Sirli Sokotra adası

5 Sentyabr 2015 22:45

Sokotra Hind okeanının Somali sahillərində, Ərəbistan yarımadasından təxminən 350 km cənubda dörd ada və iki qayadan ibarət arxipelaqdır. Afrikanın təxminən 320 km uzaqlığındakı Sokotra adasına getsəniz özünüzü yad bir planetdəki kimi hiss edəcəksiniz. Çünki, ada fəqli bitki örtüyü ilə qəribə görünüşə malikdir. Bu adada olan bitkilərin üçdə biri dünyanın heç bir yerində yoxdur. 

Nümunə üçün deyə bilərik ki, özündən qırmızı su ifraz edən "əjdaha qanı ağacı" adlandırılan ağac Sokotraya xas olan bir bitkidir. 

Coğrafi baxımdan yeddi milyon il əvvəl Afrika qitəsindən ayrılıb ada halına gəldiyi təxmin edilən Sokotra dünyanın başqa heç bir yerində görülməyən 200-dən çox fauna və flora növünə malikdir. Adanın ən çox diqqət cəlb edən xüsusiyyəti isə yuxarıdan baxıldığı zaman göbələyə oxşayan, yaxından baxdıqda isə yad planetə oxşayan ağacları və fil ayağı şəklindəki çöl gülləridir. Hind okeanının əhatə etdiyi adaya ən yaxın yer 250 kilometr məsafədə yerləşən Somalidir. Sokotra adasında insanların demək olar ki, hamısı əsas adadakı Hadibu şəhərində yaşayır. Adanın adı Sanskrit dilində "xoşbəxtlik adası" mənasında işlənir. Adından da göründüyü kimi Sokotra  həqiqətən çox sakit bir yerdir. 2004-cü ilə qədər asfalt yolu belə olmayan adada sadəcə 40 min insan yaşayıb. 1967-ci ildə Mahra Sultanlığı ləğv edildikdən sonra Sokotra adası Yəmən Xalq Demokratik Cumhuriyyətinə birləşdirilib. Bu ada hər il turist axınına məruz qalır.

Qeyd edək ki, adaya səyahət Somali piratları tərəfindən zəbt edilmiş okean suları və ya Yəmənin paytaxtı Sənadan birbaşa uçmaqla mümkündür.
"Zaman Azərbaycan"