Xalq yazıçısının oğlu: “Atam dedi, o qızı alsan, bir də bu evə gəlmə”

20 Mart 2015 11:59

Milli.Az lent.az-a istinadən xalq yazıçısı İsmayıl Şıxlının oğlu, tanınmış jurnalist Elçin Şıxlı ilə müsahibəni təqdim edir. 

- Atam haqqında çox müsahibələr vermişəm, çox danışmışam. Düşündüm ki, sizinlə bir az fərqli söhbət edə bilək.

- Mühafizəkar adama oxşayırdı...

- Atamdan bir az cavan olan bir çox yazıçılar üzünə deməsələr də, dalınca danışırdılar ki, İsmayıl Şıxlı feodaldır. Ancaq belə deyildi...

- Yəqin, patriarxallığına görə belə deyirdilər. Cahandar ağa-filan...

- Yəqin... Evdə, təbii, ata idi, bilirdik ki, ağır adamdı, sərt adamdı. Amma heç vaxt ədalətsizlik eləmirdi. Yəqin müəllimliyindən irəli gəlirdi bu... Hətta cəfəng söhbətləri də uzun zaman dinləyə bilirdi, gözləyirdi ki, adam danışıb ürəyini boşaltsın. Sonra öz fikrini bildirirdi. Bu mənada bizim - mənim də, qardaşımın da, problemimiz olanda onunla rahat danışa bilirdik. Təbii, çalışırdıq ki, çox xırda şeylərlə də yormayaq onu. Belə vaxtlarda, deyirdi, ay bala, dünya-aləm gəlib məndən məsləhət alır, siz niyə almırsız? Demokratik adam idi. Bu mənada ki, fikrimizi axıracan dinləyirdi, ancaq özünün qəti bir fikri var idisə onu döndərmək mümkün deyildi. 

- Yanında siqaret çəkirdiniz?

- Siqaret yox, içki içmişəm. Sərt içkini, arağı nəzərdə tuturam, birinci kursda başladım içməyə. Oturub-durduğum uşaqları tanıyırdı və evimizin qapısı həmişə açıq idi. Məclislər olanda özü də gəlib bizimlə otururdu, sağlıq deyirdi, sonra çıxıb gedirdi. Özü içmirdi.

- Səhhətiylə bağlı?

- Yox. Əvvəllər az-az içirdi. Məsələn, Nalçikdə dostlarıyla içdiyini görmüşəm. Ümumilikdə içən deyildi. Bizə isə deyirdi, onsuz da bilirəm, gedib hardasa oturacaqsız, gözümün qabağında olun, bilim nə yeyib-içirsiniz. Siqaret də çəkmirdi. Bütün müharibəni maxorka çəkmişdi. Hərdən qəlyan çəkirdi.

- Övlada istəyini bildirirdi?

- Bilirdik ki, çox istəyir, ancaq büruzə verməyi sevmirdi. Məsələn, onun dilindən, başqa valideynlər kimi, "Qurban olum" ifadəsini eşitməmişəm. Heç vaxt!

- Köhnə kişilərin yanında oğul öz övladını qucağına götürməyə utanıb...

- Bu nüansa fikir verməmişəm. Bircə o yadımdadır ki, atamın yanında öz övladlarıma acıqlana bilməzdim. Görsə, deyərdi, öz evində nə deyirsən, de, mənim yanımda uşaqların xətrinə dəymə. Nəvələrini çox istəyirdi.

- Çox adam elə bilir ki, siz rus sektorunda oxumusuz. Hətta buna görə İsmayıl Şıxlının ünvanına tənqidlər də eşitmişəm...

- Yox, rus sektorunda oxumamışam. Oxuduğum məktəbin nömrəsini də deyə bilərəm: 190. Rus sektoruna institutda keçdim, bunun da öz tarixçəsi var. İş orasındadır ki, atam da, anam da işləyirdi. Bizi bağçaya vermədilər. Dayəmiz vardı, rus idi: Tyotya Matilda. Volqaboyu qaçqınlarından idi. Çox savadlı qadın idi. Altı aylığımdan o baxıb mənə. Atama İsmayıl Qaxramanoviç deyirdi, atam da ona Matilda Yevqrafovna... Rus dilini bizə o öyrədib. Hər iki dili paralel öyrənmişəm. Valideynlərimlə azərbaycanca, Tyotya Matilda ilə rusca danışırdım.

- Şərq kişisinin xarakterindəki bəzi özəlliklər övladı ailə qurarkən üzə çıxır. Siz evlənəndə İsmayıl Şıxlı nə qədər müdaxilə etdi?

- Deyim ki, bu məsələdə çox ciddi rolu oldu. Xalqda belə deyilir də, ağzım başqa tərəfə idi. Başqa millətdən almaq istəyirdim.

- Rus?

