"Uğurlu inkişaf"ın olduğu tövlə: bundan sonra haraya?

21 Sentyabr 2015 10:28

"Budur, yoldaşlar, bütün suallarımızın cavabı məhz buradadır. Cavab bir kəlmədir - İnsan. Məhz o, insan bizim əsl düşmənimizdir. Səhnədən insanı götürün və aclığın, dözülməz zəhmətin əsl səbəbi birdəfəlik yox olacaq".
("Heyvanıstan", Corc Oruell)

Əsərlər insan həyatında yaşananları əksər hallardasa xəyallarla illüziyaları, hiss və emosiyaları əks etdirir. Amma bəzən qərinələr əvvəl yazılmıış əsər tarixin spiralvari hərəkət nəzəriyyəsini və ya bəddi təxmin fərziyyəsini, sanki, təsdiqləyir.
Ermənistandakı indiki vəziyyət də, sanki, antiuptopiya janrında yazılmış əsərin personajlarının olduğu bir məkandır.
Prezident Serj Sarkisyan "daxili və xarici siyasətdəki uğurlardan, pozitiv dinamika"dan danışıb: "Yürütdüyümüz siyasət ölkə iqtisadiyyatında, sosial həyatda və vətəndaşların rifah səviyyəsində irəliləyişlərə səbəb olub. Diplomatik sahədə də uğurlarımız az deyil".

Sarkisyan bunu dünən Yerevanda söyləyib. 
Dediklərindən fərqli olaraq o, gerçəkdə Ermənistanda pozitiv dəyərləndirilə biləcək nəyinsə olmadığını bilir. Sarkisyanın hakimiyyət istisnasız olaraq bütün sahələrdə geriləyib, uğursuzluqlara düçar olub, problemlərdən qurtula bilməyib və çətinliklərin sayını dəfələrlə artırıb - hansı pozitivlikdən danışmaq olar ki.

Elə buna görə də ölkənin daxili siyasət arenasını avaralar, az qala idiotlarla doldurmağa çalışırlar. Sarkisyan iqtidarı "radikal müxalifətçilər" adlandırdığı belə idiotlarını sayını artırmaqla kütlənin nəzərində real alternativinin olmaması görüntüsü yaratmağa can atır.
Halbuki, Ermənistanda irəliləyiş var. Sadəcə, bir sahədə - ölkədə ümidsizlik, bədbinlik, kəskin narazılıq yaradılması istiqamətində.
Özünü ölkə müxalifətinin faktiki liderləri sayan iki nəfər yeni alverlərlə məşğuldur. Erməni Milli Konqresinin sədri, sabiq prezident LevonTer-Petrosyanla İrs Partiyasının lideri Raffi Hovvanisyan ölkədəki hakimiyyəti cinayətkar və bandit yığını, Sarkisyanı isə devrilməsi labüd adam adlandırır, qəzetlərdə və saytlarda böyük məqalələrlə çıxış edərək hakimiyyətlə hər hansı formada dialoqun mümkünsüz olduğunu vurğulayır, axşam saatlarında gizlicə Prezident Administrasiyasının binasına yollanaraq kuluar danışıqları aparırlar.

Serj Sarkisyanın prezidentlik səlahiyyətləri müddəti başa çatandan sonra onun parlament spikeri "seçilməsi" və ölkəni faktiki olaraq yenidən idarə etməsi rıçaqlarına yiyələnməsi üçün şərait yaradacaq dəyişiklikləri, Konstitusiyaya əlavələri sərt tənqid edən müxalifət liderləri, əslində, konstitusion dəyişikliklər adlanan mülayim feodal diktaturası təməllərinə dəstək verirlər.
Ermənistan müxalifəti ABŞ və Avropa Birliyindən ayrılan pulların həcminin azaldığını görüncə sahiblərini dəyişmək qərarına gəlib və yaşananlar da hadisələrin ölkədəki gerçək demokratik qüvvələr üçün çox pis istiqamətdə inkişaf etdiyini göstərir.

