Bəxtiyar Xanızadə: "Dedi-qodu yayanlara və onlara inananlara sözüm budur: ondansa, sevinin ki..." - FOTO

10 Fevral 2011 09:34
Dövlət  Pantomim Teatrının baş rejissoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi, "Qərib cinlər diyarında"(Qərib) və "Ovsunçu" (Rəsul) filmlərindən tanıdığımız aktyor Bəxtiyar Xanızadənin Milli.Az xəbər portalına müsahibəsi

Onlar Azərbaycan teatr məkanına "Dəli yığıncağı" teatr-studiyası adı ilə gəldilər. Bu adda bir neçə niyyət, məqsəd tapmaq olar. Birincisi, diqqəti cəlb etmək. Axı "dəli" kəlməsinın söz yaddaşımızda çoxçalarlı müsbət mənaları var, ikincisi, dahi Mirzə Cəlil qələminə məhəbbət (yeri gəlmişkən, onun "Dəli yığıncağı" komediyası böyük bir pantomim əsəri kimi nəzərdən keçirilə bilər) və üçüncüsü, teatrın yaradıcısı demişkən, hamının dinləməkdən daha çox danışmağa üstünlük verdiyi bir vaxtda onlar susmağı və him-cimlə danışmağı doğru hesab etdilər. Onlar nəinki qərarlarında yanılmadılar, hətta az bir vaxtda böyük rəğbət qazandılar. Məhz onların meydana gəlməsi səbəbindən ölkəmizdə ilk dəfə olaraq 1994 və 1995-ci ildə (Teatr Xadimləri İttifaqının ilk və hələlik son prezidenti, mərhum sənətkar Həsənağa Turabovun təşəbbüsü ilə) "Him-Cim" Tamaşalar Festivalı keçirildi. 2000-ci ildə isə teatr-studiya "Dövlət" statuslu Pantomim Teatrına çevrildi. Bu illər ərzində teatr nəinki Azərbaycan, eyni zamanda Asiya və Avropa ölkələrinin sənətsevərlərini də sevindirməkdədir. Yarandığı gündən indiyə qədər bu teatr kütlənin zövqünə uyğunlaşmaq yolunu tutmadan onu öz arxasınca aparıb tamaşaçı auditoriyası formalaşdıran azsaylı teatrlardan biri kimi tanınır.

- Bəxtiyar müəllim, söhbətimizə elə ən son hadisələrdən başlayaq. Hər halda bu, yaxşı haldır ki, teatrdan aktyorun getməyi cəmiyyətin maraq dairəsindədi. Öz tamaşaçısı olan teatrın və aktyorların var olması bütün digər məqamları üstələyir. Teatrın aparıcı aktyorlarından ikisinin - Pərviz Məmmədrzayevlə Qurban Məsimovun, Qurban həm də teatrın baş rəssamı idi, truppanı tərk etmələrinə sizin münasibətinizi və mümkün qədər bu qərarın hansı şəraitdən yarandığını bilmək istərdik. Qeyri-rəsmi açıqlamalarda, gəzən söz-söhbətlərdə, bu aktyorların hər ikisinin, ya da birinin teatrdan getməyinin səbəbləri kimi truppanın yeni üzvləri ilə işləyə bilməmək və s. kimi anlaşılmazlıqlar səslənib. Yaxşı olar ki, bu məsələ ilə maraqlananlar sizin şərhinizlə tanış olsunlar.     

