Cari ilin I rübü ilə müqayisədə isə II rübdə şimal qonşumuzdan ölkəmizə daxil olan vəsait 50%-dən çox artıb
Bu ilin II rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 225 mln. dollara çatıb.
APA Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu 2014-cü ilin II rübü ilə müqayisədə 148 mln. ABŞ dolları və ya 39,68% azdır.
Məlumata görə, bu ilin II rübündə Rusiyadan Azərbaycana 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144 mln. ABŞ dolları və ya 43,11% azdır. Bu ilin aprel-iyun aylarında şimal qonşumuzdan ölkəmizə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları köçürülüb. Xatırladaq ki, 2014-cü ilin II rübündə transsərhəd pul köçürmə sistemləri vasitəsilə Rusiyadan Azərbaycana 334 mln. ABŞ dolları göndərilib. Bu zaman hər əməliyyat üzrə pul köçürmənin orta məbləği 654 ABŞ dolları olub.
Bu ilin II rübünü I rübü ilə müqayisə edəndə məlum olur ki, aprel-iyun aylarında pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 43 mln. ABŞ dolları və ya 23,63%-lik artım olub. Belə ki, I rübdə bu göstərici 182 mln. dollar idisə, II rübdə 225 mln. manata yüksəlib.
Müqayisə olunan dövrdə Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi 64 mln. ABŞ dolları və ya 50,79% artıb. Əgər I rübdə hər əməliyyat üzrə orta hesabla 419 ABŞ dolları olmaqla, Rusiyadan Azərbaycana 126 mln. ABŞ dolları həcmində vəsait köçürülübsə, II rübdə hər əməliyyat üzrə orta hesabla 519 ABŞ dolları olmaqla, ümumilikdə 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb.
Bu ilin II rübündə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə gəlincə, illik müqayisədə burda da azalma müşahidə olunub. Belə ki, bu ilin aprel-iyun aylarında hər əməliyyat üzrə orta məbləğ 568 ABŞ dolları olmaqla Azərbaycandan şimal qonşumuza ümumilikdə 35 mln. ABŞ dolları həcmində pul köçürülüb. Bu isə 2014-cü ilin müvafiq dövründəkindən 4 mln. ABŞ dolları və ya 10,26% azdır. Başqa sözlə, ötən ilin ikinci rübündə Azərbaycandan Rusiyaya hər əməliyyat üzrə orta məbləğ 689 ABŞ dolları olmaqla ümumilikdə 39 mln. ABŞ dolları həcmində vəsait daxil olub.
Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcminə görə, bu ilin ilk üç ayı ilə sonrakı üç ayını müqayisə edəndə məlum olur ki, II rübdə ölkədən şimal qonşumuza pul axını 21 mln. ABŞ dolları və ya 37,5% azalıb. Belə ki, I rübdə Azərbaycandan Rusiyaya 56 mln. ABŞ dolları həcmində pul köçürülübsə, II rübdə bu göstərici 35 mln. ABŞ dollarına qədər azalıb. Bu ilin I rübündə hər əməliyyat üzrə orta məbləğ 700 ABŞ dolları, II rübdə isə 568 ABŞ dolları təşkil edib.
Milli.Az