Hamilə qadınları depressiyaya salan nələrdir?

18 Fevral 2011 09:15
İstənilən məkanda hamilə qadınlar diqqəti özlərinə cəlb edirlər. Hamı onların qayğısını çəkir, diqqət göstərir və səbirsizliklə dünyaya gələcək körpənin yolunu gözləyir. Amma... Bir tərəfdən kənardan insanların onlara qaşı hədsiz diqqəti, digər tərəfdən isə həyat yoldaşı ilə sərbəst cinsi həyat yaşaya bilməməyin əsəbi, ərinin ona xəyanət edə biləcəyi qorxusu, körpəni sağlam şəkildə dünyaya gətirməyi düşünməkdən yaranan stress... Bütün bunlar hamilə qadınların psixologiyasında depressiya ilə nəticələnir. Depressiya vəziyyətini adi hala çevirib normal durum kimi qəbul etmək olmaz. Çünki hamilə qadının kefinin pis olması bətnindəki körpəyə də təsir edir və bəzən dünyaya gələn körpənin psixologiyasında problemlərin əmələ gəlməsi ilə nəticələnir.

Hamilə qadın depressiyaya düşərsə...

Depressiyaya düşənlər tez özünə qapılır, tənhalığa meyl göstərirlər. Psixoloqları narahat edən də elə məhz budur. Çünki, ağır depressiya vəziyyətinə düşən insan çox düşünmədən özünə qəsd edə bilər. Depressiyada olanları üzdən tanımaq elə də çətin deyil. Üzlərinə baxan kimi başa düşülür ki, onlar əhvalın təlx olması üzündən düzgün qidalanmırlar və ümidsizliyə düçar olublar. Amma söhbət depressiyaya düşən hamilə qadınlardan gedirsə, onda narahatçılığa həddindən də artıq ehtiyac var. Axı gələcək körpənin sağlamlığı təhlükə ilə üz-üzədir.

Ana olmağa hazırlaşan qadınlardan hər şeydən əvvəl möhkəm iradə tələb olunur. Ətrafında nə baş verirsə versin, kim nə deyirsə desin, gələcəyin anası bunları ciddi qəbul etməməyi bacarmalıdır. Hamilə qadın bütün baş verənlərə fikir versə də, verməsə də, onsuzda heç nə dəyişməyəcək. Bunun üçün isə ən ideal yol "nə olursa olsun körpəm dünyaya sağlam gəlməlidir" fikrini dönə-dönə xatırlamaqdır. Çünki, hamilə qadınların gülümsəyən çöhrəsi gələcək körpəni də sevindirir.

Təmiz havada gəzmək, əsəbləri qorumaq lazımdır

Amerikalı psixoloq Amer Şenli "Uşaqların ruhi həyatı" kitabında hamının təəccübünə səbəb olan sınağı dərc etdirmiş və sübüta yetirmişdi ki, sevinc, kədər, qorxu hissləri keçirən hamilə qadının bu duyğuları eynilə bətnində olan körpə də yaşayır. Sonralar psixoloqların demək olar ki, hamısı Amer Şenli ilə razılaşdılar. Elm sübüt etdi ki, ana nə qədər sakit olarsa, açıq havada gəzərsə, körpə də psixi cəhətdən bir o qədər sağlam doğular və beləliklə, körpənin iştahası və yuxu rejimi normal olar, nadir hallarda səbəbsiz olaraq ağlayıb valideynlərini narahat edər.

Hal-hazırda psixoloji zədə ilə dünyaya gələn uşaqların sayı çoxluq təşkil edir. Bu isə o deməkdir ki, analar hamiləlik dövründə gərgin psixi vəziyyətə tez-tez düşürlər. Ola bilər ki uşağın doğuşdan sonrakı ilk müddətdə zədəsi elə də biruzə verməsin, amma bu hallar nisbətən sonrakı illərdə kəskin şəkildə özünü göstərir, valideynləri narahat edir və ailədə problemlərin yaranmasına səbəb olur. Belə halların baş verməməsi üçün qadınlar hamiləlik dövründə bacardıqca əsəblərini qorumalıdırlar.

Depressiv vəziyyət necə olur və niyə yaranır?

Ümumiyyətlə, hamiləlik dövründə əsəb hüceyrələri o qədər həssas olur ki, qadın ən xırda məsələlərə də əsəbi reaksiya verir və səbəbsiz yerə depressiyaya düşür. Depressiya vəziyyətində isə insan hər şeydən əvvəl əzabverici gərginlik və qəm-qüssə içində olur. Özünü qiymətləndirmə hissi azalır və hamilə qadının davranışında zəiflik müşahidə olunur. Qadın tez-tez yorulur və heç nəyə maraq göstərmir.

Hamilə qadınlarda depressiyanın yaranmasının səbəbləri müxtəlif olur. Hamiləlik zamanı doğuşla bağlı təşviş qadını depressiyaya salır. Ona elə gəlir ki, gələcək körpəsinə lazimi diqqət göstərə bilməyəcək. Xüsusən də körpəni itirmək qorxusu hamilə qadınlarda çox kəskin depressiya yaradır. Ailəsində gərginlik yaşayan, təzyiqlərə məruz qalan hamilə qadınlar belə vəziyyətə daha tez düşürlər.

