Xoşqədəmin verilişinin məşhur ekspertindən maraqlı açıqlamalar

8 Oktyabr 2015 10:18

Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişinin eksperti, tanınmış jurnalist Seymur Verdizadə Milli Teleradio Şurasının (MTRŞ) verilişin bağlanması ilə bağlı qərarının yanlış olduğunu bildirib. "Yeni Müsavat"a açıqlamasında Seymur Verdizadə deyib ki, minlərlə insanın ümid yerinə çevrilmiş bir verilişi bağlamaq həmin insanlara zərbədir.

Bundan itirən Xoşqədəm Hidayətqızı yox, minlərlə çarəsiz sadə vətəndaş olacaq: "Bu veriliş ötən beş ildə Azərbaycan teleməkanının ən reytinqli proqramı olub. Zəngin həyat təcrübəsinə malik olan tanınmış ziyalılar, millət vəkilləri, sənət adamları Xoşqədəm Hidayətqızının yaratdığı bu tribunadan həmişə səmərəli istifadə ediblər. Milli-mənəvi dəyərləri təbliğ etmək, mütərəqqi ideyaları yaymaq bizim başlıca amalımız olub. Əgər MTRŞ-nin verilişin müvəqqəti dayandırılması ilə bağlı məlum qərarı olmasaydı, biz bu müqəddəs missiyanı ANS-də yenə davam etdirəcəkdik.

Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişinin dəyərli ekspertlərini bayağı şounun simvolu olan adamlarla yanaşı oturtmağı nə özünə, nə də bizə rəva bilib. Xoşqədəm xanımın müəllifi olduğu verilişlərin qonağı Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, millət vəkilləri, sevilən sənət adamları olub. Mən Rəşid müəllimi Azərbaycan xalqı üçün qənimət hesab edirəm. O, 52 ildir ki, Azərbaycan Dövlət Tibb Universiteti kimi qocaman təhsil ocağında müəllim işləyir. Gəlin, gecə demirəm, gündüz əlimizdə çıraq Azərbaycanı qarış-qarış dolaşaq. Əgər Tibb Universitetinin ölkəmizin dörd bir tərəfinə səpələnmiş məzunlarından biri onun haqqında pis söz danışsa, qələmimi qırıb, Xəzərin neft qoxan sularına atacam. Baba Vəziroğlu haqda isə bircə onu demək istəyirəm ki, Azərbaycan dövləti bu şəxsin əməyini yüksək qiymətləndirərək, bir neçə il əvvəl onu "Əməkdar incəsənət xadimi" adı ilə təltif edib".

Seymur Verdizadə: "Onun verilişi 5 ildə yüzdən çox ananı öz balasına qovuşdurub"

S.Verdizadə bildirdi ki, Xoşqədəm Hidayətqızının bu verilişi 5 ildə yüzdən çox ananı öz balasına qovuşdurub. Bu cür böyük missiyanın qarşısına sədd çəkilməsi heç cür anlaşılan deyil: "Deyirlər ki, Xoşqədəm Hidayətqızı Rusiyada, Ukraynada səfil həyatı yaşayan soydaşlarımızı tapıb üzə çıxarmaqla Azərbaycanın imicini zədələyir. Bu, həmin Xoşqədəm xanımdır ki, ötən beş ildə yüzdən çox ananı doğma balasına qovuşdurub. Rusiyada səfil həyatı keçirən azərbaycanlıları vətənə gətirmək onların ömrünü uzatmağa xidmət edir. Bu adamların ömrünü Rusiyada başa vurub, xristian adət-ənənəsi ilə kimsəsizlər qəbristanlığında dəfn olunması kimə başucalığı gətirəcək?

Mən də Azərbaycan telekanallarında intellektual verilişlərin sayının artmasının, maraqlı müzakirələrin aparılmasının tərəfdarıyam. Çünki əsl həqiqət məhz bu cür müzakirələr nəticəsində üzə çıxır. Amma televiziyalar üzərində sərt nəzarət mexanizmi tətbiq edən adamların bu həqiqəti dinləməyə hazır olub-olmadığını bilmirəm".

Seymur Verdizadə "Səni axtarıram" verilişinin şəxsən onu bütün ölkə ictimaiyyətinə tanıtdığı barədə deyilənlərə də münasibət bildirdi: "Mən "Səni axtarıram" verilişinə ekspert kimi dəvət olunduğum zamana qədər artıq 15 ilik jurnalist təcrübəm var idi. Bir sıra məşhur qəzetlərdə redaktor işlədiyim üçün cəmiyyətin aktiv kəsimi məni tanıyırdı. "Səni axtarıram" verilişində ekspert kimi iştirakım - efir isə məni sadə insanlara tanıtdı. İctimai nəqliyyatdan istifadə edən insanam. Sadə insanların məni tanıdıqlarını hər gün müşahidə edirəm. Bəzən yaxınlaşıb təşəkkür edənlər, problemlərini dilə gətirənlər olur. Amma inanın ki, bu veriliş haqqında bir kimsənin etirazına rast gəlməmişəm.

Onu da deyim ki, mənim üçün efir ikinci planda olub. Həftədə 15 saat canlı efirdə olsam da jurnalist kimi qələmi əldən yerə qoymamışam, media orqanlarında intensiv yazılarla çıxış etmişəm. Bundan sonra da əsas fəaliyyətim jurnalistika ilə bağlı olacaq. Heç vaxt xüsusi olaraq televiziyada görünmək və məşhurlaşmaq iddiam olmayıb".

"Yeni Müsavat"