Mütərəqqi konsepsiyalara əsaslanan sosial siyasət

1 Sentyabr 2015 11:25

Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət mürəkkəb struktura malik olmaqla çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir.

İqtisadi inkişaf sosial məqsədlərə çatmağın əsas yoludur

Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil.
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə başlanan yeni siyasi kurs sosial siyasətə təsirsiz ötüşmədi. Təbii ki, yeni müstəqil dövlətin bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətinin formalaşması dövlətin kompleks inkişafının tərkib hissəsi kimi nəzərdən keçirildi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin iki xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşər. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsidir. Bu baxımdan biz Heydər Əliyevin müəllifi olduğu sosial siyasətin inkişaf tarixinə nəzər yetirsək, görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində əhəmiyyətli addımlar atıldı, uğurlu islahatlar həyata keçirildi.
Çağdaş dövrümüzdə sosial siyasətin müəyyən olunmuş əsas tərkib hissələri bir çox tədqiqatçılar tərəfindən qəbul olunmaqdadır. Bunlar məşğulluq, sosial təminat, təhsil, səhiyyə, mənzil şəraiti, əməyin mühafizəsi, istirahət və asudə vaxtın təşkili və sairdir. Bu tərkib hissələrinin hər birinin özü müxtəlif, lakin bir-birinə bağlı məsələləri qadın, ailə, gənclər və uşaqların, qaçqın və məcburi köçkünlərin sosial müdafiəsini özündə birləşdirir. Bütövlükdə isə bütün bunlar Azərbaycan cəmiyyətinin sosial stratlarını təşkil edir. Dünyada sosial müdafiəyə cəlb olunan orta hesabla təxminən 22 strat müəyyən edilib. Azərbaycanda ulu öndərin müəllifi olduğu sosial siyasətin əsas göstəricilərindən biri kimi 35-dən artıq stratın müəyyən edilməsi dövlətin sosial siyasətinin cəmiyyətin hər bir fərdini əhatə etməsindən xəbər verir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti, cəmiyyətin hər bir stratının mənafeyinin nəzərə alınması Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı. O cümlədən yoxsulluğun aradan qaldrılması üçün mühüm işlər görüldü.
Ötən 12 ildə ulu öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət kütləvi şüurun və cəmiyyətin sosiomədəni bazisinin mərhələlərlə postindustrial dəyərlər və ənənələr məcrasına transformasiyasına imkan yaradıb, milli tərəqqinin sabitliyini və davamlılığını təmin edib, ölkəni beynəlxalq münasibətlərin obyektinə yox, aparıcı subyektinə çevirdi. Azərbaycanın dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin indi də özünü qabarıq göstərən ən önəmli cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsidir.
 
