Dunqanlar: türklərlə çinlilər arasında körpü xalq

12 Sentyabr 2015 22:45

Tarixdə qədim türk ellərində- Türküstanda və vaxtilə türk əraziləri olan, sonralar isə çinlilər tərəfindən işğal edilən torpaqlarda yaşayan və antropoloji baxımdan uyğurları, qazaxları və qırğızları xatırladan müsəlman dunqanlar barədə çox yazılıb və hələ çox yazılacaq.  

Bu da səbəbsiz deyil, belə ki, dunqanlar faktiki olaraq  eramızın XVIII-IX əsrlərində İslamı qəbul edən çinlilər və türklərin izdivacından əmələ gələn xalq hesab edilirlər. Dunqanların soykökündə şübhəsiz ki, vaxtilə bu ərazilərə İslamı yaymaq üçün köç edən səhabələrin də rolu olub. İslamı yaymaq üçün gələn səhabələrin  böyük əksəriyyəti bu dini qəbul edən çinlilərlə ailə həyatı qurmuş, eyni zamanda onlara qız verib, qız almışlar. Günümüzdə Çin dilində danışan dunqanların xalq kimi meydana çıxması ilə bağlı tarixçilər arasında fərqli fikirlər mövcuddur. Bununla belə, dunqanların tarixin siyasi səhnəsinə çıxmasında çinlilər Çin əsarəti altında yaşayan uyğur türkləri arasında ərəblər tərəfindən İslamın yayılmasının böyük rol oynadığı istisna edilmir.

Talas savaşının müsəlman övladları

Tarixi mənbələrdə İslamın  Türküstanda və Çində yayılması eramızın 751-ci ilində baş verən Talas savaşı ilə əlaqələndirilir. Belə ki, 751-ci ildə Abbasilərin qoşunları ilə Çin arasında Türküstanın Talas adlı ərazisində şiddətli döyüş baş verdi. Bu döyüşdə çinlilər  ağır məğlubiyyətə dükar oldular. Talas döyüşündə ərəblər məğlub etdikləri Çin ordusunun  30-40 min əsgərini əsir götürmüşdülər. Əsirlərin arasında o dövrdə İslamı qəbul etməyən və Çin əsgərləri ilə birlikdə ərəblərə qarşı vuruşan çoxlu sayda uyğur türkləri də var idi. Müharibədən sonra Talas ətrafında yaşayan türk qövmləri ilə eyni dildə danışan uyğur əsirlər soydaşlarının İslamı qəbul etməsini görüb, həvəslə bu dinlə yaxından tanış olmağa, başladılar. Onlarla birlikdə əsir çinlillər də ərəblərin adət-ənənələri ilə yaxından tanış olmağa, İslamı öyrənməyə başladılar.  Onların böyük əksəriyyəti uyğur əsirlərlə birlikdə İslam dinini qəbul etdilər. Beləliklə, indiki müsəlman dunqanların xalq kimi tarixin siyasi səhnəsinə çıxmasının əsasları qoyuldu.  Yeri gəlmişkən, qeyd edək ki, adətən, mühafizəkar ruhlu və öz dinlərinə  olduqca bağlı olan əsir çinlilərin İslamı qəbul etməsində digər bir amil ərəblərin onlarla əsir kimi deyil, öz yaxınları və doğmaları kimi rəftar etmələri də önəmli rol oynadı.  Talas döyüşündən 2-3 il sonra ərəblər çinli əsirləri azad edərək onlara öz ölkələrinə getməyə şərait yaratdılar. Doğmalarının yanına qayıdan və İslamı qəbul edən keçmiş çinli əsirlər həvəslə yaxınlarını qohum-əqrəbalarını İslam dini ilə tanış etməyə, onlara bu dinin üstünlüklərini söyləməyə başladılar. Nəticədə onlar tərəfindən İslamın Çində yayılmasının ilkin əsasları qoyuldu. Ərəblərlə  çinlilər arasında baş verən Talas döyüşündən 4 il sonra Çin hökmdarı özünə qarşı qaldırılan üsyanı yatırtmaq üçün Abbasi xəlifəsindən yardım istədi. Xəlifə Əbu Cəfər əl-Mənsur Çin hökmdarına yardım üçün böyük bir ordu göndərdi. Ərəb əsgərləri üsyanı yatırandan sonra Çin hökmdarı Sutsunq müsəlman əsgərlərin öz ölkəsində istəyən qədər qalmasına icazə verdi. Onun məqsədi gələcəkdə də özünə qarşı üsyan baş verəcəyi halda, yenidən onların yardımından istifadə etmək idi. Müsəlman ərəb əsgərlər Çinin müxtəlif bölgələrində məskunlaşdılar. 760-cı ildə keçirilən  bir siyahıyaalmaya görə, təkcə Çinin Changan bölgəsində 4 mindən yuxarı müsəlman ailə yaşayırdı. Bu ailələr Çində İslamı tədricən yaymağa başladılar. Yenə də burada bir maraqlı məqamın üstündən sükutla keçmək olmur: Bu da ərəb əsgərlərin yerləşdikləri bölgədə uyğur türklərinin çoxluq təşkil etmələri idi. Tarixçilərin yazdıqlarına görə, çinlilərlə kompakt halda yaşayan uyğur türklərinin İslamı qəbul etdiklərini görən bəzi  çinli ailələr onların təsiri altında bu dinin daşıyıcılarına çevrilməyə başladılar. Bununla bağlı tarixçilərin yazdıqlarına görə, ərəblərin Çində yaşayan uyğur türkləri və onlarla yaxın münasibətdə olan və İslamı qəbul edən çinlilərlə ailə həyatı qurmaları da İslamın bu bölgədə yayılmasına yardım etdi. İslamın Çində yayılmasını tədqiq edən tarixçilər bununla bağlı belə bir ortaq nəticəyə gəlmişdilər:  İslam ölkələrindən Çinə gələn müsəlmanlar burada yerli əhali arasında İslamın yayılmasına nail olmaqla bərabər, özləri də tədricən onların adət-ənənələrinin təsiri altına düşərək çinliləşdilər və yerli xalqın arasında əriyib getdilər.

