Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
Bütün yazılanlara baxmayaraq Azərbaycan tərəfi İran dövlət ilə normal qonşuluq siyasətinin yürüdülməsi və əməkdaşlığın tərəfdarıdır. O öz kitabında bu ölkə ilə münasibətlərin xarakteristikasını yekunlaşdıraraq yazır: "İran-Azərbaycan münasibətlərində real gerçəklik ondan ibarətdir ki, rəsmi Bakı heç zaman İranın daxili və xarici siyasətinə qarışmamış, bu qonşu ölkə ilə münasibətləri daima sahmanda saxlamağa cəhd etmiş, amma eyni zamanda İranın da onun təhlükəsizliyi və maraqlarına aid olan məsələlərə, daxili və xarici siyasətinə, beynəlxalq aləmlə ikitərəfli və çoxtərəfli münasibətlərə müdaxilə etməsinə yol verməmişdir. Azərbaycan bəzən Qərb, ABŞ və İsrailin bu istiqamətdəki bütün istək və arzularına, geostratejitəzyiqlərinə sinə gərərək, onların Azərbaycan və onun ərazisi vasitəsilə İrana təzyiq göstərmək, yaxud təsir etmək istəklərini rədd etmişdir. Lakin, eyni zamanda İranında anti-qərb, anti-İsrail hərəkətlərinə qoşulmamış və dəstək verməmişdir. Çünki Azərbaycan gözəl anlayır ki, regional balansı poza biləcək belə hərəkətlər, ya İranı açıq şəkildə Ermənistanla birləşməyə, Azərbaycana qarşı hərbi-geostrateji blok yaratmağa və birgə mübarizə sövq edə bilər, ya da ki, Qərb və İsrail Azərbaycanın milli maraqlarına qarşı çevirə bilər". (Bax. s. 384-385)
***
Avrasiya regionunda özünün geosiyasi maraqlarını həyata keçirməyə çalışan və buna qismən nail olan, planetar və bölgə prosesləri diqqətlə daima izləyən oyunçulardan biri Çin Xalq Respublikasıdır. Hazırda bu ölkə Avrasiya məkanına, o cümlədən bu regionun ən böyük oyunçusu olan Rusiya üzərində gedən siyasi proseslərə öz təsirini artırmaqdadır. Belə ki, Avropa İttifaqı və ABŞ Rusiyaya siyasi və iqtisadi sanksiyalar tətbiq etdikdən sonra, bu ölkə özünün daxili iqtisadi resurslarını inkişaf etdirmək, yeni-yeni sənaye müəssisələri açmaqla yanaşı, üzünü Şərqə doğru, daha çox Çinə tutdu. Rusiyanın Şərqi Vladivastokda müxtəlif ölkələrin iqtisadi forum keçirilməsi, dövlətin Şərqinə əcnəbilərin investisiya qoyuluşunda çox böyük güzəştlər edilməsi, əsasən də bura Çin investorların cəlb edilməsi ondan xəbər verir ki, Rusiyanın Şərqə münasibəti təkcə Qərbin ona tətbiq etdiyi sanksiyalarla bağlı deyil, bu həm də iqtisadi baxımdan dünya nəhəngi olan Çini Avrasiya kimi böyük geosiyasi məkanda tərəfdaşa çevirməkdir. Bu həm də Çinin marağındadır. Belə ki, bu dövlət Qərbin Asiyada geosiyasi, geoiqtisadi, hərbi-geostrateji cəhətdən mövqelərinin möhkəmlənməsinin əleyhinədir. Belə ki, Qərbin Asiyada genişlənməsi Çin Xalq Respublikasının milli təhlükəsizliyini təhdid edən amillərdən biri olmaqla yanaşı, bu həm də uzun illər "fəaliyyətdə olan rejimin deqradisiya ola bilər" fikirlərini yaxına buraxmaq istəməyən siyasi elitanın daima düşündürən səbəblərdən biridir. Odur ki, Çin bir çox illərdir Qərb tərəfdən İrana və son ilyarımda Rusiyaya tətbiq etdiyi siyasi və iqtisadi sanksiyalar altında çapalayan bu dövlətlərlə əməkadaşlıq etməkdə maraqlı görünür, çünki bu ölkə özünün xammal ehtiyatlarını, əsasən də neft-qaz ehtiyaclarını (özü də dünya bazarı qiymətindən bir qədər ucuz qiymətə) ödəməklə, nəqliyyatkommunikasiya imkanlarını və satış bazarlarını daha çox bu regionda inkişaf etdirməklə, bu dövlətin siyasiləri və analitikləri belə düşünürlər ki, bu zaman Qərbin təsir imkanlarının qarşısında dura bilər və geosiyasi təsirini əvvəlcə Asiya regionunda, daha sonra isə Avrasiya kimi nəhəng bölgədə artırar. ÇXR bunun üzərində daima işləyir, planlar qurur, qərbin asılılığından qurtulmaq üçün gah Şanxay Əməkdaşlıq Təşkilatının Rusiya ilə birgə quruculardan biri olur, gah da dünya iqtisadi və insan resurslarının 40%-i beş ölkədə cəmləşən BRİKS (Brazilya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika respublikası) yaradırlar. Fikir verirsinizsə bu beş dövlətin əksəriyyəti ABŞ-ın və Qərb dövlətlərinin planetar masştabda yürütüdüyü geosiyasi, geoiqtisadi, hərbi-geostrateji siyasətə qarşıdırlar və belə təşkilatı yaratamaqla tərəzi gözündə dünya siyasətini balanslaşdırmağa çalışırlar. Odur ki, Çin dövləti öz maraqlarından çıxış edərək, 2015-ci ildə Rusiya ilə uzunmüddətli 40 milyardlıq qaz müqaviləsi bağladı və bununla da strateji tərəfdaşlığı daha da möhkəmləndirdi.