- Teatr canlı orqanizmdi. Aktyorlar mütəmadi olaraq gedirlər də, gəlirlər də. Biz teatr-studiya şəklində fəaliyyət göstərdiyimiz vaxtlarda ilk pantomimçilər olan Rövşənin, Səyavuşun, Əsədin, Elmanın adlarını çəkə bilərəm. Onlardan yalnız Elman burda qalıb və bir neçə ildir ki teatrın direktorudu. Onlardan sonra Azər, Nicat, Pərviz, Qurban gəldi. Əvvəl Azərlə Nicat getdi. Sonra gələnlərdən Mikayıl, Ruslan, Rasim, Təranə də getdilər. Burdan gedənlərin hamısı özlərini başqa yaradıcılıq sahələrində tapıblar - başqa teatrlarda çalışırlar, filmlərə çəkilirlər, biri populyar teleaparıcıdı, biri televiziyada rejissordu, biri kinorejissordu. Deməli, onların hər biri burda nəsə öyrənib. Belə olmasaydı, burdan gedəndən sonra konkret məşğuliyyəti olmayan, nə edəcəyini bilməyən adamlara çevrilərdilər. Bu yaxınlarda da Pərvizlə Qurban getdi. İndikilər də əbədi deyillər. İnsandı, bəzən onu nəsə qane eləmir, burda fəaliyyət göstərmək istəmir başqa bir yerə üz tutur. Elə də olub ki, məni nəsə qane eləməyib, özüm hansısa aktyoru kənarlaşdırmışam. Köhnə komandadan Nargilə də hələ ki burdadır.

O ki qaldı teatr aləminə dedi-qodular qoşmaq istəyən bəzi ağzıgöyçəklərin danışdıqlarına, onlar məgər görmürlər ki, bu dedi-qodular inkişaf etmir?! Bu vaxta qədər eşitmsiniz ki, burdan çıxanların hər hansı biri hansısa dedi-qodunu təsdiq etsin? Eşidə də bilməzsiniz, çünki dedi-qodunun əsası olmur. Əsası olsaydı, şərhi də olardı. Belə söz-söhbətləri yalnız teatr aləminin, canlı sənət növünün nə demək olduğunu bilməyənlər yaya bilərlər.
Bir məsələ də var ki, pantomim teatrında işləmək asan deyil. Mən bu barədə Mədəniyyət və Turizm Nazirliyində də danışmışam. Demişəm ki, pantomim aktyorunun əsas işi bədənlə bağlıdı. Təbii ki, yaşın artması öz təsirini göstərir. Buna görə də bu aktyorlara balet artistləri kimi yanaşılmalıdı.

- Pərviz Məmmədrzayevin bədii rəhbər olduğu "Simsar" Pantomim Teatrının ilk tamaşasından hansı təəssüratları qazandınız?

- Mən o tamaşanı görmədim, çünki məni ora heç kim dəvət eləməmişdi. (təəccübümü görərək əlavə edir) Onlar hamını dəvət edə bilməzdilər ki.

- Amma siz hamı deyilsiniz axı. Pərviz sizin truppanın aktyoru olanda belə bir teatr təşkil etmək niyyətini açmışdımı?

- Yox, bu barədə söhbətimiz olmayıb. "Simsar" teatrı yaşayacaqsa, mən buna yalnız sevinərəm.

- Bugünkü Pantomim Teatrının aktyorları barədə danışaq. Yeni və təmir edilmiş məkanda nələr baş verir?  

- Bugünkü Pantomim Teatrının aktyorları həm də rejissordurlar. Səbinə Hacıyeva
ilə Bəhruz Əhmədli "Dejavyu", Əflatun Abdullayev "Çərçivə", Ceyhun Dadaşov "Mən və mən", Nargilə Qəribova isə "Yol", "Adsız", "Tıq-tıq xanım" tamaşalarını hazırlayıblar. Özü də onlar bu tamaşaların demək olar ki, hamısının nəinki rejissoru, həm də dramaturji materialının müəllifidirlər. Bunlar onun göstəricisidir ki, mən olmayanda estafeti əlində saxlaya bilənlər olsun. 17 ildi Azərbaycan teatr tarixində yeganə olan bu teatrın həm kadrlarını hazırlayıram, həm baş rejissoruyam, həm də dramaturquyam. Mədəniyyət və İncəsənət Universiteti bilavasitə pantomim aktyoru hazırlamır, pantomim tamaşaları qoymaq üçün dram əsərləri yazan yoxdu...