Məşğulluq sosial təminatın əsas elementlərindən biridir
 
Məşğulluq, əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib tərkib hissəsidir. Çünki məşğulluq əhalinin müəyyən hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır. Əhalinin işlə təminatına nail olmaqla dövlət sosial məsrəflərin müəyyən qismini aztəminatlılara, işsizlərə, pensiyaçılara və əlillərə yardıma istiqamətləndirə bilər.
Sovet dövründə də Azərbaycanda xeyli dərəcədə işsizlik var idi. Obyektiv və sübyektiv səbəbdən isə 1990-cı ildən başlayaraq Azərbaycanda işsizlik ardıcıl olaraq artmışdı. Sonrakı dövrdə bazar iqtisadiyyatına keçidlə bağlı iş yerlərinin kəskin azalması müşahidə edildi. Ölkədə istehsal olunan məhsulların satış bazarlarının itirilməsi, xarici müəssisə və firmaların öz məhsulları ilə ölkə bazarına daxil olması, müstəqilliyimizin ilk illərində hakimiyyətə gələn iqtidarların hər sahədə olduğu kimi, sosial siyasətdə də məsuliyyətsizliyi işsizlərin sayının kəskin şəkildə artmasına səbəb oldu. İşsizlik işçi qüvvəsinin ölkədaxili və ölkəxarici miqrasiyasını da gücləndirirdi. Ona görə əhalinin müəyyən qismi sosial vəziyyətini yaxşılaşdırmaq yolunu şəhərdə axtarmağa başladı. Bu isə şəhər əhalisinin artmasına səbəb oldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mövcud iqtisadi tənəzzülün dayandırılması, torpaq islahatlarının həyata keçirilməsi, kənd təsərrüfatında yeni mülkiyyət formalarının meydana çıxması, aqrar istehsalın stimullaşdırılması əhalinin məşğulluğunun artmasına stimul verməklə yanaşı, ölkədaxili və xaricə miqrasiyanın azalmasına müsbət təsir göstərdi. Ötən 12 ildə isə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub. Xatırladaq ki, 2003-cü ilin prezident seçkiləri ərəfəsində cənab İlham Əliyevin 600 min yeni iş yerinin yaradılacağı barədə vədi də sistemli şəkildə, ardıcıl olaraq ilbəil əhalinin məşğuliyyətinin təmin edilməsinə hesablanmışdı.
Ötən dövrdə regionlarda iqtisadiyyatın inkişafını sürətləndirən tədbirlərin, bununla bağlı dövlət dəstəyinin istiqamətlərinin müəyyən edildiyi proqramların təsdiqi ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuş və onun uğurla icrası nəticəsində Azərbaycanın, demək olar ki, bütün bölgələrində davamlı olaraq əməktutumlu, rəqabətqabiliyyətli yeni istehsal müəssisələri, xidmət sahələri istifadəyə verilmiş, ölkənin hərtərəfli potensialı hərəkətə gətirilmişdir. Beş ildən bir qəbul olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkənin iqtisadi inkişafının mühüm təkanvericisi missiyasını yerinə yetirməklə vətəndaşların sosial rifahının yüksəldilməsində müstəsna rol oynamışdır. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin nəticəsi kimi regionlarda tarazlı inkişafla yanaşı, sosial məsələlər də yoluna qoyulmuş, əhalinin məşğulluğu və real gəlirləri artmış, yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Ümumiyyətlə, son 12 ildə Azərbaycanda 1 milyon 400 min yeni iş yeri açılmışdır ki, bunun da 1 milyonu daimidir.
 
Qaçqın və məcburi köçkünlərə yüksək qayğı
 
Müstəqilliyinin ilk günlərindən gənc dövlətimizin qarşısında duran vəzifələrdən biri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli olub. Bu təbəqədən olan insanlara sistemli, məqsədyönlü dövlət qayğısı məhz ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanıb. Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət miqyasına baxmayaraq, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli ümummilli lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.
Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da Heydər Əliyevə məxsus idi. Ümummilli lider yaranan iqtisadi imkanları ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldirdi. Təsadüfi deyil ki, Dövlət Neft Fondunda toplanan ilk vəsait ulu öndərin müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilmişdi.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə ünvanlanan tədbirlər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində uğurla davam etdirilir. Ölkə rəhbərliyinin bu qəbildən olan insanlara xüsusi diqqət və qayğısının nəticəsidir ki, qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olan insanların həyat səviyyəsi, mənzil-məişət şəraitləri əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ölkəmiz MDB, eləcə də Avropa məkanında qaçqın və məcburi köçkünlərin sayına görə ilk yerlərdə qərarlaşır. Buna baxmayaraq, Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən və yüksək nəticələr əldə edən ölkədir.
Cənab İlham Əliyev hələ 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə keçirərkən bir dənə də olsun çadır düşərgəsinin qalmayacağını bəyan etmişdi. 2006-cı ildə Bərdə və Ağcabədi rayonlarındakı 4 çadır düşərgəsinin, 2007-ci ilin dekabrında isə Saatlı və Sabirabad rayonları ərazisindəki 3 çadır düşərgəsinin ləğvi də təmin edilərək Prezident İlham Əliyevin tapşırığı vaxtından bir il əvvəl yerinə yetirildi.
2004-cü ildə təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" ölkəmizdə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının növbəti təzahürü idi. Proqram nəticəsində 2004-cü ildən başlayaraq qaçqın və məcburi köçkünlər üçün respublikamızın müxtəlif bölgələrində yeni yaşayış qəsəbələrinin inşası prosesinə start verildi. Sonrakı illərdə proqrama əlavələr edildi və buna müvafiq olaraq qaçqınların və məcburi köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbir həyata keçirildi.
Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq indiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 90 müasir tipli qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib istifadəyə verilmiş, 46 min ailə - 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə son 20 ildə 5,1 milyard manatdan çox vəsait ayrılıb ki, bunun da 2 milyard manatdan çoxu mənzil şəraitinin yaxşılaşdırılmasına sərf olunub. Bu illərdə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 3,6 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artıb. Əməkqabiliyyətli 380 min məcburi köçkündən 160 mindən çoxu daimi işlə təmin edilib, 200 min nəfəri isə mövsümi işlərə cəlb olunub.
 
