Aytacın bacısı: "İzzət ona deyirdi ki, sənin gözlərini çıxaracağam ki, oxumayasan" - FOTO

28 Avqust 2015 15:31

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisi Aytac Babayevanı öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Milli.Az qafqazinfo-ya istindən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən iclasda şahid ifadələri dinlənilib.

Aytacın bacısı, 1993-cü il təvəllüdlü Ayşən Babayeva ifadəsində bildirib ki, bacısı doqquzuncu sinifdə oxuyanda İzzətlə sevgili olub: "Amma mən bunu Aytac 10-cu sinfə gedəndə bildim. Onda da Aytaca dəfələrlə dedim ki, belə işlərə baş qoşma, dərslərinə vaxt ayır, lakin onu yola gətirə bilmədim. Ötən ilin yanvar ayında, Aytacın ad günündə dayımqızı, xalamqızı Nərmin, Aytac və mən şəhərə gəzməyə çıxdıq. Biz şəhərdə olanda İzzət Aytaca zəng etdi ki, sənə sürprizim var. Biz hamımız birlikdə "Sahil"də bir restorana getdik, İzzət tort sifariş etdi, yedik-içdik qayıtdıq. Orada başqa heç nə olmadı, İzzət də özünü normal aparırdı. 

Amma fevral ayından İzzət dəyişdi, səbəbsiz yerə Aytacı söyməyə başladı. Aytaca SMS-lə küçə söyüşləri yazırdı. Həmin il tez-tez Aytacı söyürdü, döyürdü. Mən Aytaca deyirdim ki, gəl bunları anamıza deyək. Amma o razı olmurdu, deyirdi özüm həll edəcəyəm. 

Dekabrın 17-də atamın ad gününə Aytac hədiyyə almışdı. İzzət şəhərdə Aytacla görüşüb həmin hədiyyəni alıb yerə atıb, Aytacı da vurmuşdu. Aytaca deyib ki, sən o hədiyyəni atana almamısan.

Martın 2-də Aytac mənə zəng elədi ki, pisəm, "Xalqlar dostluğu"na gəl. Getdim gördüm İzzət Aytacı döyüb, sinəsindən təpiklə vurub, paltosunu cırıb, onu yerə yıxıb vurub. 

Dayımoğlu Orxan Axundov əsgərlikdən məzuniyyətə gələndə bir dəfə Aytacı hazırlıq kursuna apardı. Onu da İzzət uzaqdan görüb. Orxan Aytacı ötürəndən sonra ona yaxınlaşıb, Aytacı sevdiyini deyib. Söhbət ediblər, orada dayımoğluna söz verib ki, daha Aytaca yaxınlaşmayacaq. Amma həmin gün axşam İzzət Aytacın sinif yoldaşları Orxanla Rəhimi götürüb Aytaca hücum edib, döyüb telefonunu da sındırmışdı.

Hadisə baş verən günü mən bibimgildə idim. Günorta saat 12:48-də Aytac mənə zəng etdi ki, evdən çıxıram, açarı qoyum, dedim yox özümdə var. Bir az sonra anam zəng edib dedi ki, Aytacı xəstəxanaya aparıblar..."

A.Babayeva bildirib ki, İzzətin bacısını nə üstündə öldürdüyünü bilmir.

Aytacın anası Gözəl Babayeva deyib ki, mərhum qızı 16 yaşını İzzətlə şəhərdə keçirib: "On yeddi yaşı olanda Aytacın ad gününü evdə keçirdik. Onda da İzzət qapımızın ağzına kukla qoymuşdu. Mən onu götürüb evlərinə aparanda İzzətin anası bizə dedi ki, çox o yan, bu yan etməyin, qızının diskdə İzzətlə şəkilləri var. İzzət özü də tez-tez Aytaca hədə-qorxu gəlib".

Ayşən Babayeva bildirib ki, İzzət Aytacın üstünə "Kislota" atmaqla hədələyib: "İzzət Aytaca deyirdi ki, sən oxuyub universitetə qəbul olacaqsan, orada yeni adamlar tanıyacaqsan, həyatın daha maraqlı olacaq, məni unudacaqsan. Buna görə deyirmiş ki, sənin gözlərini çıxaracağam ki, oxumayasan".  

Bundan sonra Aytacın xalası qızı, 1999-cu il təvəllüdlü Nərmin Baxşıyeva ifadə verib. O bildirib ki, İzzət, hətta bir dəfə Aytacı marşrut avtobusunda vurub yerə yıxıb: "Onuncu sinfin yanvar ayına kimi hər şey yaxşı idi. Fevral ayından İzzət birdən-birə dəyişdi. Heç bir səbəb olmadan Aytacı döyürdü, söyürdü. Aytac dözmədi ayrıldı. Həmin vaxt da dayısıoğlu Orxan onu ötürəndə İzzət görmüşdü. Onda da döymüşdü. Aytac əvvəllər İzzətlə evlənəcəyini düşünürdü, amma sonradan dedi ki, bu indidən məni belə döyür, evlənəndən sonra necə olacaq?! İzzətin Aytaca yazdığı təhqir mesajlarını özüm görmüşəm". 

İzzət Hüseynov istintaqa ifadəsində bildirib ki, anası Aytacı Orxana ərə vermək istəyib, ona görə də Aytacı bıçaqla vurub. 

Gözəl Babayeva isə deyib ki, bu yalandır: "Aytacı Orxan istəmirdi, amma başqa istəyən vardı, evlənib Amerikaya aparmaq istəyirdi. Mən ona da razı olmadım, çünki qızım hələ universitet oxumaq arzusunda idi..."

Məhkəmənin növbəti iclası sentyabrın 4-ə təyin edilib.

Qeyd edək ki, bu ilin aprelin 29-da Bakının Nizami rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Babayeva Aytac 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu tərəfindən qətlə yetirilib. Bu hadisə ölkədə geniş müzakirələrə səbəb olmuşdu.

Milli.Az