- Siz bir neçə dəfə bununla bağlı dramaturqlara müraciət eləmisiniz. Amma səsinizə səs verən olmadı.

- Bəli, olmadı. Repertuardakı tamaşaların böyük əksəriyyətinin dramaturji materialının müəllifi ya mənəm, ya da truppanın üzvləri. Dünya ədəbiyyatında da  belə əsərlər çox azdı. Pantomim teatrı üçün dram əsəri yazmaqdan ötrü sadəcə dramaturq olmaq kifayət deyil, gərək bədənin dilini biləsən. Adlarını çəkdiyim gənc rejissorları ona görə hazırlayıram ki, Pantomim Teatrı tək mənim çiynimdə qalmasın. Məgər bir gün mən olmayanda bu teatr da olmamalıdı? Heç kim deyə bilməz ki, bu teatrda gənclərə şərait yaradılmayıb. Hələ on il bundan əvvəl yay məzuniyyətinə gedəndə uşaqlara demişdim ki, məzuniyyət ərzində hər biriniz bir pyes yazarsız. Qayıdandan sonra oxuyub bir-biriniz haqqında fikirlərinizi deyərsiniz. Kimin pyesi əksəriyyət tərəfindən bəyənilsə, ona əlavə olaraq həm dramaturq qonorarı, həm də rejissor maaşı da ayrılacaq ki, həmin pyesi tamaşaya qoysun. Məzuniyyətdən qayıdanda hamı nəsə yazıb gətirmişdi, amma bircə Mikayılın yazdığı bəyənildi. O da bir az məşq eləyəndən sonra yarımçıq qoydu.

- Mən bilirəm ki, bu illər ərzində sizin tamaşalarınıza mütəmadi olaraq gələn insanlar var. Fəaliyyətinizin müxtəlif dövrlərini, tamaşaçı kontingentini müqayisə edəndə hansı mənzərəni görürsünüz? Müəyyən mərhələlərə bölürsünüz bu illəri?

- Mənzərə bundan ibarətdir ki, inkişaf baxımından dayanmaq yoxdu. Əgər əvvələr pantomim teatr növünü bir istiqamətini araşdırırdıqsa, indi başqa istiqamətlərdə araşdırılır. Çünki əgər biz Azərbaycan səhnəsinə mim obrazı ilə gəlmişdiksə, sonrakı dövrdə klounada, balet-pantomim, film-tamaşa, pantomim-rəqs kimi pantomim səhnə əsərləri gətirdik. Yəni daim axtarışdayıq. Tamaşaçı kontingentimiz isə yaşına, məşğuliyyətinə görə bir-birindən fərqlənən insanlardan ibarətdi. Hər tamaşadan sonra tamaşaçılar öz fikirlərini bildirirlər, bəyəndikləri, anlamadıqları, bəyənmədikləri cəhətləri qeyd edirlər. Bir sözlə, hər tamaşamızı tamaşaçılarımızla müzakirə edirik. Öz yaradıcılığını inkişaf etdirən teatrın pis və ya yaxşı tamaşası olmur. Ola bilər ki, hansısa məqamda ya ayrılıqda hansısa aktyor, ya da bütün truppa axtarışı əldə edə bilir, ya da yox. Buna görə də müəyyən mərhələlərə bölə bilmərəm. Ayrıca olaraq yüksəliş dövründən ümumiyyətlə, söhbət gedə bilməz. Çünki əgər yüksəliş dövrü, pik mərhələsi varsa, deməli enmə də var. Yaradıcılıqda pik dövrü olmur. Dedi-qodu yayanlara və onlara inananlara sözüm budur: bundansa sevinmək lazımdır ki, Pantomim Teatrı yerində saymır, axtarışlar aparıb inkişaf edir və hətta yenisi də yaranır. Mən də bu işlə öz ləzzətimə görə məşğul oluram.

Samirə Behbudqızı   
Milli.Az