- Bəli, rus qızı idi. Yazıçı ailəsindən idi. Atası SSRİ Yazıçılar İttifaqında işləyirdi. Yaradıcılıq evlərinin birində tanış olmuşduq. Cavan idik. 20-21 yaşımız vardı. Sözüm onda yox... Olur də, insanın meyli qonur. Onda dedi, a bala, çox yaxşı ailədi, nədi-nədi, amma bizlik deyil. O qızla evlənsəm, gərək çıxıb Moskvaya gedəydim. Gördü mən də çox dirənirəm, dedi, özün bilərsən, həyat sənindi, amma əgər bu məsələ ilə bağlı ayağını kandardan qırağa qoysan, bir də bu evə gəlmə. Özü də çox sakitcə dedi. Özündən çıxıb desəydi, düşünərdim ki, hirslidi, hardasa yola gətirmək olar.

- Sizcə niyə bu qədər narazı idi?

- Bir kəlməsi vardı: bizlik deyil. Millətini çox sevirdi. "Dəli Kür"də belə bir yer var e: "Getdi sümüyümü it sümüyünə caladı". Demək, belə bir yanaşma onun beynində vardı. Mən də valideynlərimi çox istəyirdim. Belə bir şeydən ötrü atama qarşı gedə bilməzdim.

- Özü necə ailə qurmuşdu bəs? Özü də sevib axı... 

- Anamı 7 il atama verməyiblər. Qohumdular. Atam Şıxlinskidi, anam Şıxlı... Babalarım əmizadə olub. Atamın dayısı oğlu Şəmiddin bəy atamın əmisini öldürüb. Sonradan öz aralarında barışıblar, tutqu da olmayıb. Amma ana babam həmişə deyirdi ki, Qəhrəman (atamın atası) qardaşının heyfini almayıb, onun oğluna qız verə bilmərəm. Düz 7 il bu söhbət çəkib, bir-birlərini istəyiblər. Qəribəsi odur ki, atam Bakıya gələndə ilk düşdüyü ev babamgilin evi olub. Qohum kimi gəlib. İndi həmin ev yazıçı Anarın Azərbaycan Yazıçılar İttifaqındakı kabinetidir. Öz mülkləri olmayıb amma. O bina sonralar Yazıçılar İttifaqına verilib və atam da sədr olanda həmin kabinetdə oturub. Ana babam qəribə adam olub. Evə elçi gələndə çıxıb gedirmiş.

- "Dəli Kür"də Cahandar kimi kişinin qızı Urus Əhmədi sevir, amma İsmayıl Şıxlı özü oğlunun rus qızı ilə evlənməsinə razı olmur...

- Atama haqq qazandırıram. Nəyə görə? Elə şeylər var ki, gənc olanda ona o qədər fikir vermirsən, amma sonradan həyat adama çox şeylər öyrədir. Mən nişanlı olanda şəkili bir kulinar ağsaqqal tanışım dedi ki, a bala, alanda öz yerlini al, Şəkidə yarpaq dolmasını bir cür bişirirlər, Qazaxda bir cür, sən sonradan bu fərqin nə demək olduğunu başa düşəcəksən (gülür). Söhbət ondan gedir ki, o vaxt, rusla evlənib Moskvada qalsam, 20 Yanvar hadisələrində neyləyərdim?

- Sadə insanların nə günahı?

- Elədir, başa düşürəm, amma istər-istəməz daxilən narahat olacaqdım. Heysiyyat məsələsi var. Bundan qaçmaq olmur.

- "Rus qızını alma, filankəsi al" - dedi, yoxsa, gerisinə qarışmadı.

- Qarışmadı. Həyat yoldaşımla nənələrimiz xalauşağıdır. Uşaqlıqdan biri-birimizi tanıyırıq. Bizim meylimiz olmasaydı, mümkün olmazdı. Qohumlar ancaq yönəldə bilərdilər. Atam qayınatamla dost idi. Mənimlə şəxsən söhbət elədi. Dedi, fikrin ciddi deyilsə, məni Elxanın (qayınatası - red.) yanında biabır eləmə, yoxsa, üzünə baxmaram.

- Narahat imiş kişi. Nadinc olubsuz yəqin...

- Nə isə (gülür). Rus qızı söhbətindən gözü qorxmuşdu.

- Yaraşıqlı kişi idi. Son illərəcən xanımlar vurulurdular ona. Bilirdiniz bunu?

- Bir tələbəsi vurulmuşdu. Onu bilirəm bircə. Anam da bilirdi. İstəyirdi atamı. Amma istəməklə deyildi ki.

- Sizin üçün elçiliyə getməsi maraqlıdır...

- Elçiliyəcən "kəşfiyyat" öz işini görmüşdü.

- İsmayıl Şıxlı mənim yadımda həm də, ona feodal deyənlərdən fərqli olaraq, evdən ərizə göndərib AYB-dən istefa verən yeganə alicənab sədr kimi qalıb.

- Bu onun yeganə istefası deyildi. İntriqa sevməzdi. İlk dəfə İttifaqın 3-cü katibliyindən də 68-ci ildə istefa vermişdi. "Azərbaycan" jurnalının baş redaktorluğundan da öz ərizəsi ilə getdi. Sədr olanda ayağının altını çox qazdılar. Dedi, bu vəzifəyə görə yaxın adamlarımın belə əcaib sifətə düşməsini görmək istəmirəm. Səhhətinə də pis təsir edirdi. Ona görə dedi, hamısı cəhənnəm olsun.

