Xeyir-şər mərasimləri zamanı məzuniyyət qanunla necə tənzimlənir?

12 Oktyabr 2015 11:31

Toy və yas mərasimləri zamanı işləyən şəxslər iş yerlərindən müəyyən müddətlik icazə və ya məzuniyyət götürürlər. Şəxsin yaxın qohumunun yas və toy mərasimində iştirak etmək üçün işçiyə beş gün müddətinə məzuniyyət verilir. Bəs bu məzuniyyət ödənişli, yoxsa ödənişsiz əsaslarla olur? Ümumiyyətlə, xeyir-şər mərasimləri Əmək Məcəlləsində necə tənizmlənir?

Milli.Az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov musavat.com-a bunun razılaşma əsasında olduğunu dedi: "Bunun üçün işə götürənlə razılaşma əsasında şəxs öz hesabına ödənişsiz məzuniyyət hüququndan istifadə edə bilər. Bu, Əmək Məcəlləsi ilə də tənzimlənir. Yaxın qohumlarının vəfatı, xəstəliyi, yaxud hansısa toy mərasimi ilə bağlı Əmək Məcəlləsində işə götürənlə razılaşma əsasında xüsusi bir tənzimləmə var. Günün sayı tərəflərin qarşılıqlı razılaşması əsasında təyin edilir. Amma bu, bir həftədən az olmur".

S.Məmmədov toydan sonra "bal ayı" deyilən müddətin isə işçi ilə işə götürənin razılaşması əsasında növbəti əmək məzuniyyəti hüququndan istifadə etməklə ala biləcəklərini dedilər: "Əksəriyyət müəssisələrdə xeyir və şər mərasimləri zamanı işçini buraxırlar və onun pulunu da ödəyirlər. Azərbaycanda belə bir qanun yoxdur ki, işə götürən desin ki, hüzürün var, mütləq ərizə yazmalısan. Bizdə belə bir şeyə rast gəlməmişəm. Amma qanun bunu da tənzimləyir. Bizdə təşəkkül tapmış praktika odur ki, belə olan halda işə götürən heç bir ərizə tələb etmir. Yaxının dəfnini yola vermək üçün ona nə qədər vaxt lazımdırsa, verirlər gedir".

Bundan başqa Azərbaycanda analıq, atalıq məzuniyyətləri də mövcuddur ki, işləyən analara normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl və sonra hər biri 70 gün olmaqla), çətin doğuş hallarında 156 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 86 gün), iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70, doğuşdan sonra 110 gün) məzuniyyət verilir. Norveçdə isə analıq məzuniyyəti 18 ay nəzərdə tutulur. Bu müddət üçün hesablanmış ümumi əmək haqqının 82 faizi ödənilir və məzuniyyət pulunun ödənilməsi işəgötürən və dövlət arasında bölüşdürülür. İsveçlə yanaşı Danimarka, Niderland, Norveç kimi ölkələr bu cür üstünlükləri müəyyən etməklə demoqrafik problemlərin qarşısını almağa çalışırlar. Çünki bu ölkələrdə əhalinin azalması və yaşlanması kimi problemlər mövcuddur.
Böyük Britaniyada isə qadın işçilər 52 həftəlik analıq məzuniyyətindən istifadə etmək hüququna malikdirlər və bu ödənişlidir.

Milli.Az