Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
(Əvvəli burada)
Gürcüstan isə artıq öz mövqeyini bildirərək geostrateji mənada özünü bütünlüklə Qərbə təslim edib və bu ölkədə bütün layihələr yalnız Qərbdən diqtə edilir, orada təsdiqlənir. Təsadüfi deyil ki, 2015-ci ilin ikinci yarısında NATO-nun "Şərqə doğru genişlənmə" proqramı çərçivəsində Gürcüstanda özünün təlim düşərgəsinin açılışını etdi. Əslində isə bu Rusiyanı yenidən qıcıqlandırmaq və ona "sən nə edirsən, et mən Şərqə doğru genişlənəcəm" ismarıcını verməkdir.
Azərbaycan dövləti isə özünün yürüdülən xarici siyasətində mövqeyini ortaya qoyub; xarici balanslaşdırılmış siyasət və ikitərəfli əməkdaşlıq. Təsadüfi deyil ki, ölkəmiz 1994-cü ildən NATO-nun "Sülh naminə tərəfdaşlıq", 2008-ci ildənsə "Fərdi tərəfdaşlıq" proqramları çərçivəsində Alyansla və onun ayrı-ayrı üzvləri ilə əməkdaşlıq edir, öz milli ordusunun modernləşdirilməsi və dünya standartlarına çatdırılması işini həyata keçirir.
Digər tərəfdən də, əgər Azərbaycanın Ermənistanla danışıqları ədalətli baş tutmazsa və münaqişə silahlı qarşıdurmaya çevrilərsə, yəni müharibə başlayarsa ölkə prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan silahlı qüvvələri ən müasir texnika ilə təchiz olunub və əsgərlərimiz Ermənistan hərbi qüvvələrini yenməyə hər an hazırdır. Elə Qarabağ torpaqlarının üstündə, Azərbaycan sərhədini pozduğuna görə vurulan herikopter buna bariz sübutdur. Müharibə başlayarsa silahlı yardım istisna olmaqla, Azərbaycan tərəfinin beynəlxalq aləmdən siyasi və diplomatik dəstəyin alması təbiidir. Bu baxımdan Azərbaycan dövlətinin bölgədə yürütdüyü siyasət düzgündür. Belə ki, hazırda Avropa İttifaqı Rusiyanın bütün səylərinə baxmayaraq, altı keçmiş sovet respublikalarının- Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Moldova və Ermənistanın "Şərq tərəfdaşlığı" proqramı üzrə Avropaya inteqrasiyanın sürətləndirilməsi və qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi siyasətinə xüsusi diqqət yönəldir.
Nəhayət, hörmətli professor Əli Həsənov Avropa İttifaqının Avrasiya siyasətində Azərbaycanın roluna və yerinə yekun vuraraq yazır: "Qeyd etmək lazımdır ki, Azərbaycanın Aİ ölkələri ilə bağlı siyasətində iki əsas cəhət xüsusi yer tutur. Bunlardan biri Aİ ölkələri ilə istisadi və siyasi münasibətləri tərəfdaşlıq istiqamətində inkişaf etdirməklə öz iqtisadi inkişafını iqtsadi təhlükəsizliyini təmin etməkdirsə, digəri Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün onların dəstəyində yararlanmaqdır". (Bax. S. 323)
Avrasiya regionun böyük dövlətləri içində, regionda fəallığı ilə seçilən, iqtisadi gücünə görə G-20-də təmsil olunan, coğrafi, iqtisadi, strateji baxımdan üç dənizlə əhatələnən (Qara, Aralıq, Egey dənizləri) regional geosiyasi, geoiqtisadi, geostrateji maraqları aydın sezilən ölkələrdən biri də, Türkiyədir. Türkiyənin zəngin bir keçmişi vardır. Belə ki, Osmanlı dönəmində ərazisi üç qitədə yerləşmək lə o zamankı dövrün siyasətinə uyğun olaraq beynəlxalq siyasətin müəyyənləşməsində əsas aparıcı dövlətlərdən biri idi. Ərazisi Azərbaycan da daxil olmaqla (müəyyən fasilələrlə), Eyni zamanda Şərqi Avropanın əksər dövlətləri və Yunanıstan, Misir, Ərəbistan yarımadası üzərində hökmranlığı ona imkan verirdi ki, qlobal siyasət yürütsün. Osmanlı Türkiyəsinin Qafqaza və Xəzər hövzəsinə açıq geosiyasi müdaxiləsi XV-XVI əsrlərdən başlayan müharibələrlə müşaiyət olunub və sonrakı əsrlərdə bu Osmanlı imperiyası ilə Səfəvi şahları, daha sonra Avşarlarla davam edib. XVIII əsrdənsə başlayaraq Osmanlı Türkiyəsi ilə Çar Rusiyası arasında geosiyasi məkan uğrunda saysız-hesabsız müharibələr başlamış, əsasən də bu müharibələr birincinin iqtisadi dayaqlarını zəiflətsə də ikincini daha da gücləndirmişdi. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsində Almaniya imperiyası ilə onun müttəfiqliyi Osmanlı Türkiyəsinə baha başa gəldi. Belə ki, Almaniya ilə bir yerdə müharibəni uduzan Osmanlı Türkiyəsi əksər torpaqlarını itirməklə yanaşı beynəlxalq geosiyasi qüvvədən regional geosiyasi qüvvəyə çevrildi. Birinci Dünya müharibəsinin yekunlarına görə, nəticə olaraq Avrasiya geosiyasi məkanında dörd imperiya parçalandı- Almaniya, Avstriya-Macarıstan, Rusiya və Osmanlı Türkiyəsi.