- Sizə xərcləməyə pul verirdi?

- Beşdən-üçdən verirdi. Pul verməkdən daha çox istədiyimizi almağa üstünlük verirdi.

- Ən çox nə qədər pul verib sizə?

- 10 manat.

- 50 verməyib heç?

- Yox, verməyib.

- Hüseyn Arifin lətifələrini o yazıb, amma özü ciddi adam idi. Hüseyn müəllimlə əks qütblərin adamları idilər.

- Dost idilər. Bir dəfə atam onu bulvara gəzməyə dəvət edib. Hüseyn Arif deyib, mən ora getmirəm, çünki, nə arvaddan küsmüşəm, nə də hökumətdən (gülür).

- Deyirdilər, yerlibazlıq edir...

- Atam Yazıçılar İttifaqından çıxandan sonra Vidadi Babanlı nəhayət ki evimizə gəldi, dedi, indən belə bu evə rahat gəlib-gedə bilərəm. Nüsrət Kəsəmənlini atam çıxardı işdən və s. və s. Çoxlu faktlar saya bilərəm.

- İsa Hüseynovla arası necə idi?

- Çox yaxın dost idilər, sonra nədənsə araları soyudu.

- Yazıçılardan kimi daha çox sevirdi?

- Mehdi Hüseyni. Mehdi qağa deyirdi ona. Bildiyiniz kimi, Mehdi Hüseynin yaradıcılığı daha çox sovet ideologiyasına bağlıdır. Türkiyə səfərindən sonra Mehdi müəllimi pərişan görür. Deyir, Mehdi qağa, niyə belə pərişansan? Deyir, paşam, deyəsən mən həyatımı səhv yaşamışam. Gedib Türkiyədə nə görmüşdüsə... Elçin adı da Mehdi Hüseynin əsərindən gəlir. Amma bizdə ilk Elçin - Elçin Əfəndiyevdir.

- Şairlərdən kimi sevirdi?

- Səməd Vurğun, Süleyman Rüstəm... Biz Neftçalada idik, qəfil xəbər gəldi ki, Süleyman Rüstəm rəhmətə gedib. Baxmayaraq ki, xüsusi dostluqları yox idi, eyvana çıxıb ağladı. Dedim, ata, nə olub? Dedi, sən başa düşmürsən, bütöv bir epoxa getdi. Bundan başqa Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli... Mən müasirləri deyirəm, təbii ki, klassika da öz yerində...

- Stolüstü kitabı nə idi?

- Fikir verməmişdim, açığı.

- "Dəli Kür"də nəqşbəndilərlə xeyli məzələnib...

- Romanda o qədər də yox. Filmdə elə göstərilib. Bir dəfə özü etiraf etdi ki, o vaxt bu məsələni xeyli şişirtmişəm, indi olsa başqa cür yazardım. O səhnədə iştirak edənlərin çoxunun prototipi bizimlə qohumdur. Atamdan incimişdilər də. Mənim ulu babam Şeyx olub. Şıxlı sözü də ordan gəlir. Orda ocağı da olub, sovet vaxtı dağıdıblar. Əsərdə, sadəcə olaraq Molla Sadıq obrazını açmaq üçün konfliktlər qurub yazıçı. Bu bədii əsərdi. Bədii əsər reallığın tam eyni deyil ki.

- Dinə inanırdı?

- Allaha inanırdı, mollaya-zada yox.

- Sonuncu əsəri - "Ölən dünyam"ı diktə edib, özü yaza bilməyib.

- Hə. Birinci fəsildən sonra diktə edib, anam yazıb. Martın 10-u idi. Yataqdan dura bilmirdi. Bir də oxutdurdu, dedi, hə, indi rahat ölə bilərəm.

- Nə qədər yatdı?

- Bir ilə yaxın. Əsəri bitirməsəydi, ölməyəcəkdi. Buna yüz faiz əmin idim. Əsər bitəndən sonra heç nə vecinə deyildi. Bir neçə dəfə klinik ölümdən qayıtmışdı.

- Şəkərdən əziyyət çəkirdi...

- Axır vaxtlar şəkəri yox idi, amma bütün orqanları sıradan çıxmışdı.

- Vəsiyyəti oldu?

- Yox. Həmişə bircə söz deyirdi: adam olun, kişi kimi yaşayın.

- Ağır söhbət edib.

- Ağır deyil. Adam nə görür, onu da götürür. Biz onda nə gördüksə, onu da götürdük.

- Qəşəng rəqs edərmiş...

- Hə. Az oynayardı, amma yaxşı oynayardı. Əsasən də, "Ruhani" havasına...

- Balaca İsmayıl var?

- Var. Nəvəm. Yaş yarımlıqdır.

- Allah saxlasın.

- Çox sağ olun.
 

Milli.Az