Müəllifin fikrinə görə, Avrasiyada bir sıra qlobal enerji istehsalı və ixracı, nəqliyyat-kommunikasiya layihələrinin reallaşması Çinin geosiyasi və geoiqtisadi mənafelərinə uyğun gəlir. Bu ölkənin diqqətini cəlb edən əsas tranzit sahə, əlbəttə ki, Şərq-Qərb tranzit dəhlizinin Avrasiyadan Çinə qədər olan hissəsinə düşən layihələrdir. Rəsmi Pekin hətta, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinə böyük maraq göstərmiş və onun maliyyələşdirilməsində iştirak etməyə hazır olduğunu bəyan etmişdir. Çünki bu dəhliz Çin və Orta Asiya məhsullarının qısa vaxt ərzində Avropaya daşınmasına imkan yaradacaqdır. Bu layihə Bakı-Tbilisi-Qars dəmiryolu işə düşdükdən sonra tam gücü ilə fəaliyyətə başlayacaq. Bunun işartıları indidən özünü göstərməkdədir.
Qeyd edək ki, Çinin Avrasiya regionunda diqqət mərkəzində olan məkanlardan biri də Xəzər hövzəsindən keçən və daha ucuz başa gələn nəqliyyat-kommunikasiya axtarışında olmaqla yanaşı, həm də geosiyasi və geoiqtisadi maraqlarına zərbə vurmayan vasitələrin axtarışındadır. Nəzərə alaq ki, Çin ildə təxminən 100 milyon ton neft idxal edir və bu idxalın əsas hissəsini Fars körfəzi vasitəsilə reallaşdırır. Ancaq Fars körfəzi regionunda siyasi vəziyyət neçə illərdir stabil olmadığından (Ərəb ölkərində hələ "ərəb baharı" davam edir, bu ölkələrdə Əl-Qaidə və PKK kimi terrorçu təşkilatlara daha birinin də İŞİD-in də əlavə olunması, sonuncu tərəfindən İraqın və Suriyanın zəngin neft ehtiyatları olan ərazilərinin İŞİD-çilərin tabeliyinə keçməsi, bütövlükdə bu bölgənin humanitar fəlakətə çevrilməsi və s.) Xəzər hövzəsi özünün cəlbediciliyini daha da artırır, gələcəkdə bu istiqamətdə planlarının reallaşdırılmasına şübhə yeri qoymur.
Yeri gəlmişkən Çinin maraq etdiyi ölkə quru sərhəd qonşusu olan Qazaxıstandır. Bu barədə müəllif yazır: "Çinin Avrasiyada ən çox maraq göstərdiyi layihələr Qazaxıstanla bağlıdır. Artıq Qazaxıstan Çinin iştirakı ilə "Transqazax neft və qaz layihəsi"ni reallaşdırmaqdadır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Çinə səfəri zamanı Xəzərdən Çinə qədər dəmiryolunun çəkilməsi haqqında da sənəd imzalanmışdır. Çəkilişi 5 milyard ABŞ dollarına başa gələcək və 4 min km uzunluğunada olan bu dəmir yolu İran, Türkmənistan və Qazaxıstan ərazisindən keçərək Çini Avrasiya ilə birləşdirəcəkdir. Bundan başqa iki ölkə arasında Qazaxıstan-Çin neft kəmərinin tikintisinə dair razılıq da əldə olunub. Bu kəmər vasitəsilə mütəxəssislərin fikrinə görə Xəzər neftinin də bir hissəsinin Çinə nəql olunması mümkündür..."(Bax. s. 387-388)
Xəzər dənizindən neftin bir hissəsinin bu kəmər vasitəsilə Çinə, oradan da Hindistana daşınması ABŞ-ın geoiqtisadi maraqlarına ciddi zərbə vura biləcəyindən ehtiyatlanan ABŞ bunu narazılıqla qarşılamışdı, çünki, bu super dövlət Xəzər neftinin "Asiya marşrutu" ilə daşındığı şəraitdə onun maraqlarına ziyan vuracağı haqqında düşünür. ABŞ və Avropa Birliyinin analitikləri belə hesab edirlər ki, Çində enerji daşıyıcılarına tələbatın artması gələcəkdə Xəzər nefti uğrunda Çin onların əsas rəqiblərinə çevrilə bilər.
Mütəxəssislərin fikirlərinə görə, Çin Orta Asiya və Xəzər hövzəsində, son zamanlar Rusiyanın şərqində (həyata keçirəcəyi iri layihələri nəzərə alaraq) həm Rusiyanın, İranın, həm Qərb ölkələrinin ən çox çəkindikləri, təbiidir ki, iqtisadi gücünə görə, onlarla rəqabət aparmağı bacaran bir dövlətdir. Belə hesab olunur ki, bugünkü iqtisadi tempi və gələcək dinamikası haqqında proqnoz onun 2030-cu ilə qədər Avrasiya regionunda geoiqtisadi mövqeyini daha da möhkəmləndirəcəyindən və geosiyasi, geostrateji məsələlərdə əsas söz sahiblərindən birinə çevriləcəyindən xəbər verir.
Ardı var
Yunus Oğuz