Əlilliyin artımının qarşısı alınıb
 
Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5 faizi əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlardır. Əlilliyin səviyyəsinin digər dövlətlərə nisbətən bizdə aşağı olmasının əsas səbəbi ölkə əhalisinin gənc olmasıdır. Respublikamızda əlilliyin statistikasının artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Təkcə bu döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Anadangəlmə və müalicəsi mümkün olmayan xəstəliklər, yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və sovet qoşunlarının tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək də əlilliyə gətirib çıxaran səbəblərdir.
Azərbaycanda reallaşan sosial siyasət nəticəsində cəmiyyətin əmək qabiliyyətini itirmiş üzvləri üçün etibarlı sosial təminatlar sistemi yaradılıb, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi təmin olunub. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilib. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapmışdır. Ulu öndər Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə də böyük həssaslıqla yanaşırdı, maliyyə imkanlarımızın hələ aşağı olduğu 1997-2003-cü illərdə 508 əlil ailəsi mənzillə, 138 ailə isə fərdi evlə təmin olunmuşdu. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib.
Ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi bu təbəqələrdən olan vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin ilbəil güclənməsinə şərait yaratmışdır. "Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək", - deyən dövlət başçısının bu sözləri əlilliyi olan şəxslərin sosial müdafiəsinin daim gücləndirilməsində öz əməli təsdiqini tapır.
Ötən dövrdə Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb, bu insanların müalicəsi, reabilitasiyası, sosial təminatı ildən-ilə yaxşılaşıb. Xüsusən bu dövrdə bərpa-müalicə şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi təmin olunub. Belə ki, bu illərdə Naxçıvan, Şirvan, Lənkəran, Şəki, Sumqayıt, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində regional bərpa mərkəzləri inşa edilərək istifadəyə verilib. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa mərkəzləri yaradılıb. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla ölkənin paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Ölkəmizdə əhalinin sağlamlığının qorunması, səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində geniş vüsət alan işlərin, yeni müalicə-diaqnostika və bərpa müəssisələrinin yaradılmasının daha bir müsbət nəticəsi kimi respublikada əlilliyin artım tempinin qarşısı alınıb, reabilitasiya göstəricisi isə 6 faizə qədər yüksəlib.
Son illər Azərbaycanda əlillərin mənzillə təminatı sahəsində də mühüm tədbirlər həyata keçirilib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamına əsasən isə, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər Qarabağ əlili və şəhid ailəsi 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.
Heydər Əliyev Fondu tərəfindən də son illər həyata keçirilən sosial layihələrin nəticəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib, bu sahədə yeni istiqamətlər, prioritetlər və məqsədlər müəyyənləşdirilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Bu mənada Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı nəticəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb.
 
