Yaxud Söylünün bacısı olacaq Ayka, "Yad qızı" ilə olan paralellər, Əməl Sayın və digər məqamlar haqqında Milli.Az-da
"Teletamaşalar" layihəmizi davam etdiririk. Başlıqdakı "tamaşalar" kəlməsinin kataloq adı olmadığının fərqinə araşdırmamızla tanış olduqca varacaqsınız. Budəfəki söhbətimizin qəhrəmanlarından biri olan Musiqili Teatrın aktrisası, xalq artisti Afaq Bəşirqızını həm də bir müəllif kimi kəşf etdik. Məsələ burasındadır ki, onun yaradıcı müdaxiləsi olmasaydı, "Yarımştat" tamaşasındakı Ayka obrazı tamamilə başqa xassədə meydana çıxacaqdı. Azərbaycan Televiziyasının "Sabah" eksperimental yaradıcılıq birliyinin istehsalı olan və 1996-cı ildə ekrana çıxan tamaşanın rejissoru Şərif Qurbanəlibəyov, ssenari müəllifi Məcnun Vahidov, bəstəkarı Cavanşir Quliyevdi. Janrı faciəvi komediya kimi müəyyənləşdirilən tamaşada Yaşar Nuri, Məcnun Hacıbəyov, Telman Adıgözəlov və digər aktyorlar da iştirak edirlər. Mahnılar Aygün Kazımova, Cavanşir Quliyev, Yaşar Nuri, Telman Adıgözəlov, Afaq Bəşirqızı və Arif Quliyevin ifasında səslənir.
Afaq Bəşirqızı:
"Aykanı tamaşanın rejissoru Şərif Qurbanəliyevlə mən yazmışıq. Müəllif onu Söylünün bacısı kimi qələmə almışdı. Mən belə variantla razılaşmadım. Ona görə obrazı rejissorla birlikdə yenidən yazmalı olduq. Ssenaridəki Ayka ekrana çıxsaydı, təkrarçılıq təsiri bağışlayacaqdı. Ona görə mən Aykanı tamam başqa bir bölgənin qadını, ləzgi kimi təqdim etməyi lazım bildim. Ləzgi tamaşaçılarım da bu obrazı, mənim ləzgi ləhcəmi məmnuniyyətlə qəbul etdiklərini bildiriblər. Ləhcədən söz düşmüşkən, aktyor yeri gəldi-gəlmədi, bacardı-bacarmadı, hər ləhcə ilə danışmamalıdır. Məsələn, mən Şəki ləhcəsində danışa bilmirəm, ona görə bu ləhcə ilə danışan rollarda çıxış etmirəm".
Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimovanın yaradıcılığında kino geniş yer tutmasa da, televiziya tamaşalarındakı rolları kifayət qədərdir. Aktrisa yaradıcılığının bu səhifəsinin bəzi məqamlarını Milli.Az-a danışanda bəlli oldu ki, onun iştirakı ilə çəkilmiş və bu günə qədər seyr etdiyimiz tamaşalarla yanaşı, az nümayişlənən telelayihələr də olub. Məsələn, Əlibala Hacızadənin əsəri əsasında çəkilən "Unutmaq olmur" teletamaşası efirə bircə dəfə gedib. Aktrisa həmin tamaşada Ana və Qız rollarında çıxış edib. Firəngiz xanımın rolları arasında özgün yeri olan Orxan Kamalın "Yad qızı" romanının eyniadlı tamaşası ilə isə şəxsi xatirələri də bağlıdır. Orxan Kamalın məşhur "Yad qızı" romanının televersiyası olan bu tamaşanın rejissorları Lütfi Məmmədbəyli və Tariyel Vəliyevdi. Azərbaycan Televiziyasının istehsalı olan dram tamaşasında digər rolları Füzuli Hüseynov, Zemfira Əliyeva, Məleykə Əsədova, Ramiz Novruzov, Münəvvər Əliyeva və başqa aktyorlar ifa edirlər.
