm. Məsələn, srağagün qəribə bir hadisənin şahidi oldum. Demək, dayanmışam işıqforda, qarşımda da bir qara "Mercedes" var. Bir anlıq başımı sağa çevirib baxdım... bir də gördüm maşın yoxa çıxdı. Bu hadisəni kimə danışıram, inanmır. Buna cavab tapa bilmirəm. Amma bir nəfər dedi ki, yəqin bu, polterqeystdir.

- Malikin eqosu nədir?

- Mən çox qısqancam ey... Xüsusən də dostlarıma qarşı. Vay ola, hansısa məclisə gəlim, görüm ki, dostum oturub kiminləsə söhbət edir. Az qalır ürəyim dayana... Tez götürüb sms yazıram ki, xeyir ola, sən bu məclisə gəlmisən, amma mənə deməmisən, özün də oturub kiminləsə söhbət edirsən.

- Qadın dostlarınıza qarşı da belə qısqancsınız?

- Mənim qadın dostum yoxdur. Çünki onları heç başa düşmürəm. Alınmır məndə...

- Bəlkə, o münasibət tez sevgiyə çevrilir, ondandır?

- Ola bilsin... Mənim qadınla dostluğum alınmır da... Qadınlar ən zəif yerimdir... indi nə edim, belə yaranmışam. Bunu yoldaşım da bilir, dostlarım da... bilirlər ki, tez vuruluram.

- Səni qadında ən çox nə cəlb edir?

- Gözlər. Onun bədən quruluşunun, yaşının, danışığının mənimçün ilk baxışdan heç bir anlamı olmur. Gözlərə vuruluram, ondan sonra qadının daxili aləminə baş vururam.

- Özü də evli adamsan... Yoldaşın nə deyir bu xasiyyətinə?

-  Biz bir-birimizi sevib evlənmişik. Ondan çox razıyam. Amma hamı kimi bizim də ailədə problemlər olur. Baxın, mən sənət adamıyam. Hərdən hamıdan, hər şeydən bezib, getmək istəyirsən... O anda gərək həyat yoldaşın səni başa düşsün. Sakit buraxsın ki, get...

- O başa düşürmü?

- Çox vaxt başa düşmür. Buna görə də söz-söhbətlər yaranır. Hətta elə dönəm oldu ki, boşanmaq həddinə çatmışdıq. Bizi qəlbimizdə olan o kiçik sevgi qığılcımı xilas etdi: ayrıla bilmədik. Bir də uşaqlar... İnsan uşağına görə bəzən qəti qərar verə bilmir.

- İki qızın var... bəlkə, 40 yaşın olanda bir oğlun da doğuldu.

- Ay da... elə qorxuram o 40 yaşdan. Fikirləşəndə ki bir-iki ilə 40 yaşım olacaq, dəhşətə gəlirəm. Amma  qəribədir ki, mən heç vaxt oğul arzusunda olmadım. Ancaq qız övladı istəyirəm. Hələ bundan sonra üçü də olmalıdır. 5 qız atası Malik Kələntərli... Bu, mütləq belə olacaq.     

Milli.Az