Osmanlı Türkiyəsi parçalandıqdan, yerində bir çox dövlətlər yarandıqdan sonra, ərazisi 780,6 min kv. km ərazisi olan (onun 23,7 min kv. km-i Avropaya düşür) 1923-cü ildən başlayaraq müasir Türkiyə Avropa inkişaf xəttinə seçmiş və son illərə qədər qərbi təmsil edən beynəlxalq, regional qurumlarla sıx əməkdaşlıq edir.
İkinci Dünya müharibəsindən (Qeyd etməliyəm ki, Birinci Dünya müharibəsində fərqli olaraq ikinci dünya müharibəsində türkiyə öz neytrallığını qoruyub saxlaya bilmiş və heç bir tərəfdən bu müharibədə iştirak etməmişdi.) sonra Avrasiyada yaranan geosiyasi və hərbi-geostrateji mübarizə bu məkana yeni çalarlar gətirmiş və dünya ideoloji baxımdan iki yerə- kapitalizm və sosializm- bölünməsi ilə bu ölkədə seçim qarşısında qalaraq 18 fevral 1952-ci ildən kapitalizm sisteminə keçərək NATO-ya üzv olmuş və o zamandan Qərbin Avrasiya regionuna- Sovet İttifaqına, xüsusən də, Orta Asiya, Xəzər-Qara dəniz hövzəsi və Qafqaza yönəlmiş geosiyasətinin , əsasən də, hərbi-geostrateji mövqelərinin forpostuna və əsas dayaq nöqtəsinə çevrilmişdi.
Bütövlükdə, Türkiyə Yaxın və Orta Şərqdə, Xəzər-qara dəniz hövzəsində, Cənubi Qafqazda Qərbin, o cümlədən NATO-nun ümumi geosiyasi mənafelərinin reallaşmasında mühüm rol oynayıb və bu gün də oynamaqdadır. Türkiyənin Avrasiyada öz fəal geosiyasi mövqeyini nümayiş etdirməyə çalışdığı regional müstəvilərdən biri də 1985-ci ildə İran və Pakistanla birlikdə yaratdığı İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) məkanı hesab olunur.
Əli Həsənova görə, geosiyasi anlamda Türkiyənin Avrasiyadakı xüsusən də, Xəzər-qara dəniz hövzəsi və Qafqazdakı əsas regional üstünlüyü həm də regional xalqlarının çoxunun dünyəvi inkişaf yolu seçməsi, dillərinin, dinlərinin və mədəniyyətlərinin oxşarlığı baxımından bu ölkəyə yaxın olması ilə bağlı idi.Bundan başqa, Türkiyədə Qafqazdan olan milyonlarla mühacirin yaşaması da rəsmi Ankaranın bölgədəki mövqelərinin möhkəmlənməsinə xidmət edir. Təxmini hesablamalara görə, hazırda Türkiyədə 7 milyona qədər qafqazlı mühacir yaşayır və fəaliyyət göstərir. Hörmətli professor, bu rəqəmi bilərəkdən az yazıb, amma dogru olaraq düzgün qeyd edir ki, dil, mədəniyyət, din birliyi bu bölgədə Türkiyənin söz sahibi olmağına imkan verir və onun nüfuzunu artırır.
Qeyd etməliyəm ki, tarixən Türkiyədə, İraqda, İranda, Azərbaycanda, Gürcüstanda, Ermənistanda (Təəssüflər olsun ki, XX əsrin əvvəllərindən bu bölgədə başlayan) deportasiya, əsrin sonunda, yəni 1991-ci ildə sonuncu azərbaycan türkü də qalmamış və Ermənistan respublikası monoetno dövlətə çevrilmişdir), Dağıstanda yaşayan türklər Oğuz türkləridir və tarixin sınağından keçərək adlarını çəkdiyim ərazilərdə bütün türklər bir-biri ilə çuğlaşıblar. Məsələn, Səfəvilər dövründə indi Türkiyənin ərazisi olan bir çox bölgələr-VAN, İğdir, Qars, Ərzincan, Artvin, Ərdahan və s.) qızılbaşların hakimiyyəti altında uzun müddət olub və iki dövlət ərazisində yaşayan Oğuz türkləri dil və mədəniyyətlərinə görə bir-birlərindən seçilməmişlər, yalnız islam dinin Sünni və Şiə məzhəbinə görə fərqlənmişlər. Bu iki dövlət arasında gedən müharibələr isə yalnız məzhəb uğrunda gedən müharibə adlandırıldasa da, alt qatda geosiyasi (düzdür o zaman geosiyasi anlamı yox idi.) məkan uğrunda mübarizə gedirdi. Məlumdur ki, XV-XVII əsrlərdə Qara dəniz Osmanlı imperiyasının iç dənizi hesab olunurdu, yəni bu dənizin bütün sahillərində sultanın hökmü keçirdi və onun təbəələri Osmanlı imperiyasına tabe idi.
Ardı var
Yunus Oğuz