Miqrantlar vağzala doluşdular - VİDEO - FOTO

4 Sentyabr 2015 12:15

Suriya, İraq, Əfqanıstan və Afrikanın şimalından Avropaya üz tutmuş miqrantların axını Macarıstanın paytaxtı Budapeştdə böyük problemlər yaradıb. Yüzlərlə miqrant polis səflərini yararaq Keleti dəmiryol vağzalına giriblər. Onlar Avstriyanın paytaxtı Vyanaya yollanan qatara girməyə çalışırlar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Keleti vağzalının rəhbərliyi Macarıstan paytaxtından Avropa Birliyi ölkələrinə dəmiryol qatarlarının hərəkətini qeyri-müəyyən müddətə təxirə salıb.
Son iki gündə macar polisi vağzalın giriş qapılarında duraraq içəriyə yalnız pasportu və Şengen vizası olan şəxsləri buraxırdı. İndisə 3 mindən artıq miqrant vağzalın perronlarına doluşublar. Onlar Vyanaya, oradan da Almaniyaya yollanmaq istəyirlər.
Macarıstan miqrantlarla bağlı sərt mövqe tutub və miqrantların yerləşdirilməsi kvotaları ilə bağlı Avropa Birliyinin qərarlarına riayət etmək istəmir.
Polisin davranışı miqrantları çox sinirləndirib. Suriyalı miqrantlardan biri arvadını və kiçik qızını itələyib relslərə yıxandan sonra özü də yerə uzanıb, polisə müqavimət göstərib.

Milli.Az