Ailə, qadın, uşaq problemləri sosial müdafiənin önəmli istiqamətlərindən biridir
 
Azərbaycanda sosial müdafiə sisteminin ən önəmli istiqamətlərindən biri də ailə, qadın və uşaq problemləridir. Həyata keçirilən uğurlu sosial siyasətin nəticəsi olaraq dövlətimizin həm də "sağlam ailə" siyasəti formalaşıb. Ayrı-ayrı kateqoriyalara aid olan ailələrin vəziyyətinə təsir göstərən hallar təhlil edilib, vahid informasiya sistemi yaradılıb.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsbit etmiş və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2000-ci ildə ulu öndər qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı. Həmin il, həmçinin Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000-2005-ci illər) təsdiq edildi.
Respublikamızda qadın siyasəti, bu istiqamətdə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazırda komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycanda qadın və uşaqlarla bağlı qanunvericilik bazası kifayət qədər təkmildir. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. 2010-cu ildə təsdiq olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanunu isə yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərərçəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Azərbaycan hökuməti gender bərabərliyinin təmin edilməsi üçün üzərinə bütün gərəkən addımları atır. Lakin təəssüflə qeyd etməliyik ki, problemlər hələ də qalmaqdadır. Ən ciddi problemlərdən biri qızların təhsildən yayınmaları və erkən nikah məsələsidir. Bu, onların orta təhsili bitirməsinə və ali təhsil almasına, həmçinin də müvafiq işlə təmin edilməsinə maneə yaradır. Aktual məsələlərdən biri qadınların sağlamlığının mühafizəsidir. Dövlət nəinki qadınlar üçün səhiyyə xidmətlərindən istifadə etməyə bərabər hüquqları təmin edir, həm də qadınların sağlamlıqla bağlı ehtiyaclarına xüsusi diqqət yetirir. Lakin qadınlar arasında daha çox reproduktiv sağlamlıq, abort, qan azlığı, hamilə və süd verən qadınların düzgün qidalanmaması ilə bağlı problemlər yaşanmaqdadır.
Dövlətimizin daim diqqət mərkəzində saxladığı məsələlərdən biri də cəmiyyətin həssas təbəqəsinin nümayəndələrinə aid edilən uşaqların sosial müdafiəsidir. Çünki uşaqlar bizim qiymətli sərvətimizdir, gələcəyimizdir. Uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin, məsuliyyətli, mənəvi qüvvə tələb edən işdir. Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən dövrdə uşaqların da müdafiəsi mexanizminin müəyyən edilməsi və yeni alternativ qayğı formalarının yaradılması sahəsində xeyli irəliləyişlər əldə edilmişdir. "Uşaq hüquqları haqqında" qanun qəbul olunmuş, bu sahədə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilmiş, uşaqların hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları hazırlanmışdır. Bu baxımdan Azərbaycan Prezidentinin 2006-cı il 29 mart tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi böyük əhəmiyyətə malikdir. Bu proqramdan irəli gələn vəzifələrin icrası istiqamətində atılan mühüm addımlar xüsusi yer tutur. Prosesin uğurla həyata keçirilməsinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva hərtərəfli dəstək verir.
Azərbaycan Prezidenti İlham Əliyev hələ 2009-cu ili ölkəmizdə "Uşaq ili" elan etmişdi. Bu, dövlət başçısının Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğısının nəticəsi idi. Uşaqlar cəmiyyətimizin ən zərif hissəsidir. Onlara uşaqlıqda göstərilən qayğı və məhəbbət gələcək fiziki sağlamlığın, mənəvi saflıq və zənginliyin rəhni kimi qəbul edilir. Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olmuşdur. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır.
 