F.Mütəllimova: "Yad qızı" tamaşasının həbsxana epizodu çəkiləndə Lütfi müəllim ağlamışdı. Mən isə dedim ki, elə bil, bu, televiziyada sonuncu işimdir. Doğrudan da, bu duyğum müəyyən mənada düz çıxdı - o tamaşanın çəklişindən az sonra ailə qurub yaradıcılığımda uzun müddət fasilə verməli oldum. Gələcək həyat yoldşım olan İngiltərədə yaşayan cənubi azərbaycanlı Məhəmmədlə tanışlığımın səbəbi də Nazan olub. Maraqlıdır ki, məni Azərbaycanda Gülnar kimi daha çox tanıyıb sevsələr də, Yaxın Şərq ölkələrinin tamaşaçılarının diqqətini məhz Nazan daha çox cəlb edib. Düz deyirlər ki, aktyorların rolları ilə həyatları, taleləri arasında paralellər olur - Nazanın taleyi romanla, tamaşa ilə tanış olan hər kəsə bəllidir, bizim Məhəmmədlə tanışlığımız da ürəkaçan bir yerdə baş verməyib, yas yerində tanış olmuşuq, maddi baxımdan mənə son dərəcə tox bir ailə həyatı versə də, özümü orada, onun evində yad qızı kimi hiss elədiyimə görə bir neçə ildən sonra nikahımıza son qoymaq qərarına gəldim. Yenidən sənətə qayıdanda isə Marat Haqverdiyevin ssenarisi əsasında Lütfi müəllimin çəkdiyi "Səninlə və sənsiz" tamaşasında çəkildim. O tamaşa Əməl Sayının həyatından danışırdı. Mən də baş rolu ifa edirdim. Daha sonra isə Lütfi müəllim öz ssenarisi əsasında "Yağışdan sonra" adlı beşseriyalı televiziya filmi çəkdi. Hər iki layihə teletamaşa estetikasına çox yaxındır".
F. Mütəllimovanı daha da məşhurlaşdırıb sevdirən "Səni axtarıram" (1981), "Bağışla" (1983) və "Səndən xəbərsiz" (1985) adlı trilogiya şəklində ekrana çıxan tamaşadakı Gülnar obrazına gəlincə isə aktrisa bu rolu haqqında danışmadığı sözünün qalmadığını qeyd etdi. Bununla belə, açıqladı ki, sən demə, Gülnara münasibəti birmənalı olmayıb.
F.Mütəllimova: "O qızın təbiətindən sıxılırdım - onun sərbəstliyi, ərköyünlüyü, dəbdəbəli həyata alışqanlığı məni bir az çaşdırırdı. Yaşar mənə çox kömək edirdi. O vaxt həm də "Gənclik estradası" verilişinin aparıcısı idim. Elçin obrazı Yaşar üçün yazıldığından Gülnar obrazının ifaçısını tapmaq elə onun boynuna düşmüşdü. Elə birinci epizodu - Elçinlə Gülnarın parkda vidalaşması epizodunu, yeri gəlmişkən, o epizod Nəbatat bağında çəkilib, çəkən kimi Aslan müəllim (əsərin müəllifi Aslan Qəhrəmanov - red.) dedi ki, əsl mənim Gülnarımdır".
Teletrilogiyanın quruluşçu rejissoru Tariyel Vəliyev, ssenari müəllifi Aslan Qəhrəmanov, quruluşçu operatoru Eldar Məmmədovdur. Rolları Yaşar Nuri, Rafael Dadaşov, İlham Əsgərov, Saleh Babayev, Taniliya Əhmərova və digər teatr və kino aktyorları ifa edirlər. Azərbaycan Televiziyasında istehsal olunmuş teletrilogiyada Emin Sabitoğlunun "Ad günü", "Gün keçdi", "Onun bəlalı sevgisi", Polad Bülbüloğlunun "Var olun, qızlar..." filmlərinə kompozisiya və mahnılardan, eləcə də Mobil Babayevin, Elza İbrahimovanın, Oqtay Kazımovun, Oqtay Rəcəbovun musiqisindən istifadə edilib. Mahnıları Flora Kərimova və Mirzə Babayev ifa edirlər.
Firəngiz xanım 1983-cü ildə Azərbaycan Televiziyasının ədəbi-dram verilişləri baş redaksiyasının uğurlu məhsulu kimi ekrana çıxan Hüseyn Cavidin mənzum dramının "Topal Teymur" adlı teleyozumundakı (qur. rej. Ramiz Həsənoğlu, qur. operator Eldar Məmmədov, rollarda Hamlet Xanızadə, Nəcibə Məlikova, Mikayıl Mirzə, Rafael Dadaşov, Amaliya Pənahova, Yaşar Nuri, Səidə Quliyeva və s.) Almaz obrazının onda fərqli gözəllikdən ibarət təəssüratlar buraxdığını və bundan sonra tarixi azərbaycanlı qadın obrazlarını məmnuniyyətlə oynamaq istədiyini dedi.
Samirə Behbudqızı
Milli.Az