MTN-in "reket"likdən daha çirkin işlərə sövq etdiyi "jurnalistlər"

21 Oktyabr 2015 10:33

Xarakterlərində qəribəlik var onların. Nəinki jurnalistika prinsiplərindən xəbərsizdirlər, hətta ən elementar intellektual səviyyədə olmaları belə mübahisəlidir. Amma bunu özlərinə dərd etmirlər "reket jurnalistlər". Elə danışır, elə davranırlar ki, sanki ucuz mənfəət dalınca qaçıb peşə prinsiplərini satan, şantaj, böhtan yoluyla adamları qorxudub pul tələb etmək kimi qanunsuz yollara düşən bunlar deyillər. Üzə durmağı, "prinsipial davranmağı", sonadək "müqavimət göstərməyi" kamil bacarırlar.

Danışığından şübhələnib təhsilli olub-olmadığını soruşanda, onlardan biri iddia etdi ki, Moskva Dövlət Universitetini bitirib. Mətbuat Şurası Şikayətlər Komissiyasının üzvləri əvvəlcə çaşqınlıq keçirdilər, sonra təkid etdilər ki, diplomunu gətirsin. Gətirdi, həqiqətən də üstündə Moskva Dövlət Universiteti yazılmışdı. Şəxs özü də, guya hüquq fakültəsinin məzunu idi. Yaranmış şok durum çox sürmədi. Komissiya üzvlərindən kiminsə diqqətini çəkmişdi ki, nədənsə "MDU-nun diplomu" kirillə yox, latın qrafikası ilə yazılıb. İşin üstü açıldı. Mətbuat Şurası missiyasına uyğun olaraq bu şəxsin adını "Qara siyahı"ya (əvvəllər "Reket siyahısı") əlavə etməklə yanaşı, işin ciddiliyini nəzərə alaraq, onu araşdırmaq üçün hüquq mühafizə orqanlarına göndərdi. Hər halda söhbət "reket jurnalistika" ilə məşğul olmaqla yanaşı, həm də sənəd saxtalaşdırılmasından gedirdi.

Bənzər və daha ağır faktların sayı kifayət qədər. Hətta yazılması peşə prinsipinə görə yasaqlananlar da var aralarında. Bu üzdən yalnız arxivdə saxlanılırlar, ictimailəşmirlər. Onlar 2008-ci ildən bəri Mətbuat Şurasının "reket jurnalistikaya" qarşı apardığı prinsipial mübarizəni zəiflətmək üçün bütün vasitələrə əl atdılar, özləri də "təkmilləşdilər". MŞ üzvlərinə hədə-qorxu gəlmək, onları yalançı şantaj etməkdən başlamış müxtəlif təkliflər verməyə qədər variant seçdilər. Bu variantlar keçməyəndə, sonda "arxalarının güclü yerə bağlanmasını" etiraf edib, komissiya üzvlərində ümidsizlik yaratmağa çalışdılar. Təxribat cəhdləri də oldu: özlərini hansısa etnik azlığın nümayəndəsi kimi qələmə verib, reket fəaliyyətlərinə görə deyil, guya etnik kimliklərinə görə "sorğu-sual olunduqlarını" iddia edənlər də tapıldı. Açıq dillə deyirdilər ki, MŞ onlara qarşı mübarizədən əl çəkməsə, cəmiyyətə bu yöndə mesajlar verəcəklər, "soydaşlarını ayağa qaldıracaqlar". Hər dəfə yeni metod tapılanda hamısının ondan faydalanması göstərirdi ki, bu tezislər bir mərkəzdə hazırlanır, şəbəkə üzvlərinin hamısına ötürülür: fəaliyyət eyni, şantaj vasitələri eyni, müdafiə vasitələri eyni, istifadə olunan tezislər də eyni.

