Odda yanmayan adam

15 Avqust 2015 21:15

"Tayfasının (İbrahimin sözlərinə) cavabı "Onu öldürün, yaxud da yandırın!" - deməkdən başqa bir şey olmadı. Amma Allah onu oddan xilas etdi. Həqiqətən, bunda iman gətirən bir tayfa üçün ibrətlər vardır!" (əl-Ənkəbut, 29/24). 

Allah-Təala bu ayədə Həzrət İbrahimin başına gələn bir hadisəni bizə nəql etmişdir. O, təbliğ etməklə vəzifələndirilən hər bir peyğəmbər kimi vəzifəsini canla-başla yerinə yetirməyə çalışırdı. Başda atası Azər olmaqla qövmünün əksəriyyəti ona inanmamışdı. Həzrət İbrahim bu vəziyyətdən çox kədərlənmiş, qövmünü düşündürəcək və onları Allaha inanmağa vadar edəcək dəlillər təqdim etmişdir.

Bir bayram günündə şəhər əhalisi şəhərdən çıxmışdı və Həzrət İbrahim də əhalinin ibadətxanasına girib, ən böyük bütə toxunmadan bütün bütləri qırıb tökmüşdü. İnsanları düşündürmək üçün də baltanı ən böyük bütün boynundan asıb getmişdi. Şəhərin əhalisi geri döndüyündə bütləri qırılıb tökülmüş halda görüb, bunu Həzrət İbrahimin etdiyini düşünmüş və buna görə də Həzrət İbrahimi Nəmrudun hüzuruna gətirmişdilər. "Tanrılarımıza bunu sən etmisən?"- deyə soruşduqda, İbrahim (ə.s.) də: "Xeyr! Bunu o ən böyükləri edib. Əgər danışa bilirlərsə, onların özündən soruşun!" (əl-Ənbiya, 21/63) demişdi. Bu cavab onları düşündürmüş və Həzrət İbrahimə deməyə söz tapa bilmədikləri üçün susmuşdular, lakin bir müddət sonra onlar yenə də əvvəlki inadlarına dönmüş və Həzrət İbrahimi tonqala ataraq yandırmağa çalışmışdılar. Məhz burada həzrət İbrahim böyük bir imtahanla sınanmışdır: Atəşlə imtahan!

Bu dünya həyatı hər birimiz üçün imtahan dünyasıdır. İnsan olaraq hamımız dünya həyatında müxtəlif hadisələrlə imtahan edilirik. Bela ki, Allah-Təala Qurani-Kərimin "Mülk" surəsinin ikinci ayəsində bizi imtahan üçün yaratdığını ifadə etmişdir. Bu imtahanın əsas məqsədi isə kimin yaxşı əməl edib, kimin də pis əməl edəcəyini müəyyən etməkdir. Əslində Allah-Təalanın bilmədiyi bir şey yoxdur. O, hər kəsin nə etdiyini və edəcəyini olduğu kimi bilir. Məsələ insanın özünün bunu görməsi və gördüyünə, daha doğrusu, özünə və həmcinslərinə şahid olmasıdır.

Deməli, biz dünya həyatımızın ən təməl hərəkət nöqtəsi olan bu imtahan həqiqəti ilə üz-üzə olduğumuzu heç vaxt ağlımızdan çıxarmamalıyıq. Axirətimizin tarlası və cənnətə layiq hala gələ bilməyimiz üçün bir vasitə olan bu imtahan dünyasında bir çox şeylərlə imtahan edilirik. Bəzən bu imtahan aclıq, qıtlıq, mal-mülk, vəzifə-mövqe, sağlamlıq və bəzən də ailəmiz, uşaqlarımızla olur. Övlad sahibi olmaq da, olmamaq da imtahandır. Bu imtahanlardan, sıxıntılardan, çətinliklərdən peyğəmbərlər də uzaq qalmamışdılar. Hətta başda sevgili Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) olmaqla, həyat hekayətləri Quranda qeyd edilən peyğəmbərlərə baxdığımız zaman hər birinin dünya həyatında çox böyük çətinliklərlə üzləşdiyinin şahidi oluruq.

Həzrəti Məhəmmədin 13 illik Məkkə həyatında çəkdiyi çətinliklər, Uhudda, Rəci və Biri-Maunə faciələrində yaşadığı dərin kədər, Həzrət Əyyubun xəstəliyi, Həzrət Yaqub və oğlu Həzrət Yusifin başına gələn hadisələr, Həzrət Lutun, Həzrət Musanın və Həzrət İsanın qövmlərindən çəkdikləri əziyyətlər və buna bənzər hadisələr bu imtahana nümunədir.

Həzrət İbrahim də dünya həyatında böyük imtahan yaşamış, atəşlə imtahan edilmişdi. Bu asan, bəsit və adi bir imtahan deyildir. Həzrət İbrahim atəşə atılacağını və odda yanacağını bilə-bilə imanından üz çevirməmişdi. O, Allaha inanmış, Ona güvənmiş, etibar etmiş, köməyi, sadəcə, Ondan gözləmişdi. Bunun nəticəsində də Allah atəşə "Ey atəş! İbrahimə qarşı sərin və xətərsiz ol!" (əl-Ənbiya, 21/69) deyə əmr etməklə, atəş könül rahatlığı ilə ibadət ediləcək bir bağa çevrilmişdir. Bu hadisəni görən inkarçılar, başda Nəmrud olmaqla, əvvəlcə, çox təəccüblənmişdilər. Allaha və Həzrət İbrahimin peyğəmbərliyinə inanacaqları yerdə, digər nümunələrdə olduğu kimi, yenə də inkara davam etmişdilər. Biz bu hadisədə qəlbdən inanaraq, sadəcə, Allaha güvənib, Ona etibar edərək, köməyi, sadəcə, Ondan gözləyənlərin sonunun və mükafatının necə olduğunu açıq şəkildə görürük.

Biz də hər zaman Allaha inanıb, köməyi daima Ondan gözləməli və imanımızı Həzrət İbrahimin imanı kimi möhkəm tutmalıyıq. Bu imtahan dünyasında çətinə düşdüyümüz zaman, kiçik problemlərlə və ya çətinliklərlə üzləşdiyimizdə dərhal Allaha qarşı üsyan bayrağını qaldırmamalıyıq. Biz hər günümüzlə, hər vəziyyətimizlə imtahan edildiyimizi əsla unutmamalıyıq. Dünya həyatında atəşin içinə atılaraq diri-diri yandırılmaqdan daha böyük imtahan nə ola bilər axı? Başımıza bir bəla, müsibət, çətinlik gəldiyi zaman səbir etməli, çətinliyimizi aradan qaldırması üçün böyük Allaha əl açıb yalvarmalıyıq.
"Zaman Azərbaycan"