Gənclərin hərtərəfli inkişafına xidmət edən siyasət
 
Hər bir ölkədə gənclərin hərtərəfli inkişafı cəmiyyətin sosial-iqtisadi, elmi və mədəni yüksəlişi ilə sıx əlaqədədir. Yeni nəslin inkişafının əsas vasitəsi onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda dövlət gənclər siyasəti bu məqsəd və prinsipləri rəhbər tutaraq və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Bu, həm də onu göstərir ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti müasir mərhələdə uğurla davam etdirilir və ötən 12 ildə daha da inkişaf etdirilərək müvafiq dövlət proqramlarının və qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəlib.
"Neft gəlirlərini insan kapitalına" çevirmək təşəbbüsünü irəli sürən Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" gənclərin dünyanın mötəbər ali məktəblərində təhsil almasına yol açdı. 2007-ci ili isə ölkədə "Gənclər ili" elan etməklə Prezident İlham Əliyev gənclərin inkişafına nə qədər böyük önəm verdiyini ortaya qoydu. 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi ilə dövlət başçısının "Bugünkü gənc sabah ölkəmizi idarə edəcək" tezisindən doğan gənclərə etimad və münasibətinin əyani təzahürü oldu. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Proqramın həyata keçirilməsi zərurəti ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalmasından irəli gəlirdi. Bu il başa çatacaq proqram ötən dövrdə uğurla reallaşıb.
Bunlarla yanaşı, gənclərin hərtərəfli inkişafı üçün Gənclər Mərkəzinin, gənclərin elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılması, gənc ailələrin dəstəklənməsi, ipoteka şərtlərinin sadələşdirilməsi və s. gəncliyin daha həvəslə çalışmasına və dövlətçiliyin müdafiəsində fəal iştirakına əlavə stimul verdi.
Prezident İlham Əliyevin bu il yanvarın 26-da təsdiq etdiyi "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nda da Azərbaycan gəncliyinin öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyi qeyd olunur. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaş mövqeyi formalaşdırmaqdır. Bunun üçün isə vəzifələr müəyyən olunaraq qarşıya qoyulub. Bu vəzifələrin icrası nəticəsində gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, praktikada tətbiqi üçün zəmin yaradılması, gənclərin işsizlik səviyyəsinin aşağı salınması, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsi və bu kimi istiqamətlərdə uğurlar əldə ediləcək.
 
Yüksək sosial rifah sabitliyin qarantıdır
 
Respublikamızda aparılan iqtisadi-sosial siyasətin məzmunu vətəndaşların sosial vəziyyətinin yaxşılaşması ilə bərabər, onların məşğulluğunun artırılması, daha yaxşı yaşamaları üçün əlavə pul gəlirləri əldə etməsindən ibarətdir. Hökumətin qəbul etdiyi bütün qərarlar konkret olaraq cəmiyyətin iqtisadi sifarişlərini özündə əks etdirir, xalqın sosial qayğılarının təmin olunmasına əhatəli şəkildə baza yaradır. Regionlarda yaradılan yeni müəssisələr, iş yerləri də məhz vətəndaşların yaxşı yaşamaları üçündür. Sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları 10-15 il əvvəlki simasından fərqləndirir. Əhalinin güzəranının yaxşılaşması yalnız maaşların, pensiya və müavinətlərin artması ilə yekunlaşmır. Ümumiyyətlə, işizliyin aradan qaldırılması həmişə əhalinin sosial güzəranını yaxşılaşdıran mühüm amillərdən biri kimi dəyərləndirilib. Burada önəmli hadisələrdən biri də odur ki, ölkəmizdə əhalinin işsizlik və digər sosial problemləri yalnız paytaxtda deyil, hətta ucqar rayonlarda da həllini tapır.
Son illər əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əməkhaqlarının və aztəminatlı ailələrə verilən müavinətlərin artırılması sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Minimum əməkhaqqının, pensiya və müavinətlərin, büdcədən maliyyələşən təşkilatlarda əməkhaqlarının artırılması, eyni zamanda, ünvanlı sosial yardım mexanizminin tətbiqi nəticəsində əhalinin adambaşına düşən orta aylıq gəlirləri davamlı olaraq artmaqdadır. Artıq 9 ildir ki, əhalinin imkansız təbəqələrinə ünvanlı sosial yardımlar verilir. Bu da minlərlə ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olub. Azərbaycan iqtisadiyyatının davamlı şəkildə sürətli inkişafı cəmiyyətin başlıca sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin də azaldılması üçün geniş imkanlar açmışdır.
Əhalinin rifahının yüksəldilməsini şərtləndirən bir amil də verilən sərəncamların, hökumətin qərarlarının yerlərdə vaxtında və yüksək səviyyədə icra olunmasıdır. Əhalinin sosial durumunun yüksəlməsi həm də ölkədə sabitliyə və davamlı inkişafa təminatdır. Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında görülən işlər ölkəmizdə iqtisadi islahatların dərinləşməsini və Vətənimizin bazar iqtisadiyyatı istiqamətində müvəffəqiyyətlə irəliləməsini, xalqın həyat səviyyəsinin dinamik olaraq yaxşılaşmasını bir daha sübut edir.

"Azərbaycan" qəzeti