"Konstitusion dəyişikliklər" adlanan, əslindəsə Sarkisyan rejiminin ən çirkin məqsədlərinin reallaşdırılmasına yönəlmiş prosesi dünənədək ən sərt, qızğın, hətta aqressiv şəkildə tənqid edənlər indi "qəflətən" sahiblərini dəyişəndən sonra fikirlərində və mövqelərində də ayrı insanlar olduqlarıın göstərirlər. Pul ödəyən subyekt dəyişdiyindən sözlər və çıxışlar da başqadır.
Həmin fiqurlar özlərinə haqq qazandırmağa da çalışırlar və deyirlər ki, dünənədək pulu verən qüvvə "Rədd olsun yeni Konstitusiya!" hayqırmağı tələb edirsə, indi "mətin müxalifətçilər"dən mütəmadi olaraq "Yaşasın yeni Konstitusiya!" şüarlarının ifası istənilir.
İllərdən bəri davam edən və uğursuzluqlarla sonuclanan müxalifətçiliyin yerinə deputat mandatının daha önəmli olduğunu deyənlər də az deyil. Zavallılar hələ də anlamırlar ki, Serj Sarkisyan iqtidarı onlara verdiyi vədlərə və şirnikləndirici təkliflərə rəğmən, həmin klounların heç birinə deputat mandatı hədiyyə olunmayacaq.

Dünənki "yox"çular, bugünkü "hə"çilərin taleyinə siyasi səhnədə mövcudluq effekti yaratmaq, seçkilərin guya demokartik və hakimiyyətin fiqurlarına bol alternativli keçdiyi görüntüsünü yaratmaqdır.
Yerevandakı iqtidar çoxsaylı təlxəkləri klonlamaqla kifayətlənmir, hakimiyyətin siyasətini "müstəqil siyasi qüvvə", yaxud "obyektiv fikir yürüdən qeyri-hökumət təşkilatı" qismində "dəstəkləyən vətəndaş cəmiyyəti struktur"ları yaradır. 
O qrupların qarşısına qoyulan məqsəd də siyasi əxlaqsızların dəstəklənməsi, onların əməllərinə haqq qazandırılması, prinsipial erməni müxalifətçilərinsə marginal hücumlara məruz qoyulmasıdır.

Sonucda siyasi "müştəri", yəni kütlənin böyük qismi Stokholm sindromuna tutularaq onu zəlillik, səfillik və ümidsizliyə düçar etmiş iqtidarın əsl simasını göstərənləri hədəfə alır. 
Ermənistanın müxalifət düşərgəəsindəki kəsif qoxunun, xəyanət dumanının da səbəbi budur yəqin. 
O düşərgə Corc Oruellin Azərbaycanda "Heyvanıstan" kimi tanınan "Animal Farm: A Fairy Story" əsərindəki fermanı xatırlatmağa başlayıb.

Fermada ara qarışıb - heyvanlar yemə, axura daha yaxın olmağa çalışırlar. Bunun üçün də irəliyə şığıyır, donuz Napoleona yaltaqlanırlar.
Əsərdəki bu erkək donuz da "Bütün heyvanlar bərabərdir, amma bəzi heyvanlar daha bərabərdir" deməklə fermer Consu vermadan qovmuş, bəslədiyi 10 iri köpəyin vasitəsilə hakimiyyəti ələ almışdı.


Napoleon fermada istədiyi kimi dolaşan və istədiyini yeyən heyvanları yox, səhərdən axşamadək durmadan işləyən varlıqları görmək istəyir.

"Heyvanıstan"dakı unudulmaz cümlələr xatirinizdəmi: "Səs-küyə yığılmış qonşular donuzlara və insanlara baxır, sonra baxışlar insanlardan donuzlara yönəlir, daha sonra insanlarla donuzları süzürdü qonşular. Donuzlarla insanları ayırd etmək, fərqləndirmək artıq çox çətindi..."

Orxan Hun
Milli.Az