Ərəblərlə bərabər, bu ərazilərdə çinlilərlə kompakt halda yaşayan uyğur türklərinin də böyük hissəsi İslamı çinlilər arasında yaymaq, onlara bu dini öz dillərində öyrətmək, təbliğ etmək üçün Çin dilini öyrəndilər və tədircən çinliləşdilər.

Əslində tarixçilərin burada bir məqamın üstündən sükutla keçməsi təəccüb doğurur. Belə ki, hələ bölgədə İslam yayılmazdan əvvəl Şərqi Türküstanda Çin əsarəti altında yaşayan uyğur türkləri Çin dilində danışmağa, onların dinlərini qəbul etməyə məcbur olmuşdular. Tarixçilərin çox həvəssiz halda bəhs etdikləri uyğur türkləri əslində ərəblər tərəfindən dini inanclarına görə çinli kimi qəbul edilmişdilər. Əslində həmin dövrdə çinlilər adı altında tanınan əhalinin  böyük əksəriyyətini uyğur türkləri təşkil edirdilər.

 Dunqanlar türkəsilli idilər

Dunqanların türkəsilli olması barədə fikirlər ilk dəfə rusiyalı tarixçi-alim Zaxarov tərəfindən gündəmə gətirilib. O, "dunqanların soykökləri haqqında qeydlər"ində ("Zapiskax o proisxojdenii dunqan") yazır ki, Dunqanlar çinlilər tərəfindən assimilyasiyaya uğrayan və sonralar İslamı qəbul edən uyğurlardır. Günümüzdə Zaxarovun dediklərini Çinin tanınmış tarixçi tədqiqatçıları Qu Yan-u Çan Xua və digərləri də dəstəkləməkdədirlər.

Çin tarixində dunqanların adı eramızın 375-585-ci illərində "huayhe" (huayhey, hueyhu,- geri qayıdan, dayanan, duran)

xalqı kimi çəkilir. Eramızın 1368-1644-cü illərinə aid mənbələrdə isə İslamı qəbul edən dunqanların adı "hueyhuey" kimi çəkilir.

Dunqanların türkəsilli olduqlarını tarixçi-alim B. N. Boqoyavlenski də təsdiq edir. Boqoyavlenski yazır ki, dunqan (hueyhuey) adı türk sözü olan "turmok"un (durmaq, dayanmaq) yerli ləhcədə deyilişindən başqa bir şey deyil. Onun araşdırmalarına görə, dunqan-döngən-dönen turgen- duran,- dayanan,  deməkdir. Vaxtilə türk dilində ''sağır nun'' hərfi olub və günümüzdə ondan istifadə edilmədiyindən döngen-donen-dunqan kimi tələffüz edilib. Əslində rusiyalı alim bu baxımdan məsələyə olduqca düzgün yanaşıb və dunqan sözünün dönən mənasını verən döngenlə eyni anlam daşıması aydın şəkildə nəzərə çarpır. Boqoyavlenski belə bir nəticəyə gələrkən Orta Asiyada və Şərqi Türküstanda geniş yayılan "Akman və Karaman" haqqındakı əfsanələrə də istinad edib.  Çinin tarixçi alimi Lqoy Çjei-yuy "Çjunqo mintszu tszyanşi" (Çin xalqlarının qısa tarixi) adlı əsərində də dunqan sözünün türkəsilli, dunqanların da çinliləşmiş türklər olduğunu qeyd edib. Onun yazdığına görə, dunqanlar türk xalqlarının bir qoludurlar.

Bununla belə, tarixçilər türkəsilli dunqanların buraya gələn ərəb əsgərlərin təsiri altında VIII əsrdə islamı qəbul etdiklərini və ərəblərin bu xalqın soy-kökünün formalaşdırılmasında müəyyən qədər iştirak etdiklərini də qeyd edirlər. Bununla belə, dunqanların soy-kökündə ərəblərin iştirak etdiklərini türkə düşmən münasibət bəsləyən bəzi rus tarixçiləri şişirdərək az qala onların  etnogenezesinin formalaşmasında ərəblərin, həmçinin guya buraya ticarət üçün gələn farsların olduqlarını sübut etməyə çalışırlar. Ərəb əsgərlər əlavə,  Çinə ticarət üçün ərəblərin və farsların gəlməsi ehtimalını da danmaq olmaz. Amma onlar azsaylı idilər və  50-60 tacirin yerli xalqın  soykökündə iştirak etməsində böyük rol oynadığını söyləmək və üstəlik, bu amildə uyğur türklərinin adını çəkməmək qərəzdən başqa bir şey deyil. Yenə də qeyd edək ki, 50-60 ərəb və ya fars tacirin dunqanların soykökündə iştirak etməsini və bunu onların ərəb-fars kökənli olmasını  iddia etmək elmi-tarixi baxımdan gülünc təsir bağışlayır. İnsafən deyək ki, dunqanların soykökünün  sonrakı əsrlərdə də qohum türk xalqları hesabına formalaşdırılmaqda davam etdiyini Çin tarixçisi Li Qan da təsdiq edir. O yazır ki, monqollar Çini işğal edərkən onlarla bu ərazilərə gələn türk-tatarlar dunqanlarla qaynayıb-qarışaraq onların etnik tərkibinin formalaşdırılmasına öz töhfələrini verdilər.
"Zaman Azərbaycan"