Dünən mətbuatda yazıldığına rəğmən, bu şəxslərin MTN-in keçmiş rəhbərliyi tərəfindən təşkilatlandırılıb idarə olunduqlarını iddia etmək üçün əldə rəsmi sənəd yoxdur. Amma məntiq deyilən bir şey də var axı: dəfələrlə müraciətlər ünvanlanmasına, KİV-də bu qədər geniş hallandırılmasına rəğmən, dövlət təhlükəsizliyini qorumalı olan orqan dövlət üçün təhlükəyə çevrilən bu ünsürləri nədən araşdırmasın, tədbir görməsin? Məsələ təkcə MŞ sədri Əflatun Amaşovun bu "reketlərin" rəhbərlik etdikləri KİV-lərdə qrimlənmiş, əlində balta tutaraq təsvir edilmiş şəklinin dərcində deyil. Söhbət etnik separatizmə yol açacaq tezislərin gündəmə gətirilməsindən, dövlətin güvənc yeri olan məmurların şantaj edilməsindən, gözdən salınmasından, dövlətin əsasını təşkil edən sadə vətəndaşların hədələnməsindən, qorxudulmasından, dövlətə olan güvəncinin sarsıdılmasından gedir. Təhsil, səhiyyə sektorunda çalışanlara, biznes sahəsində fəaliyyət göstərənlərə "potensial yem mənbəyi" kimi yanaşıb barələrində olmazın şantaj yazan, yayan, onları güvəncsiz qoyub dövlətə qarşı olan inamlarını sarsıdan bu şəbəkəni diqqətə almaq, haradan güc aldıqlarını araşdırmaq, dövlətin əsasına zərbə vuran bu hallara qarşı mübarizə aparmaq deyilmi Milli Təhlükəsizlik Nazirliyinin vəzifələrindən biri? Əgər belədirsə, hanı bu mübarizənin nəticəsi? Bu qədər mübarizəyə rəğmən niyə sonu yetmir bu tiplərin? Dəfələrlə məhkəmə proseslərinə cəlb olunmalarına rəğmən, hansısa sehrli əl onları xilas edir, nə həbs edilir, nə cəza alır, nə də cərimələnirlər. Çünki şikayət edən tərəfi elə hallara salırlar ki, adam "öz xoşu ilə" məhkəmədə barışıq istəyir. Necə edirlər bunu; bu həcmdə geniş bir şər şəbəkəsini özlərinin olmayan intellektləriyləmi idarə edirlər? Adamın anadan olduğu gündən məhkəməyə şikayət etdiyi günə qədər bütün bioqrafiyasını əhatə edən, kiminlə danışdığını, kiminlə görüşdüyünü, yemək yediyini, hansı telefonla hansı saatda danışdığını əks etdirən şəkilləri, səs yazılarını haradan və necə əldə edirlər bunlar? Rayon icra başçıları daxil olmaqla digər məsul şəxslərin, şirkət sahiblərinin, xüsusən, vəzifə başında olan xanımların hansı saatda, hansı telefonla kimlərlə danışdığını necə öyrənə bilirlər bu şəxslər? Konfedensial informasiyalara çıxışı necə əldə edirlər? Hansı xidmətinə, vəzifəsinə, intellektul səviyyəsinə görə verilir onlara bu informasiyalar? Qanunla yasaqlanan hərəkətləri gizlətmək qədər düşünmək imkanları da yoxdur. Dərc etdikləri qəzetlərdə, MŞ-nin şikayətlər üzrə komissiyasının iclaslarında açıq tekstlə, həm də fəxrlə elan edirlər bunları: "Filan məmurun filan saatda filan nömrə ilə filankəslə danışdığını təsdiq edən səs yazısı var məndə", "Filan xanımın filankəslə filan saatda danışdığına aid telefon səs yazısı və görüşə dair şəkil var məndə", - deyib qürrələnirlər. Niyə də qürrələnməsinlər? Cəza almırlar; dediklərinə rəğmən, kimsə sormur onlardan ki, bu səs yazısını necə əldə etmisən? Əksinə, mükafatlandırılırlar kimlər tərəfindənsə.

Mükafatları böyükdür. MŞ Şikayətlər Komissiyasının iclası olan günlər, "kriminal filmlərə baxırsan kimi" təəssürat yaranır insanda. MŞ ofisinin həyətində, adi günlərdən fərqli olaraq, yalnız qara rəngli "Range Rover"lər, "Lexus"lar dayanır. Bu avtomobillərlə gələnlər isə ən yaxşı halda ayda bir dəfə, normalda isə 3 aydan bir dəfə nəşr olunan, üst-üstə 5 nüsxə ilə dərc edilib yalnız hədəf seçilən şəxslərin evinə, qonşularına, iş yerlərinə poçtla göndərilən "qəzetlərin"in, "xəbər portallarının" baş redaktorları və onların mühafizəçiləridirlər. Peşəkar media təmsilçiləri "Reket jurnalistlərin varlı həyatı: Onlara kim dəstək verir?" başlığı ilə dəfələrlə müzakirə açıblar. Amma bu müzakirələr, həmişə sonu görünməyən "sirli bir orqan" tərəfindən gündəmdən çıxarılıb, "Reketlərin Təhlükəsizlik Strukturu" öz işini peşəkarcasına yerinə yetirib.

Müşfiq Ələsgərli

Milli.Az