"Azərişıq"ın işığımızı kəsməyə haqqı varmı?

18 Sentyabr 2015 17:17

Bəzi abonentlər istifadə etdikləri elektrik enerjisi haqlarını vaxtlı vaxtında ödəmirlər. Bu haqda "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, "Azərişıq" ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 18 sentyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Məlumata görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin "Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma"sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun "Azərişıq" ASC tərəfindən ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Bizim Yol"a açıqlamasında bildirdi ki, bu məlumat borclu abonentlərə xəbərdarlıq idi: "Həm fərdi qaydada, həm də mətbuat vasitəsi ilə xəbərdarlıq edirik. Abonentlərə verilən qəbzin üzərində xəbərdarlıq bildirişi də yazılır. Hər bir abonentin xəbəri olur. Onlar bilirlər ki, filan tarixdən filan tarixədək borclarını ödəməlidirlər. Hər bir abonent fərdi qaydada borcunun məbləğini bilir. Elektrik enerjisinin istifadə qaydalarına görə bildiriş verildikdən sonra 5 gün ərzində abonent borcunu ödəməlidir.

Elələri var ki, xəbərdarlığın verilməsindən 1 ay keçməsinə baxmayaraq hələ də borcunu ödəməyib. Digər tərəfdən elektrik enerjisinin istifadə qaydaları haqqında hüquqi qaydada 3 gün ərzində xəbərdarlıq edilir. Bu da rəsmi xəbərdarlıqdır. Mətbuat xidmətinin məlumatı yayılır. Rəqəm olaraq borclu abonentlərin sayını dəqiq deyə bilmərəm. Ancaq bu günə olan məlumata görə, dünənki məlumatdan sonra müəyyən bir faiz borcunu ödəyib. Borclu abonentlərin sabaha qədər vaxtları var. Əgər borclu abonentlər 18 sentyabr saat 12:00-a qədər borclarını ödəməsələr, onların mənzillərinə verilən elektrik enerjisi qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq".

Hüquqşünas Müzəffər Baxışov "Bizim Yol"a açıqlamasında bildirdi ki, elektrik təchizatı haqqında Azərbaycan Respublikasının tələblərinə görə, abonentə xəbərdarlıq edilir: "Xəbərdarlıq edildikdən sonra 1 ay müddətində borcunu ödəmirsə, "Azərişıq" ASC-nin ixtiyarı var ki, konkret işıq təchizatını dayandırsınlar. Xəbərdarlıq edildikdən sonra konkret abonentin işıq təchizatını dayandıra bilərlər. Yəni, məsələn, kimsə çoxmərtəbəli hündür binada yaşayır, orada 15 nəfər işıq pulunu ödəmir, 10 nəfər ödəyirsə, orada bütün binanın işığını kəsə bilməzlər. Konkret ödəməyənlərə xəbərdarlıq edilməlidir və bundan 1 ay sonra həmin qanunun tələblərinə görə onlar elektrik enerjisinin təchizatını dayandıra bilərlər. Kimin işığı kəsilirsə və mübahisə olursa, istənilən halda məhkəməyə müraciət edə bilər. Yəni bu hərəkətlərin "Azərişıq"a qadağan edilməsi barəsində sakinlər məhkəməyə müraciət edə bilərlər. Bunun üçün əsasları olmalıdır. Məhkəmə qərar qəbul edərsə ki, konkret hansısa abonentin işığının kəsilməsi "Azərişıq"a qadağan olunsun, bu zaman məhkəmə qərarı icra olunacaq. Onun qarşısı alınacaq. Ancaq konkret halda xəbərdarlıqdan bir ay sonra istehlakçının elektrik təchizatının kəsilməsi tam qanuna uyğundur".

Milli.Az