Cinsi əlaqə təhlükəlidir

Hamilə qadınları depressiyaya salan ən əsas səbəb isə istədiyi kimi cinsi həyatı yaşamaqdan məhrum olmalarıdır. Çünki hamilə qadın hamiləliyini sağlam şəkildə başa vurmaq, körpəyə zərər verməmək üçün bir ilə yaxın həyat yoldaşı ilə cinsi münasibətlərində məhdudiyyətlər yaradır. Uşağı bətndə qoruya bilmək üçün 9 ay hamiləlik dövründə və doğuşdan sonra uşaqlığın yığılması və parçalanmış toxumların bərpa olunması üçün 4-6 həftə ərzində cinsi əlaqəyə girmək olmaz. Doğuşdan sonra cinsi əlaqəyə qoyulan qadağanın iki əsas səbəbi var: doğuşdan sonra uşaqlıq yoluna, uşaqlıq boğazına, hətta uşaqlığın özünə infeksiya keçə bilər və əlaqə zamanı zərbə, doğuş vaxtı zədələnmiş damarlarda yaranmış trombu dağıda bilər ki, bu da qanaxma ilə nəticələnər.

Cinsi münasibətlər nə vaxt bərpa oluna bilər?

Əgər doğuş zamanı problemlər yaranıbsa, dəri dartınıb tikiş qoyulubsa, cinsi əlaqəyə qoyulan qadağa tikiş yeri sağalana qədər, yəni 2-3 aya qədər uzadılır. Doğuşdan sonra ilkin cinsi əlaqələr zamanı kişi qadınla çox ehtiyatlı rəftar etməlidir. Çünki, qadının orqanizmində baş verən dəyişikliklərlə əlaqədar olaraq, doğuşdan əvvəl qadına münasib olan poza doğuşdan sonra ona ağrılar verə bilər.

Həm qadınlar, həm də kişilər etiraf edirlər ki, doğuşdan sonra qadının cinsi orqanında  nisbətən dəyişiklik yaranır. Doğuş zamanı uşaqlıq yolu genişlənir və əvvəlki vəziyyətinə qayıdana qədər müəyyən zaman tələb edir.

Qadınlar körpəsini qazanıb, əvəzində nəyi itirir?

Bəzən doğuşdan sonra qadınlar cinsi əlaqədə olarkən deprssiyaya düşürlər. Çünki əgər doğuşa qədər qadın ehtiras orqazmı hiss edirdisə, doğuşdan sonra bu hisslər elə də yaşanmır, bir az da ağrıları buna imkan vermir. İnsanlar arasında belə bir fikir var ki, qadınlarda doğuşdan sonra ehtiras daha da çoxalır, amma təəsüflər olsun ki, bu fikir təmamilə yanlışdır.

Doğuşdan sonra qadınla cinsi əlaqədə olan kişinin keçirdiyi hisslər də dəyişir. Doğuşdan öncə qadının uşaqlıq yolu dar olduğundan münasibətlər zamanı fərqli zövq və ehtiras yarada bilər, doğuşdan sonra isə tamam başqa. Odur ki, kişilər doğuşdan sonra uşaqlıq yolunun genişlənməsini anlayışla qarşılamalıdırlar. Uşaqlıq yolunu əvvəlki vəziyyətə qaytarmaq üçün isə qadınlar gimnastika və xüsisi idman hərəkətləri ilə məşğul olmalıdırlar.

Qeysər kəsiyi vasitəsilə doğuş zamanı uşaqlıq yolunda anatomik dəyişikliklər baş vermir. Uşaqlıq, uşaqlıq yolunun divarları doğmamış qadınlarda olduğu kimi qalır. Amma yenə də əməliyyatdan sonra 4-6 həftə gözləmək lazım olur. Bir şeyi də nəzərə çatdıraq ki, qeysər kəsiyinin tikişi uşaqlıq yolu partlayan zaman qoyulan tikişdən daha tez sağalır.

Psixoloq tövsiyələrinə əməl edin

Sonda yenə ona qayıdaq ki, hamilə qadınlar həm intim həyatın həzz və rahatlığından məhrum olduqlarına görə, həm də həyat yoldaşının ona xəyanət edəcəyinin qorxusunu yaşadıqları üçün depressiyaya düşürlər. Psixoloqların qadınlara tövsiyəsi budur ki, depressiyadan çıxmağın ən yaxşı yolu iradə nümayiş etdirməkdir, əsasən, bu yolla mənfi əhval-ruhiyyə və ruhsal sıxıntılara son qoymaq olar. Ən çox inandığınız insana ürəyinizi açın. Psixoloqa müraciət etməkdən çəkinməyin. Müntəzəm olaraq təmiz hava qəbul edin.

Cəmiyyətdən təcrid olunma da depressiyaya açıq qapıdır. Dörd divar, eyni əşyalar, bütün günü evdə tək olmaq tənha qalan hamilə qadını bezdirir. Ünsiyyətdə olmaq istəyini boğmayın. Belə vəziyyətdə yaxınların köməyinə arxalanmaq pis olmaz. Psixoloji terapeya insanları ruhən müalicə edir. Soyuqdəyməni dərmanla müalicə etmək olar, amma depressiya üçün konkret tibbi resept yoxdur. Ona görə də sizə rahat olanı tapmağa səy göstərin. Həyatdan zövq almağa çalışın. Fərqi yoxdur necə, amma çalışın, bətninizdəki körpənin könlü şad olsun. Axı körpə sizin yaşadıqlarınızın daşıyıcısıdır.

Deyirlər, körpə hamının arasında anasını tanıyır, onun nəfəsini axtarır. Psixoloqlar sübut ediblər ki, 7 günlük körpə ananı ürəyinin döyüntüsü ilə tanıyır. Məhz elə buna görə də ana depressiyadan uzaq gəzib, gələcək körpəsinə xoş anlar bəxş etməyə çalışmalıdır.

Nura
Milli.Az